Məşhur rus səyyahı Afanasi Nikitin müsəlman imiş? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 13-11-2015, 21:44 | Şərh sayı: (0) | Baxılıb: 440
Məşhur rus səyyahı Afanasi Nikitin müsəlman imiş?
XV-XVI əsrlər tarixdə coğrafi kəşflər əsri kimi tanınır. Məhz həmin dövrdə dünyanın ən ucqar nöqtələri elm aləminə məlum olmuş və xəritəyə salınmışdır. Orta əsr səyyahları arasında özünəməxsus yerə malik olan, Kolumb, Magellan, Ameriqo Vespuççi kimi tədqiqatçılarla bir sırada adı çəkilən şəxsiyyətlərdən biri də məşhur rus səyyahı Afanasi Nikitindir.
Öz yazılarından məlum olduğu kimi, Afanasi Nikitinin əsas məqsədi Şərq bazarlarında rus malına olan tələbatı öyrənmək idi. Onun səyahətləri 1466-cı ildə başlamış və təqribən 8 il davam etmişdir. Məhz həmin ildə Nikitin daha bir neçə tacirlə birlikdə iki gəmidə qədim rus şəhəri Tveri tərk edib, Volqa çayı boyunca cənub istiqamətində yola düşür. Həştərxan yaxınlığında yerli hakimlə aralarında yaranmış anlaşılmazlıq üzündən tacirlərin gəmiləri qarət olunur. Nikitin yoluna davam edib, əvvəlcə Dərbəndə, oradan da "sönməyən alovun yandığı" Bakıya gəlir. Sonra o, şimaldan cənuba İran torpaqlarını arxada qoyaraq, dəniz yolu vasitəsilə Hindistana keçir. Müflisləşmiş səyyah Hindistan torpağında yolun hər qarışını min bir əziyyətlə qət edirdi. Yol boyu xırda ticarətlə məşğul olan Nikitin öz yol xərcini çətinliklə təmin edə bilirdi. Hindistanda yüksək qiymətə sata biləcəyi ümidi ilə aldığı cins atla hərəkət etmək də əlavə çətinliklər törədirdi. Nəhayət, səyyah Hindistanın mərkəzi vilayətlərini idarə edən müsəlman Bəhmənilər dövlətinin paytaxtı Bidar şəhərinə gəlir. Nikitin burada Bəhmənilərin böyük vəziri, bacarıqlı sərkərdə və bilikli alim kimi tanınan Mahmud Havanla tanış olur. Məhz böyük vəzirin nüfuzu sayəsində o, radikal düşüncəli bəzi yerli hakimlərin təzyiqlərindən amanda qalır. Üç il Hindistan torpaqlarında gəzib-dolaşdıqdan sonra Nikitin Vətənə qayıtmaq qərarına gəlir. O, İran və Türkiyədən keçərək, Qara dəniz vasitəsilə Rusiya ərazisinə daxil olur, amma öz şəhəri Tverə çatmadan Smolensk yaxınlığında vəfat edir.
Afanasi Niktininin səyahəti həm də ona görə müstəsna əhəmiyyət daşıyır ki, o, Avropadan Hindistana gedən dəniz yolunu kəşf etmiş Portuqaliya səyyahı Vasko da Qamadan 25 il əvvəl Hindistanda olmuşdur. Nikitin öz səfər xatirələrini "Üç dəniz arxasına səyahət" adlı gündəlikdə qeyd edirdi. Səyyah öz zəmanəsi üçün fantastik sayıla biləcək məsafə qət edərək, 3 dənizi üzüb keçmişdi. Bunlar Xəzər dənizi, Ərəbistan dənizi və Qara dəniz idi.
Afanasi Nikitinin vəfatından dərhal sonra onun səfər gündəliyi Moskva knyazının katibi Vasili Mamıryovun əlinə keçmiş, artıq XV əsrin sonlarında Rusiyanın Salnamələr məcmuəsinə daxil edilmiş, II Sofiya və Lvov salnamələrində öz əksini tapmışdı.
Hər şeydən öncə onu qeyd etmək lazımdır ki, Afanasi Nikitinin səfər gündəliyinin mətni katiblər və xristian rahibləri tərəfindən dəfələrlə köçürüldüyü üçün, müəllifin orijinal əlyazması bizə gəlib-çatmamışdır. Hal-hazırda gündəliyin 3 mötəbər əlyazma nüsxəsi məlumdur: Salnamələr, Troitsa və Suxanov nüsxələri. Bu nüsxələr arasında kifayət qədər fərqlər mövcuddur. Elə bu fərqlər kitabın mətninin sonralar dəyişiklik və təhriflərə məruz qaldığını göstərir. Lakin bütün bu təhriflərə baxmayaraq, əsərdə diqqət çəkici xeyli məqamlara rast gəlmək mümkündür.
Nikitin gəzdiyi ölkələrdə əhalinin dini inancları, adət-ənənələri və məşhur ziyarətgahlarla maraqlanırdı. Onun hinduizm dinində əsas ziyarətgahlardan sayılan Parvat məbədinə getməsi və orada keçirilən ibadət mərasimini ətraflı təsvir etməsi dediklərimizə sübutdur. Gündəlikdəki yazılardan məlum olur ki, o, fars, türk və hind dillərini kifayət qədər öyrənməyə nail olmuşdu. Ümumiyyətlə Afanasi Niktini hər şey maraqlandırırdı: geyim dəbləri, yeməklər, silahlar, müharibə qaydaları, heyvanat və bitki aləmi, bazarlardakı vəziyyət və s."Üç dəniz arxasına səyahəti" oxuyarkən, kitabın mətni boyunca müəllifin dini baxışlarının nə qədər təbəddülata uğradığının şahidi oluruq. Nikitin öz gündəliyini xristian əqidəsinə uyğun olan dua ilə başlayır və səfərə çıxarkən həm xristian keşişlərindən, həm də yerli knyazlardan xeyir-dua aldığını bildirir. Lakin gündəliyin sonrakı səhifələrində müəllifin xristian dininə bağlılığını nümayiş etdirən sübutlar getdikcə azalır, bunun əvəzinə Nikitinin müsəlmanlara və İslam dininə rəğbətini göstərən ifadələr görünməyə başlayır.
Afanasi Nikitinin Hindistanda keçirdiyi günlər haqqında xatirələrində bir maraqlı məqam diqqətə layiqdir. Səyyah səfərinin lap əvvəlində bütün əmlakını, o cümlədən kitablarını və təqvimini də itirdiyi üçün, xristian dini ayinlərini vaxtında icra etməyə çətinlik çəkirdi. Müsəlman Bəhmənilər dövlətində hicri təqvim işləndiyinə görə, xristian dini ayinlərinin miladi təqvimlə vaxtını dəqiq bilmək səyyah üçün qeyri-mümkün idi. Buna görə Afanasi Nikitin bir müddət təqribi hesablamalar vasitəsilə xristian təqviminin əlamətdar günlərini təyin edir və dini ayinləri yerinə yetirir. Maraqlıdır ki, bu zaman Nikitin Tanrıya müsəlman duaları ilə müraciət edirmiş. Dua orijinalda belə səslənir: "Tanqrıdan istremen ol saklasın. Ollo xudo, ollo akber, ollo raqim, ollo kerim. Tanqrısen, Xudo sensen".
Bir müddət keçdikdən sonra Afanasi Nikitin xristian ayinlərinin vaxtını təqribi də olsa təyin etmək fikrindən əl çəkir və müsəlmanlarla birlikdə dini ayinləri icra etməyə başlayır. O yazır: "Muhəmməd Rəsulullahın dininə əsasən, müsəlmanların ulu bayramından bir ay əvvəl Bidardan çıxdım. Pasxa, İsanın dirilməsi bayramları nə vaxtdır bilmirəm. Müsəlmanlarla birlikdə onların oruc vaxtında oruc tutdum, onlarla eyni vaxtda orucumu qurtardım". Diqqət yetirin ki, burada müəllif İslam peyğəmbərini müsəlman əqidəsinə tam uyğun olaraq "Rəsulullah", yəni Allahın elçisi adlandırır.
Afanasi Nikitinin yerli müsəlman feodalı Məlik Həsən Bəhri ilə görüşünün təsviri də gündəliyin maraqlı hissələrindəndir. Məlik səyyaha təklif edir ki, İslam dinini qəbul etsin. Lakin mətndən görünür ki, bu təklif məcburi deyildi. Nikitin həmin söhbətdən sonra qəlbində yaranmış təlatümü bu sözlərlə təsvir edir: "Vay mənim halıma! Düz yoldan azmışam, bilmirəm ki, hansı yolla gedim. Ey hər şeyə qadir olan, yeri-göyü yaradan Tanrı! Öz bəndəndən üz çevirmə, məyusluq içindəyəm. İlahi, mənə rəhmin gəlsin, axı, məni sən yaratmısan. Məni düzgün yoldan döndərmə. İlahi, məni öz düzgün yoluna hidayət et. Mən ehtiyac üzündən sənə yaxşı bəndəlik etməmişəm, günlərimi şər içində yaşamışam". Dua bu sözlərlə qurtarır: "Allah pərvərdigar, Allah sənsən. Kərim Allah, rəhim Allah, əlhəmdulillah". Bu ifadələr müəllifin qəlbində öz keçmiş əqidəsinə qarşı şübhələrin yarandığını və onun "düzgün yol" - siratəl-müstəqim axtarışında olduğunu göstərir.
Qeyd etdiyimiz kimi, Afanasi Nikitinin gündəliyi lap əvvəldən xristian rahiblərin əlinə keçdiyi üçün, onun mətnində xeyli uyğunsuzluqlar mövcuddur. Belə ki, burada xristian əqidəsi ilə müsəlman əqidəsini bildirən ifadələr bir-birinə qarışıb. Bəzi yerlərdə müəllifin dilindən söylənən və İsa Məsihi tanrı kimi vəsf edən cümlələrə rast gəlinir. Bəzən isə Nikitinin obrazı böyük çətinliklə öz əqidəsini qoruyan təəssübkeş xristian təsiri bağışlayır. Məşhur amerikalı tədqiqatçı Lenkoff və başqaları bu cümlələrin xristian katiblər tərəfindən mətnə sonradan əlavə edildiyini bildirirlər.
"Üç dəniz arxasına səyahət", müəllifin əhatəli bir duası ilə sona çatır. Bu duanın mətninin mövzu ilə bağlılığını nəzərə alaraq, onu orijinalda olduğu kimi səsləndiririk: "İsa rux ollo, alik solom. Ollo akber. La iləqila illollo. Ollo pervordiqer. Alxamdu lillo, şukur xudo afatad. Bismilnaqi raxman irraqim. Xuvo muqu ləzi lə iləqu illə quə. Alimul-qaybi va şaqadati. Xuva raxmanu raqim. Xuva moqu ləzi lə iləqa illəxu". Zənnimizcə, bu sözlərin tərcüməsini söyləməyə ehtiyac yoxdur. Yalnız İsanın xristianlıqda olduğu kimi, "Allahın oğlu" deyil, əsil müsəlman əqidəsincə, "Allahın ruhu" adlandırıldığını vurğulamaq istərdik. Duanın sonunda isə azacıq təhrif olunmuş şəkildə Allah-təalanın gözəl adlarından 28-i çağırılır: əl-Məlik, əl-Quddus, əs-Səlam, əl-Mömin, əl-Muheymin, əl-Əziz, əl-Cabbar, əl-Mutəkəbbir, əl-Xaliq, əl-Bari, əl-Musəvvir, əl-Ğafir, əl-Qəhhar, əl-Vahid, ər-Raziq, əl-Faiq, əl-Alim, əl-Qabiz, əl-Basit, əl-Hafiz, ər-Rəfi, əl-Məvuf, əl-Muzill, əs-Səmi, əl-Bəsir, əl-Qaim, əl-Adil, əl-Lətif!". Kitabın sonluğunu təşkil edən bu müqəddəs kəlmələr sanki bir müsəlmanın ölümqabağı söylədiyi kəlmeyi-şəhadət cümlələrini xatırladır.
Sonda bu məşhur rus səyyahının İslamı qəbul etməsi barədə gətirilən sübutlara inanıb-inanmamağı oxuyucuların öz öhdəsinə buraxırıq. Yalnız bunu xatırlatmaq istərdik ki, Afanasi Nikitindən təqribən 30 il əvvəl Hindistana səfər etmiş italyan səyyahı Nikola de Konti də Hindistanda İslamı qəbul etmiş və orada evlənərək bir müddət yaşamışdı.
Məqalədə Zurab Hacıyevin "Исламская цивилизация" internet jurnalında dərc edilmiş məqaləsindən və başqa mənbələrdən istifadə edilmişdir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər