Әhli-Beyt Və Hüseynin Turbəti |
Müəllif: Nokeri-Huseyn | Bölmə: Əhli Beyt (ə.s.) | Vaxt: 30-09-2013, 06:54 | Şərh sayı: (4) | Baxılıb: 4439
Әhli-Beyt Və Hüseynin Turbəti
Peyğəmbərin Әhli-beyti də, öz növbəsində, namazlarında şəhidlər ağası İmam Hüseynin (ə) türbəti üzərinə səcdə etmiş, bu türbətdən düzəldilmiş təsbehlə Allaha həmd-səna etmiş və insanlara İmam Hüseyn (ə) türbətinin Allah dərgahında fəziləti, əzəməti haqda danışmışlar.
İlk dəfə bu türbət üzərinə İmam Zeynəlabidin səcdə etmişdir (O, Allah rəsulunun tə`yin etdiyi dördüncü xəlifə və canişindir).
Rəvayət olunur ki, İmam Zeynəlabidin (ə) atası İmam Hüseyni (ə) dəfn etdikdən sonra bu türbətdən bir ovuc götürərək özündə saxlamışdır ki, namazında bu türbət üzərinə səcdə etsin və ondan təsbeh düzəldib Allaha həmd-səna etsin.
Әsirlər, Allah düşməni Yezid ibn Müaviyənin Şam şəhərindəki qəsrinə gətiriləndə, imam Zeynəlabidinin əlində Kərbəla torpağından düzəldilmiş təsbeh var idi. Yezid bu təsbeh haqqında soruşanda İmam (ə) belə cavab verdi: “Cəddim (Rəsulullah) xəbər vermişdir ki, kim Kərbəla türbətindən düzəldilmiş təsbehi özü ilə gəzdirərək Allaha dua edərsə, Allah o şəxsə savab əta edər. Hətta dua etməsə belə onun üçün savab yazılar.”
İmam Zeynəlabidin (ə) Mədinəyə qayıtdıqda namazlarının səcdəsini bu türbət üzərinə etmiş və bu türbət vasitəsilə xəstələrə şəfa vermişdir. Bu xəbər Әləvilər və Әhli-beyt (ə) yolu ilə gedən digər mö`minlər arasında yayılmışdır.
İmam Zeynəlabidindən (ə) sonra, oğlu Muhəmməd Baqir (ə) insanlara İmam Hüseyn (ə) türbətinin fəzilətindən danışmış və bu türbətin əzəmətini, dəyərini qeyd etmişdir.
Daha sonra, imam Cə`fər Sadiq (ə) bu türbətin müqəddəsliyini, digər türbətlərdən üstünlüyünü insanlara bəyan etmiş və bu türbət üzərinə edilən səcdəni Allah dərgahında bəyənildiyini (müstəhəb olduğunu) bildirmişdir.
İmam Sadiq (ə) sarı yaylığının içərisində Hüseyn türbətini saxlayar və namaz qılanda bu türbət üzərinə səcdə edər və deyərdi: “Həqiqətən də Hüseyn (ə) türbəti üzərinə edilən səcdə göyün yeddi təbəqəsini dəlir.”
Başqa bir hədisdə deyilir ki, İmam Sadiq (ə) Allah əzəməti qarşısında öz kiçikliyini və acizliyini göstərmək üçün İmam Hüseyn (ə) türbəti üzərinə səcdə edərdi.
İmam Sadiq (ə) bizlərə yadigar olaraq gəlib çatan başqa bir hədisində belə nəql edir: “Hüseyn (ə) qəbrinin türbətinə edilən səcdə göyün yeddi təbəqəsini nurlandırır. Kim ki, Hüseyn (ə) qəbrinin türbətindən düzəldilmiş təsbihi özü ilə gəzdirərsə həmin şəxsə hətta dua etməmiş olsa da belə, savab yazılar.”
Başqa bir hədisdə İmam Sadiq (ə) belə buyurmuşdur: “Allah rəsulunun qızı Fatimənin təsbihi düyünlənmiş yun ipdən idi. Xanımın bu təsbihi əlində gəzdirərək onunla Allaha həmd-səna göndərirdi. Lakin Həmzə ibn Әbdülmüttəlib şəhid olandan sonra Xanım Zəhra Həmzənin şəhadətə yetdiyi yerdən torpaq götürüb təsbeh düzəltmişdi. Camaat da o həzrət kimi o türbətdən özlərinə təsbeh düzəltməyə başladılar. Elə ki, Hüseyn (ə) qətlə yetirildi, camaat imam Hüseynin (ə) qətlə yetirildiyi yerdən torpaq götürüb təsbeh düzəltməyə başladı. Çünki bu torpağın fəziləti daha böyükdür.”
İmam Sadiqin (ə) yaşadığı zamandan heç bir əsr keçmədi ki, müsəlmanlar, Әhli-beyt yolunun davamçıları İmam Hüseyn (ə) türbətindən möhürlər düzəldərək məscidlərdə, evlərdə namaz qılarkən səcdələrini onun üzərinə edir, bir yerə səfər edərkən bu türbətdən düzəldilmiş möhürləri özləri ilə götürərdilər. Bu adət və fəzilətli əməl bizim yaşadığımız günlərədək davam etmiş və edəcəkdir.
Rəvayət olunur ki, Әl-Hişyəri adlı bir nəfər imam Mehdiyə (ə) sual yazaraq Hüseyn (ə) qəbrinin türbətindən hazırlanmış möhürə səcdə və bu möhür üzərinə səcdənin savab və fəziləti haqqında soruşduqda, İmam Mehdi (ə) (Allah onun zühurunu yetirsin) bu şəxsə belə cavab verdi: “Hüseyn türbəti üzərinə səcdə caizdir və bu səcdədə fəzilət vardır.”
HÜSEYN (Ә) TÜRBӘTİ ÜZӘRİNӘ EDİLӘN SӘCDӘNİN ӘHӘMİYYӘTİ
İmam Hüseyn (ə) türbəti üzərinə edilən səcdə digər türbətlər üzərinə edilən səcdədən aşağıda qeyd edəcəyimiz xüsusiyyətlərə görə fərqlənir:
1.Qeyd etdiyimiz həqiqətlərdən göründüyü kimi, İmam Hüseyn (ə) qəbrinin türbətinə edilən səcdə daha üstün və kamildir. Bu türbət üzərinə edilən səcdənin əcr və savabı böyükdür.
2.İmam Hüseyn (ə) türbəti üzərinə səcdə edən kəs İmamın əzəmətini, rəşadətini, Allah yolunda etdiyi cihadı, İmamın şəhadətini xatırlayaraq onda dinə məhəbbət, din uğrunda mübarizə hissi oyanır. Bu da şəhidlər ağası İmam Hüseyn (ə) türbəti üzərinə səcdənin mahiyyətini daha qabarıq şəkildə göstərir.
HÜSEYN (Ә) TÜRBӘTİ HAQQINDA
Әziz oxucu, təxminən 350 il bundan əvvəl İranda səfəvi şahlarının hakimiyyəti dövründə baş vermiş bir tarixi hadisəni diqqətinə çatdırmaq istərdik. Hadisə belə olmuşdur: Fransa hakimiyyət orqanları bir nəfər görkəmli şəxsiyyəti səfir işləmək üçün İrana göndərir. Xristian olan bu səfir riyaziyyat, astronomiya və digər elmlərin gözəl bilicisi idi. O, bu elmlər vasitəsilə adamların sirlərini aşkar edə bilirdi. Hesablama yolu ilə hər hansı bir şəxsin sirri barədə mə`lumat verməyi bacarırdı. Səfir bu bacarığı və elmi ilə fəxr edərək qürurunu gizlətmir, özünü başqalarından üstün bilirdi. İş o yerə çatır ki, İslam alimlərini bəhsə, elmi münazirəyə də`vət edir.
Səfəvi şahı xristian səfirlə elmi diskusiya aparmaq üçün din alimlərini saraya də`vət edir. İsfahanda təşkil olunan bu məclisə bir çox alimlər gəlirlər. Məclisi giriş sözü ilə böyük din alimi “Әl-Vafi” kitabının müəllifi Feyz Kaşani açır. Kaşani xristian alimini özündən razı olduğunu gördükdə, ilk andaca onu “yerinə oturtmaq” qəsdi ilə səfirə deyir:
– Dövlətiniz necə də cahil bir dövlətdir. İslam dini haqqında elmi müzakirələr etmək üçün sənin kimi naqis elmlinin birisini göndərmişdir. Dövlətiniz bu münazirəyə səlahiyyətli və elmli bir şəxs tapa bilməmişmi?
Səfir qəzəbli halda deyir:
– Ey İslam alimi! Әgər sən məni və mənim şəxsiyyətimi tanısaydın, bilərdin ki, mənim kimi alim hələ doğulmayıb. Elmi bəhs zamanı sənə bu həqiqəti sübut edərəm.
Feyz Kaşani deyir:
– Eşitmişəm ki, bə`zi riyazi hesablamalar yolu ilə camaatın sirlərindən xəbər verməyi bacarırsan?!
Səfir deyir:
– Bəli!
Bu vaxt Feyz Kaşani əlini cibindən çıxarıb irəli uzadaraq səfirdən soruşur ki, əlimdəki nədir? Səfir fikirləşməyə və zehnində riyazi hesablamalar aparmağa başlayır. Yarım saatdan sonra onun rəngi saralır və üzünün cizgiləri dəyişməyə başlayır. Feyz Kaşani deyir:
– Cahilliyin zahir oldumu?
Səfir cavab verdi:
– Məsihə və onun anasına and olsun ki, sənin əlində nə olduğunu bilirəm. Məni düşündürən başqa şeydir. Səfir bir az sükut etdikdən sonra söhbətinə davam edir:
– Mən bilirəm ki, sənin əlində tutduğun cənnət torpağıdır. Ona görə də fikirləşirəm ki, sən dünyada ola-ola cənnət torpağını necə əldə etmisən! Məni heyrətə salan, dəhşətə gətirən və düşündürən də məhz elə budur.
Feyz Kaşani deyir:
– Yə`qin hesablamalarında çaşqınlığa yol vermisən və bu səbəbdən də səhv etmisən. Bir daha hesabla və nəticəni dəqiqləşdir.
Səfir deyir:
– Yox! Məsihə və onun anasına and olsun ki, mən səhv etmirəm.
Feyz Kaşani dedi:
– Әlimdəki Kərbəla türbətidir. Peyğəmbərimiz Məhəmməd (s) buyurmuşdur: “Kərbəla cənnətin bir parasıdır.”
İndi Allah rəsulu Məhəmmədin (s) peyğəmbərliyinin düzgünlüyü sənə sübut oldumu? E`timad etdiyin hesablamalardan aydın oldu ki, İslam Allahın dini, Məhəmməd isə onun rəsuludur. Belə olan təqdirdə İslam dinini qəbul etməyinə bir maneə varmı? Yoxsa, bundan da artıq dəlil və açıqlamaya ehtiyacın var? Sənin öz hesablamaların İslam dininin düzgünlüyünə daha bir dəlil deyilmi?!
Səfir bir qədər fikrə gedir. Həqiqət artıq bəlli idi. O, ayağa qalxaraq dedi: – Şəhadət verirəm ki, Allahdan başqa Allah yoxdur və şəhadət verirəm ki, Məhəmməd Onun Rəsuludur.
Beləliklə, bu səfir İmam Hüseyn (ə) türbətinin bərəkətilə İslam dinini qəbul edir.
Bu tarixi hadisə doğrudan da çox maraqlı bir mə`nanı çatdırır. Әhli-beytə olan məhəbbətimizi, əqidəmizi daha da möhkəmləndirir. İmam Hüseynə (ə), onun türbətinə olan ehtiramı bir daha qəlblərdə işıqlandırır. Buradan başa düşürük ki, Hüseyn türbəti yer üzərində olan bütün türbətlərin ən üstünüdür.Müəllif.Seyyid Məhəmməd İbrahim əl-Müvəhhid əl-Qəzvini.
Hazirladi Islam Araşdirmalar Qrupu.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər