Əli (ə) nə üçün səbr edirdi? |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 13-10-2015, 01:19 | Şərh sayı: (0) | Baxılıb: 385
Əli (ə) nə üçün səbr edirdi?
«Nəhcul-bəlağə» kitabından oxuduğumuz «Şiqşiqiyyə» xütbəsi Әli (ə)-ın necə səbr etməsi, bu səbrin ilahi bir məsləhət olduğunu açıq şəkildə bəyan edirdi.
Bəzi təəssübkeş alimlər bu xütbənin bir iftira olduğunu və məşhur şiə alimi Seyyid Rəzi (Nəhcül-bəlağəni toplayıb yazan) tərəfindən qondarıldığını deyirlər. Lakin insaf və imanı hər şeydən üstün tutan əhli-sünnə alimlərinin kitabları bu iddianı təkzib edir.
Uzun illər Misirin müftisi olmuş Şeyx Məhəmməd Әbduh «Tarixul-uməmil-islamiyyə» kitabında bu xütbənin mötəbər olduğunu etiraf etmiş və ona geniş şərh vermişdir.
İbni Xişab ləqəbi ilə məşhurlaşan Şeyx Әbu Әbdillah ibni Әhməd yazır:
«Mən bu xütbəni Seyyid Rəzi dünyaya gəlməmişdən 200 il öncə yazılan kitablarda görmüşəm».
Kəmaləddin ibni Әli ibni Meysəm Bəhrani yazır:
«Mən bu xütbəni Zəyr ibni Fürat və mötəzilə şeyxlərindən olan Әbu Cəfər ibni Qubbənin dəsti-xətti ilə oxumuşam. Onlar Seyyid Rəzi dünyaya gəlməmiş vəfat etmişdilər».
Bu xütbəyə geniş şərh yazmış İbni Әbil Hədid Möətzili «Şərhu-nəhcil-bəlağə» kitabında yazır:
«Mən bu xütbəni Abbasi xəlifəsi Muqtədir-billahın dövründə yaşamış mötəzilə imamı Әbulqasim Bəlxinin kitablarında dəfələrlə görmüşəm».
«Şiqşiqiyyə» xütbəsinin mötəbər olması və Әli (ə)-ın xilafətin qəsb olunması ilə heç zaman razı olmadığı bütün elm əhlinə məlumdur.
Ötən bəhsimizdə əziz oxuculara söz verdik ki, Әli (ə)-ın xilafətlə zahirən razılaşmasının siyasi bir zərurət olduğunu açıqlayaq.
Maraqlıdır, görəsən bütün döyüşlərdə öz şücaəti ilə fərqlənən və «Әsədullah» (Allahın aslanı) ləqəbini alan Әli (ə) bu xilafətin qeyri-qanuni olduğunu bildiyi halda nə üçün səbr edir, öz hüquqlarını müdafiə etmirdi? Şübhəsiz ki, söhbət silahlı qiyamdan gedir. Әli (ə)-ın öz hüquqlarını elmi şəkildə, müasir ifadə ilə desək, mədəni mübarizə yolu ilə müdafiə etdiyini ötən bəhslərimizdə açıqladıq. O həzrətin ağır iztirablara dözməsini və hüquqlarının tapdalanmasına səbr etməsini isə aşağıdakı səbəblərlə izah etmək olar:
1.Әli (ə)-ın silahlı qiyama əl atması o həzrətin ətrafında olan vəfalı səhabələrin, onun vilayət və imamətinə sadiq olan möminlərin kütləvi qırğınına səbəb ola bilərdi.
Həmçinin o həzrətin imaməti ilə razılaşmayan, lakin küfr və bütpərəstliyin qarşısında möhkəm sipər kimi dayanan səhabələr bu döyüşdə həlak ola bilərdilər. İbni Әbil Hədid «Şərhu-nəhcil-bəlağə» kitabında Әli (ə)-ın bu məsələyə toxunduğu bir xütbəni yazmışdır:
«Allah-taala Öz Rəsulunun ruhunu cismindən ayırdığı gündə, Qüreyş lovğalıqla özünü bizdən önə çəkdi. Biz ümmətə rəhbər olmağa layiq olduğumuz halda bizi öz haqqımızdan məhrum etdilər. Amma mən gördüm ki, səbr etmək, müsəlmanlar arasına ixtilaf salmaqdan, onların qanının tökülməsindən yaxşıdır».
2.Məlum olduğu kimi müsəlmanların böyük əksəriyyəti Peyğəmbərin (s) ömrünün son illərində iman gətirmişdilər.
Xüsusilə Məkkənin fəthindən sonra bir çox müşriklər müsəlman olmuş və heç şübhəsiz ki, onların arasında canını və malını qorumaq üçün iman gətirənlər də az deyildi.
Qurani-Kərim müsəlmanların böyük əksəriyyətinin Məkkənin fəthindən sonra iman gətirdiklərini bəyan edir:
«Allahın nüsrət və qələbəsi gəldikdən sonra xalqın dəstə-dəstə dinə döndüklərini görərsən...» .
Peyğəmbərin (s) vəfat xəbərini eşidən kimi ayrı-ayrı yerlərdə yeni iman gətirmiş müsəlmanlar İslamdan üz döndərib mürtəd olmağa başladılar. Onlar hətta qoşun toplayaraq Mədinəyə hücum etmək fikrinə düşdülər.
Belə bir zamanda Allahın müqəddəs dinini öz canından artıq sevən Әli (ə) əlinə silah götürüb qiyam edə bilməzdi. İbni Әbil Hədid Әli (ə)-ın yazdığı bir məktubu öz kitabında qeyd etmişdir:
«Mən əl saxladım, çünki öz gözlərimlə görürdüm ki, bir dəstə İslamdan üz döndərib Məhəmmədin (s) dinini məhv etmək istəyir. Qorxdum ki, İslam və müsəlmanlara kömək etməsəm, İslamın parçalanmasına, məhv olmasına şahid olacağam. Bu müsibət xilafət hüququndan məhrum olmaqdan daha böyük idi....»
3.Bütün tarixçilərə məlumdur ki, İslam hakimiyyəti qurulan gündən Rum imperiyası bu hakimiyyətin qarşısında ciddi bir təhlükə kimi dayanırdı. Peyğəmbərin (s) vəfatından sonra bu təhlükə əvvəlkindən daha da reallaşmışdı. Bu xristian imperiyasının müqabilində bütün müsəlmanlar birləşməli, ixtilafları kənara qoymalı idilər. Belə bir zamanda təbii ki, Әli (ə) müsəlmanlarla həmfikir olmaq əvəzinə, yeni bir bayraq götürüb İslam xilafətinə qarşı çıxa bilməzdi.
Әli (ə)-ın belə bir həssas zamanda İslama ürək yandırıb birinci xəlifəyə Rum imperiyası ilə döyüş barədə məsləhətlər verməsini əhli-sünnə tarixçisi İbni Vazeh Yəqubi «Tarixi Yəqubi» kitabının 3-cü cildində yazmışdır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər