Halal "Hacı pivəsi": adı tərkibi ilə uzlaşırmı? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 1-10-2015, 02:42 | Şərh sayı: (0) | Baxılıb: 355
Halal "Hacı pivəsi": adı tərkibi ilə uzlaşırmı?
Eyyub Hüseynov: "İçkinin adı pivədirsə, onda standarta görə, gərək tərkibində mütləq alkoqol olsun"
Hacı Şahin Həsənli: "Bilmirəm, nəyə görə ona "Hacı pivəsi" deyilir..."
Bu söz birləşməsi dilimizə çoxdan yer tapıb və vəsiqə də qazanıb - "Hacı pivəsi"... Ölkədə dini meyllərin artması ilə bu içki növü də mağazaların piştaxtalarında yer almağa başlayıb. Və təkcə Azərbaycanda yox. Hazırda dünyanın müxtəlif ölkələrində tərkibində alkoqolun dərəcəsi 3, 6, 9 və 12 faiz olan pivələr istehsal olunur. Spirtli içkilərdən imtina edən şəxslər üçün tərkibində alkoqol olmayan xüsusi pivə növü də hazırlanır. Elə sonuncunun adına da el arasında "Hacı pivəsi" deyirlər.
Milli.Az musavat.com-a istinadən bildirir ki, "Economist" jurnalının hazırladığı bir məqalədə göstərilib ki, Orta Şərqdə alkoqolsuz pivəyə xüsusi diqqət var. 2013-cü ildə 1.1 milyard litr miqdarında pivə istehsal olunub. Bu rəqəm 5 il öncəsi ilə müqayisədə 80 faiz artıb. Rəqəmlərlə daha detallı danışaq: 2012-ci ildə iranlılar 2007-ci illə müqayisədə 4 qat daha çox spirtsiz pivə istehlak ediblər. Səudiyyə Ərəbistanı, Misir və Birləşmiş Ərəb Əmirliklərində də istehlakçıların spirtsiz pivəyə yönəlik damaq zövqü artmaqdadır. Amma sözügedən bölgədə spirtli içki hələ də daha çox satılır.
İran firması "Behnuş"ün istehsal etdiyi Delster pivəsi 1979-cu il İslam inqilabının ardınca spirtsiz versiyada istehsal olundu. Qəzzada Həmasın 2005-ci ildə seçilməsinin ardınca fələstinli bira firması Taybeh də rəngi yaşın olan "halal pivə" istehsal etməyə başladı.
Dubaydan "Euromonitor" araşdırma firması üçün işləyən Maii Abdul-Rahmen isə satışların artmasını istehlakçıların dəyişən arzuları ilə əlaqələndirir. Livanlı spirtsiz pivə istehlakçısı Lazizanın marka yönəticisi Guilda Saberin isə bu məsələdə fərqli yanaşması var. O, hesab edir ki, pivə içmək də "Coca Cola" və ya meyvə suyu içmək kimi qlobal yaşam tərzi istəyilə bağlıdır.
Amma spirtsiz içki istehsalçılarının miqdarı artdıqca firmalar da fərqli bazar axtarışına çıxırlar. Məsələn, Moussy reklamlarında modaya uymağa çalışan bir qrup kişi və qadın çimərlikdə içərkən göstərilir. Birell isə kişilərə daha çox xas olan bir görüntü tərcih edib: alkoqolsuz pivənin reklamında futbol matçı izləyən bir qrup kişi yanlarından keçən bir qadının arxasınca baxır.
Bəzi pivə istehsalçıları hesab edirlər ki, bölgədə dini meyllərin artması ilə onların məhsullarına da maraq artır. Məsələn, normal halda spirtli pivə istehsaı edən "Türk-Efes" 2011-ci ildə "Efes Zeroy"u satışa çıxarıb. Digər firmalarsa narahatdılar ki, istehlakçılar dini inanclarını daha da dərinləşdirəcəkləri halda Qərbdən gələn hər şeyə arxalarını çevirəcəklər.
Dosye xarakterli məlumatlarda isə göstərilib ki, spirtsiz pivə də arpadan alınır. Spirtsiz olduğundan ondan istifadəyə şəriət icazə verir. Dini baxımdan heç bir qadağa yoxdur. dini ekspertlər hesab edir ki, "Hacı pivəsi"nə görə dindarlara irad tutulması yanlışdır. Tərkibində alkoqol olmayan içkinin istehlakı məqbuldur. Quran və hədislərdə yalnız ağlı başdan aparan, insan iradəsinə təsir edən içkilər, xüsusilə də şərab isə haram sayılır. Bundan başqa, Səudiyyə Ərəbistan və Misirli din adamları müsəlmanların alkoqolsuz pivə içməsinin caiz olması ilə bağlı fətvalar yayımlayır.
****
"Məşədi Dadaş" məscidinin imam camaatı, "Mənəvi dünya" ictimai birliyinin sədri, ilahiyyatçı Hacı Şahin Həsənli aktual.az-a bildirib ki, bu içki bir çox müsəlman ölkələrində istehsal olunur və istifadə edilir: "Pivənin tərkibi arpa suyudur, spirti yoxdursa, şəriət alimləri onun içilməsini qadağan etmir. Bu cür pivə bir çox müsəlman ölkələrində istehsal olunur. Ancaq bilmirəm, nəyə görə ona "Hacı pivəsi" deyirlər. Şəriətin göstərişinə görə, içkidə alkoqol yoxdursa, istifadə etmək olar".
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblının sözlərinə görə, bu pivələrdə alkoqol "0" faizdir: "O sahədə vəziyyət problemsizdir. Nəzarət tədbirləri aparılıb və heç bir problem yoxdur. Həqiqətən də, normativ sənədlər var və müvafiq sənədlərlə təmin olunub. Pivənin keyfiyyəti standarta uyğundur". O məhsulların keyfiyyətini təsdiq edən sənədlər varsa, təbii ki, onu qəbul etmək olar".
Amma dünyada bu "halal içki" söhbətinin şitini çıxaranlar da var. Belə ki, xüsusən Avstraliyada yaşayan müsəlman kəsimi hədəf seçən bəzi firmalar "halal şampan" istehsal edirlər. Onlardan biri internet səhifəsində "çox özəl, spirtsiz içki, əvəzsiz dadı və halal standartlarına görə istehsal edilib. Qızılı-sarı rəngi və ən keyfiyyətli üzüm dadı ilə həyatınıza yeni bir dad gəlsin" şüarı ilə bazara çıxarılıb. Amma firmanın bu həmləsi Avstraliyadakı müsəlman toplumu içində "spirtsiz olsa da, bir içki halal ola bilərmi" dartışmasını gündəmə gətirdi. Məhsul üçün Almaniyada halal məhsul sertifikatı alınması isə dartışmanı alovlandırdı.
Firma təmsilçiləri isə bildiriblər ki, tərkibində spirt olmayan məhsullar bir qayda olaraq halal sayılır. Onlar bununla bağlı Almaniyadakı "İslamisches Zentrum Hamburg e.V" adlı dərnəkdən sertifikat da alıblar.
Azad İstehlakçı Hüquqları Birliyinin sədri Eyyub Hüseynov isə mediaya açıqlamasında bildirib ki, hazırda yalnız Azərbaycanda deyil, bütün dünyada halal məhsullarla bağlı istehlakçıların aldanması prosesi gedir: "Ən qatı xristian ölkələrində, Cənubi Afrikanın xristian hissəsində, hətta Ermənistanda da halal mal nişanı ilə məhsul satılır. Azərbaycanda "Halal" mal nişanı ilə 20-yə yaxın mallar var. Bu bazarın belə geniş spektrdə olması və izlənmə prosesinin olmaması dindar istehlakçıların aldadılması ilə nəticələnir".
E.Hüseynov deyir ki, dövlət orqanının funksiyasını mənimsəyən dini qurumun belə standart verməsi qeyri-qanunidir. "Düzdür, yəhudilərdə belə bir təcrübə var. Amma orada ravvinlər gecə-gündüz istehsal prosesini izləyirlər. Tarladan istehlakçının stolunun üstünə qədər izləyirlər. Bizdə belə bir izlənmə sistemi yoxdursa, bir kağız parçası verməklə istehlakçını aldatmaq düzgün deyil".
E.Hüseynov hesab edir ki, halal standartını HASSP sisteminin üzərində qurmaq olar. Bu, malın ekoloji təmizliyini izləyən bir sistemdir. "Əgər bura halal izləmə sistemi də əlavə olunsa, onda natural halal məhsul bazara çıxarmaq mümkün ola bilər". Məkkədə, İranda arpa suyundan alkoqolsuz içki hazırlanır və müsəlmanlar bunu içir. Amma bunu "pivə" adlandırmırlar.
Eyyub Hüseynov deyir ki, içkinin adı pivədirsə, onda standarta görə, gərək onun tərkibində alkoqol olsun: "İstənilən kataloqda baxsanız, görəcəksiniz ki, pivənin tərkibində alkoqol olmalıdır. İçkinin üzərinə "Hacı pivəsi" yazmaq dini inanca, etikaya sığmayan bir məsələdir".
AİB sədri deyir ki, halal adı altında haram mal aldığını sübut etmək və məhkəməyə müraciət etmək istəyən şəxslər onların yardımından istifadə edə bilər. Amma hələlik sırf bu məsələ ilə bağlı məhkəməyə müraciət edən olmayıb.
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər