Şiəliyin nişanələri |
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 23-05-2016, 21:40 | Şərh sayı: (0) | Baxılıb: 374
Şiəliyin nişanələri
1. İman qardaşlarına qarşı əliaçıqlıq.
İmam Sadiq (ə) zikr olunmuş rəvayətdə əliaçıqlıq və bəxşişi şiələrə layiq birinci sifət kimi tanıtdırır. İnsan öz ailə üzvlərinə diqqətli olduğu kimi din qardaşlarına da diqqətli olmalıdır. İmkanlı müsəlman imkansız müsəlmanın ehtiyaclarını ödəməyə borcludur. Mömin qardaşı xəstələnərkən və ya səfərdən qayıdarkən onun görüşünə getmək şiənin ibtidai vəzifələrindəndir. Əlbəttə ki, bütün əxlaqi göstərişlərə əməl etmək çətindir. Məsələn, evdə ehtiyac olmayan əşyaları, kitabları satıb dostun ehtiyaclarına sərf etmək o qədər də asan deyil.
2. Əlli bir rəkət namaz.
Şiələr öz ibadətləri ilə də seçilirlər. Əhli-beyt Allaha yaxın olduğu üçün seçilir. Onlar ibadət və bəndəlikdə hamıdan irəlidə olduqlarından, özünü şiə bilənlər də ibadətləri ilə seçilməlidirlər. Şiələrə əlli bir rəkət namaz qılmaq sifariş olunmuşdur. Bu əlli bir rəkətin on yeddi rəkətini gündəlik vacib namazlar təşkil edir.
3. Davakar olmamaq.
Millətlər arasında hər çirkin sifəti müəyyən bir heyvana aid bilmək kimi adət var. Məsələn, heyvanlar arasında it yeri gəldi-gəlmədi hücum etməsi, davakarlığı ilə seçilir. Tanımadığı adamı görən it hökmən ona hücum edir. Onun bu hərəkəti xarakterindəki davakarlığın nişanəsidir. Müəyyən obyektləri qorumaq üçün hətta itlərə keşikçilik təlimi də keçirilir. Beləcə, itdə olan davakarlıq xüsusiyyətindən faydalı şəkildə istifadə edilir. Amma insanın tanımadığı insana qarşı davakar münasibəti normal sayıla bilməz. Amma tanışlara qarşı davakarlıq heç itdə də müşahidə olunmur. İmam Sadiq (ə) buyurur: «Bizim şiələr it kimi davakar olmazlar».
4. Tamahkarlıq.
Tamahkarlıq ən çox qarğada müşahidə olunan sifətdir. Bu quş ac olmadığı vaxtda da əlinə keçəni toplayıb gələcək üçün ehtiyat yığır. Qarğa qoz yığıb basdırması ilə məşhurdur. Hətta belə bir məlumat var ki, təbiətdəki qoz ağacının əksəriyyətini qarğalar əkib. İmam Sadiq (ə) buyurur: «Bizim şiələr qarğa kimi tamahkar olmaz». Yəni Əhli-beyt ardıcıllarında ehtiyacından artıq var-dövlət toplamaq həvəsi müşahidə edilməməlidir. Əhli-beyt (ə) öz şiələrini heyvani sifətlərdən uzaq olmağa çağırır.
5. Əhli-beyt düşmənləri qarşısında vüqar və onlardan uzaqlıq.
İslamın təkid etdiyi bəyənilmiş sifətlərdən biri izzəti-nəfs, yəni ehtiyacını bildirməyib vüqarlı dayanmaqdır. İnsan imkan daxilində başqalarına, hətta ata-anasına da ağız açmamalıdır. Əlbəttə ki, insan bəzən başqalarının köməyinə ehtiyac duya bilər. Məsələn, gecə yarı ağrısı tutmuş ailə üzvünü xəstəxanaya aparmaq üçün qonşunun avtomobilinə ehtiyac yarana bilər. Amma bu günkü dünyada başqalarının köməyi olmadan yaşamaq olduqca çətindir. Bəs kimdən kömək istəmək olar? İmam Sadiq (ə) buyurur: «Bizim şiələr bizim düşmənlərimizlə qonşu olmaz, acından ölsələr belə bizim düşmənlərə ağız açmazlar». Əhli-beytin əxlaqi göstərişlərində tapşırılır ki, imkan daxilində möminlərdən və Əhli-beyt şiələrindən kömək istəyin və günahkarlardan, Əhli-beyt düşmənlərindən minnət götürməyin. Hədisdə cahillər yox, inadkar düşmənlər nəzərdə tutulub. Nadanların hidayət olmasına ümid itmədiyindən onlarla əlaqə saxlamaq faydalı ola bilər. Bəziləri isə inadkarcasına düşmənçilik edirlər. Qeyrətli şiə belələrinə ehtiyacını bildirməməli, onlara ağız açmamalıdır.
6. Bütün hökmlərdə Əhli-beytə tabeçilik.
Bəzi hökmlərə münasibətdə məzhəblərin nəzəri fərqlidir. Məsələn, Əhli-beyt ilanbalığının ovunu haram bildiyi halda, digər məzhəblər onun ovunu və yeyilməsini halal hesab edirlər. Məsələn, başqa məzhəblərdə xüsusi hallarda dəstəmaz zamanı ayaqqabının üstündən məsh çəkməyi mümkün hesab etdiyi halda, Əhli-beyt bu işə icazə vermir. İslamın ilkin dövrlərində ərəblər xurma və kişmişi isladar, bir müddət sonra onun suyunu içərdilər. Bu suda zəif məstedicilik xüsusiyyəti olardı. Əhli-beyt bu içkini spirtli içkilərə aid edərək haram buyurmuşdur. İmam Sadiq (ə) buyurur: «Bizim şiələr ilanbalığı yeməkdən imtina edər, ayaqqabı üstündən məsh çəkməz, zöhr namazı və onun nafiləsini düzgün yerinə yetirər və spirtli içkidən istifadə etməzlər».
Həqiqi şiələrin azlığı
İmam Sadiq (ə) həqiqi şiələrin xüsusiyyətlərini saydıqdan sonra İbn Cündəb onların harada olmağı barədə soruşdu. İmam (ə) bir Quran ayəsinə işarə ilə həqiqi şiələrin dağlarda və şəhərlər ətrafında olduğunu bəyan edir.
Bu söhbət o dövrə təsadüf edir ki, mövcud hakimiyyət Əhli-beyt və onun şiələrini incidib sıxıntıya salardı. Şiələr həbs olunar, min bir işgəncə ilə qətlə yetirilərdilər. Ona görə də əksər şiələr Hicazdan uzaqlaşar, İran və sair məntəqələrə köçərdilər. Elə bu səbəbdən də bir çox imam övladlarının məqbərəsi İranın dağlıq ərazilərindədir. Elə bu səbəbdən də İmam (ə) İbn Cündəbə anladır ki, bizim şiələri şəhər mərkəzlərində camaat arasında görə bilməzsən. İmam buyurur ki, bizim şiələri tanımaq istəsən adi insanlarla yaxınlıq etməyənləri axtar. Həzrət buyurur ki, bizim şiələr xalq arasında eynən Həbib Nəccar Antakiyada olduğu vəziyyətdədir.
Allah-təala «Yasin» surəsinin 14-cü ayəsində iman gətirməyənlərə antakiyalıları misal çəkir: «O zaman onlara iki elçi göndərmişdik, amma onlar ikisini də təkzib etmişdilər. O iki elçini üçüncüsü ilə qüvvətləndirdik. Onlar dedilər ki, həqiqətən biz sizə göndərilmiş elçilərik». Amma şəhər camaatı nəinki iman gətirmədilər, hətta göndərilmiş peyğəmbərləri ölümlə hədələdilər. Bu vaxt peyğəmbərləri müdafiə etmək üçün şəhərin ucqar nöqtəsindən Həbib Nəccar gəldi: «Şəhərin ən ucqar tərəfindən bir kişi çaparaq gəlib dedi: «Ey qövmüm, elçilərə tabe olun!» («Yasin» surəsi, ayə 20.). Həbib Nəccar şəhərin bir guşəsində tənha yaşayırdı. Qövmünü doğru yola dəvət etdikdən sonra hücuma məruz qalıb qətlə yetirildi.
Şiəlik şəxsiyyətin qorunması
Şiələrin cəmiyyətdən uzaq olmaları haqqındakı rəvayət hamıya aid edilə bilməz. Məsələn, şiə böyüklərindən olmuş Əli ibn Yəqtin imam Kazimin (ə) göstərişi ilə Harun Ərrəşidin vəziri olmağa razılıq vermişdir. O, öz imanını qorumaqla yanaşı şiələrə də kömək edirdi. Bir şəxs günahkar mühitdə imanını qorumaq qüdrətinə malikdirsə bu mühitdə iştirak etməli və başqalarının hidayəti üçün çalışmalıdır. Başqalarının hidayəti vəzifəsi hamı üçün hər zaman vacibdir. Amma zəif imanlı insan günahkar cəmiyyətdə əriyib imanını itirməkdən qorxursa təcili olaraq bu cəmiyyətdən uzaqlaşmalıdır. Eləcə də dini agahlığı və elmi səviyyəsi aşağı olan insanlar hər yerdə hər adamla mübahisəyə girişməməlidirlər. Günahkar cəmiyyətdə yaşayan bir qrup mömin öz şiə şəxsiyyətini qorumalı və bir-birləri ilə əlaqəni möhkəmləndirməlidirlər.
Bir çox qeyri-müsəlman ölkələrdə şiələrin öz dini şəxsiyyətlərini qoruduqları göz qabağındadır. Onlar bir-birləri ilə get-gəl edərək dini vəzifələrinə əməl edirlər. Yalnız bazarlıq və digər vacib işlər üçün cəmiyyətə çıxırlar. Məsələn, Keniyada dini vəzifələrinə əməl edən, hətta rəcəb və şəban aylarını müstəhəbb oruc tutan müsəlman gənclər vardır. Afrikanın ortasında məsihi bir ölkədə belə gənclər ciddi qorunduqları üçün günahkar cəmiyyətdə əriməmişlər. Hansı ki, bəzi müsəlman ölkələrində bu gün rastlaşdığımız şiələrin, hətta müsəlman olduğu şübhə doğurur. Belələri günahkar cəmiyyətdə əriyərək öz şiəlik şəxsiyyətini itirmişlər. Onların şiəliyi yalnız imam Hüseyn (ə) adını bilməkdən ibarətdir. İmam Sadiq (ə) öz şiələrinə şəxsiyyətlərini qorumağı tapşıranda belə bir şəraiti nəzərdə tuturdu. Xüsusi ilə zəif imanlı insanlar belə cəmiyyətlərdə əriyərək dini şəxsiyyətlərini əldən verə bilərlər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər