İman nə vaxt nicatvericidir? |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 18-05-2016, 07:03 | Şərh sayı: (0) | Baxılıb: 420
İman nə vaxt nicatvericidir?

İslamla imanın fərqləri
Deyilənlərdən aydın oldu ki, şərti olaraq İslam adlandırdığımız zahiri iman şərti olaraq iman adlandırdığımız həqiqi imandan tamamilə fərqli bir məfhumdur. Zahiri İslamın axirət səadətinə heç bir təsiri yoxdur. Bununla belə, zahirdə də müsəlman dini əsasları və zərurətləri təsdiq etməlidir. Axirəti, namazı inkar edən şəxs heç zahiri müsəlman sayıla bilməz. Təkcə kəlmeyi-şəhadət deməklə müsəlman olmaq yanlış təsəvvürdür. İslamın başlanğıcındakı adi müsəlmanlar axirət inamının zəruri olduğunu bilirdilərsə, bu günkü müsəlmanlar belə mühüm bir inancdan xəbərsiz ola bilərlərmi?!
Əgər zahiri müsəlmanlıq batini kafirliklə birləşərsə əbədi əzab qaçılmazdır. Zahirdə İslamın bütün əsasları və zərurətlərini təsdiq edib, batində bütün bunlara düşmən kəsilənlər az deyildir. Demək, cəmiyyətdə saleh bir müsəlman kimi tanınmış şəxsin qəlbində damlaca iman olmaya da bilər. Əlbəttə ki, kimin müsəlman, kimin qeyri-müsəlman olmasını müəyyənləşdirmək fəqihlərin işidir. İslamın elə mərtəbələri də vardır ki, hətta peyğəmbərlər bu mərtəbələrə çatmaq üçün Allaha dua etmişlər. Həzrət İbrahim və həzrət İsmail Kəbəni tikərkən belə dua etmişdilər: «Ey Rəbbimiz, bizim hər ikimizi müsəlman qərar ver»(«Bəqərə» surəsi, ayə 128.). Ayədə İslamın ali mərtəbəsi dedikdə, mütləq təslimolma nəzərdə tutulur.
Eləcə də, təkcə imanı nicatverici hesab edən mürciə baxışı da həqiqətdən uzaqdır. Bir insan dünyadan imanlı getsə də yol verdiyi günahlara görə müxtəlif əzab mərhələlərini keçəcəkdir. Rəvayətlərdə buyurulur ki, mömin öz günahlarına tövbə etmədən dünyasını dəyişərsə ölüm mələyi olun canını əziyyətlə alar. Əgər bu əziyyətlə günahlar paklanarsa insan bərzəx dünyasında sakit olar. Amma canvermə əziyyəti günahları yumağa kifayət etməsə birinci qəbir gecəsi ağır keçər. Əgər bu əzab da kifayət olmasa günahlar yuyulanadək bərzəx aləmində əziyyət davam edər. Mümkündür ki, bərzəx aləminin əziyyətləri də günahların paklanması üçün kifayət etməsin. Belə olduğu təqdirdə günahkar insanı qiyamət səhnəsinin məşəqqətləri gözləyir. Amma bu mərhələlərin istənilən birində ləyaqətli insan şəfaətə nail ola bilər. Başqa sözlə, Əhli-beyt (ə) vasitəsi ilə bağışlana bilər. Rəvayətdə buyurulur ki, məsum imamlar bərzəx aləmində yox, qiyamət səhnəsində öz işlərinə zəmanət verəcəklər. Demək, mömin kişi bərzəx aləmində uzun illər əzab çəkə bilər. Allaha pənah aparaq! Şəfaətə nail olmaq o demək deyil ki, insan dünyasını dəyişən kimi bağışlanacaqdır. Şəfaətin də mərhələləri vardır və ən təsirli şəfaət qiyamət gününə məxsusdur; qiyamət gününə qədər günahları təmizlənməyən insan cəhənnəmə gedəcəkdir. Elə bu səbəbdən də Əhli-beyt buyuruqları gəncləri «mürciə» düşüncə tərzindən uzaq olmağa çağırır. Bu düşüncə tərzi insanları yuxuya verərək onları günah bataqlığına çəkir. İslam dininə belə yanaşma olduqca təhlükəlidir. Ümumiyyətlə, cəzasızlıq insanı cinayətə sövq edir. Onu da qeyd edək ki, təkcə iman gətirmək kifayət olsaydı bu qədər dini göstərişə ehtiyac qalmazdı. Bu da həqiqətdir ki, bütün insanlar eyni iman səviyyəsinə malik ola bilməzlər. İmanın bir çox mərtəbələri vardır. Əslində bu mərtəbələr sonsuzdur. İki insan eyni bir mərtəbəli imana malik ola bilməzsə, demək bu mərtəbələr çoxdur. Ən mühüm vəzifə budur ki, insan zahiri müsəlmanlıqla kifayətlənməyib həqiqi iman üçün çalışsın. Atadan irs aparmaq, müsəlmanlıq səbəbindən pak olmaq və bir çox başqa xüsusiyyətlər bu dünyanın zahiri hökmləridir. Axirət səadəti üçünsə qəlb imanı zəruridir. İnsan çatdığı iman mərtəbəsi ilə kifayətlənməməli, kamil insan olmaq üçün çalışmalıdır. İman bəzən güclənib bəzən də zəifləyə bilər. Güclü iman özünü əməldə büruzə verir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər