Əhli-beytin (ə) müsibətlərinə görə ağlamaq |
Müəllif: Admin | Bölmə: Əhli Beyt (ə.s.) | Vaxt: 14-05-2015, 23:35 | Şərh sayı: (0) | Baxılıb: 3354
Əhli-beytin (ə) müsibətlərinə görə ağlamaq
İnsanlara müəyyən münasibətlərlə ağlamaq tövsiyə olunmuşdur. Xüsusi ilə şəhidlər ağası imam Hüseyn (ə) üçün ağlamaq böyük savaba malikdir. İmam üçün axıdılan göz yaşlarında şəfa gücü var və bu göz yaşları insanı tövbə və bağışlanmaya hazırlayır.
Əhli-beyt (ə) müsibətlərinə ağlamaqla bağlı rəvayətlər o qədər çoxdur ki, bu mövzuda bir neçə kitab tərtib olunmuşdur. Həmin kitablardan biri "Əl-bukai lil-Husəyn” kitabıdır.
Bəzi ziyalıların Əhli-beytə (ə) ağlamaqla bağlı müxalifəti əslində Quran və peyğəmbər sünnəsi ilə müxalifətdir. Şiələr bu sayaq münasibətlərə məhəl qoymamalı, sitəmkarlara qarşı müxalifət nümunəsi olan göz yaşını əldən verməməlidirlər. Əhli-beytə (ə) əzadarlıq dəyərli bir miras kimi qorunmalı və gələcək nəsillərə ötürülməlidir.
İmam Riza (ə) mühüm bir rəvayətdə buyurur: "Bizim müsibətlərimizi yada salıb, düşmənlərimizin bizə qarşı amansızlığına ağlayan kəs Qiyamətdə bizimlə və bizim dərəcəmizdə olar. Bizə toxunan bəlaları yada salıb ağlayan və ağladan kəs gözlər ağlayan gün ağlamaz.”
İmam Sadiq (ə) Məsməyə buyurur: "Sən İraq əhlisən, ziyarətə getmirsənmi? Məsmə deyir: "Bəsrədə nasibilər və düşmənlər çoxdur. Qorxuram ki, ziyarətə getsəm hökumətə xəbər verələr və əziyyətə düşüm.” Həzrət buyurur: "İmam Hüseynin (ə) başına gətirilənləri yada salırsanmı?” Deyir: "Bəli.” İmam buyurur: "Üzüntü keçirib qəmlənirsənmi?” Məsmə deyir: "Bəli, And olsun Allaha, elə ağlayıram ki, qəhər məni boğur. Belə ki, ailəm bu pərişanlığın əsərlərini görür. Heç nə yeyə bilmirəm, qəm-qüssə üzümdən müşahidə olunur.” Həzrət buyurur: "Allah göz yaşına mərhəmət qılsın. Sən bizə ağlayanlardan sayılarsan. O kəslərdən ki, bizim şadlığımıza sevinər, qəm-qüssəmizə ağlayarlar. Şübhəsiz, sən ölən vaxt ata-babalarımızı yanında görərsən. Onlar səni ölüm mələyinə tapşırar və səni elə bir şeylə müjdələyərlər ki, ölməzdən qabaq gözlərin işıqlanar. Ölüm mələyi sənə ana oğluna mehriban olduğundan daha mehriban olar.”
Əmirəl-möminin (ə) imam Hüseynə (ə) baxıb buyurdu: "Ey möminlərin göz yaşı.” İmam Hüseyn (ə) dedi: "Atacan, mənimi deyirsən?” Həzrət buyurdu: "Bəli, səni deyirəm, oğlum.”
İmam Sadiq (ə) buyurur: "Bir şəxs bizi yad etsə və ya onun yanında yada salınsaq, əgər gözündən çibin qanadınca yaş gəlsə, dərya qədər günahı olsa belə, Allah onun günahlarını bağışlayar!”
Başqa bir məqamda həzrət buyurur: "Bizə qılınmış sitəm səbəbindən çəkilən qəmli bir nəfəs həmd-sənadır. Bizə görə nigaranlıq ibadət, bizim sirrimizin məxfi saxlanılması cihaddır. Bu hədisin qızılla yazılması vacibdir.”
İbn Xaricə deyir: "İmam Sadiqin (ə) yanında olduğum vaxt imam Hüseyni (ə) yada salıb onun qatilinə lənət göndərdik. İmam Sadiq (ə) ağladı, biz də onu qoşulduq. Sonra başını qaldırıb buyurdu: "Hüseyn ibn Əli (ə) deyirdi ki, mömin məni yalnız ağlamaqla yada salar.”
İmam Hüseyn (ə) buyurur: "Elə bir bəndə yoxdur ki, bizə görə gözündən bir damla yaş gələ, amma Allah bu bir damla göz yaşına görə ona əbədi behişt əta etməyə!”
Müaviyə ibn Vəhəb nəql edir ki, imam Sadiq (ə) buyurdu: "İmam Hüseynə (ə) görə üzüntü və göz yaşından savayı heç bir üzüntü və göz yaşı bəyənilməmişdir Məhəmməd ibn Müslim deyir: "İmam Sadiq (ə) buyurdu: "Şübhəsiz, Hüseyn ibn Əli (ə) Allah hüzurunda öz dəstəsinə, ziyarətçilərinə nəzər salar.
İmam onların atalarının adları və Allah yanında dərəcələri ilə insan öz övladı ilə tanış olduğundan daha çox tanışdır. Şübhəsiz ki, imam onun üçün ağlayanı görür, ağlayan üçün bağışlanma diləyir, atalarından da belə bir şəxs üçün dua diləyir.”
Seyyid ibn Tavus Əhli-beyt (ə) üçün ağlamaqla bağlı maraqlı bir rəvayət nəql edir: "Əhli-beyt (ə) üçün özü ağlayıb yüz nəfəri ağladan, özü ağlayıb əlli nəfəri ağladan, özü ağlayıb otuz nəfəri ağladan, özü ağlayıb iyirmi nəfəri ağladan, özü ağlayıb on nəfəri ağladan, özü ağlayıb bir nəfəri ağladan və hətta özünü ağlamış kimi göstərən insana behişt vacibdir.”
Harun Məkfuf nəql edir ki, imam Sadiq (ə) buyurmuşdur: "Hüseyn (ə) yada salındıqda gözündən çibin qanadınca yaş gələn kəsin mükafatı Allahın öhdəsinədir. Allah ona behiştdən kiçik mükafat verməz.
İmam Riza (ə) buyurur: "Hüseyn kimilərə ağlamaq lazımdır. Çünki beləsinə ağlamaq böyük günahları yuyur...”
Həzrət (ə) Şəbibin oğluna deyir: "Ey Şəbib oğlu! Əgər ağlayırsansa Hüseyn ibn Əli (ə) üçün ağla...” Ardınca buyurur: "Ey Şəbib oğlu! Hüseynə (ə) göylər və yer ağladı. Hüseynə (ə) ağlasan göz yaşın yanağına süzülənədək Allah bütün günahlarını bağışlayar...”
Yuxarıda nəql olunanlar Əhli-beyt (ə) və xüsusi ilə imam Hüseyn (ə) üçün ağlamaqla bağlı rəvayətlərdən nümunələr idi. Dəyərli kitablarda toplanmış rəvayətlərdən müəyyən qənaətlərə gəlmək olar:
1. Göz yaşı yalnız mömindən qəbul olunur və bu göz yaşına görə mükafat verilir.
2. Öz tutumu həddində Əhli-beytə (ə) tabe olan möminin göz yaşı dəyərlidir.
3. Ağlayarkən yalnız Allahın, Peyğəmbər (s) və Əhli-beytin (ə) razılığını nəzərdə tutanların göz yaşı dəyərlidir.
4. Allahın razılığı yolunda axan göz yaşı əbədi təsirə malikdir və insanın əməl naməsində qeydə alınır.
5. Ayə və rəvayətlərə əsasən, möminin göz yaşları Qiyamətdə ilahi mərhəmət və Əhli-beyt (ə) şəfaətinə çevrilər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər