ӘHLİ-BEYT (Ә)-İN ÖZ SӘHABӘLӘRİNӘ QARŞI TӘRBİYӘ ÜSULLARI |
Müəllif: Admin | Bölmə: Əhli Beyt (ə.s.) | Vaxt: 14-08-2013, 03:14 | Şərh sayı: (0) | Baxılıb: 1338
ӘHLİ-BEYT (Ә)-İN ÖZ SӘHABӘLӘRİNӘ QARŞI TӘRBİYӘ ÜSULLARI
Әhli-beyt (ə) öz səhabə və tələbələrinin tərbiyə və tə᾽liminə xüsusi bir maraq göstərirdi. Yə᾽ni öz dostlarının yaşayış tərzində islami əqidə, əxlaq və əhkamın həqiqi bir şəkildə tətbiq olunmasına və əməldə özünü göstərməsinə əhəmiyyət verirdilər.Onlar sə᾽y edirdilər ki, ümmət arasında hidayət məş᾽əlini daşıya bilən, xalqın içərisində alim, xeyirxah və haqqa bağlı olan sədaqətli şəxsiyyətlər vücuda gətirsinlər. Elə şəxsiyyətlər ki, fəsad, pozğunluq amillərinin çoxaldığı bir vəziyyətdə xalqın süqut etməsinin qarşısını alsın və haqq əleyhinə aparılan mübarizələri dəf edərək, islah qiyamları vücuda gətirə bilsinlər. Biz bu həqiqətlərin Әhli-beyt (ə)-ın davranış və əxlaqlarında, söz və əməllərində aşkar olmasını görürük. Onların tövsiyə və nəsihətlərində bu məsələyə yüksək əhəmiyyət verdikləri aşkardır. Məsələn, islamı təhrif edib əhli-beyt məktəbini yıxmaq istəyən bə᾽zi şəxslər, təkcə Әhli-beyt (ə)-ın məhəbbətinin insana kifayət etmədiyini və Allah əmrlərinə əməl etməyin və dinin əhkamına bağlı olmağın zəruri və lazım olmadığını yaymaq istəyirdilər. Imam Məhəmməd Baqir (ə) onlara buyurdu:
«Hər bir müsəlman doğru bir əqidə ilə Qur᾽anın gətirdiyi, Peyğəmbərin (s) bəyan etdiyi və ömür boyu əməl etdiyi işləri icra etməlidir».
Imam Məhəmməd Baqir (ə) bu barədə buyurubdur:
«And olsun Allaha ki, bizim vücudumuz sizi Allahın əzabından qurtarmayacadır. Bizim ilə Allah arasında nə bir qohumluq və nə də onun müqabilində bir höccətimiz yoxdur.(Yə᾽ni, bir nəfəri cəhənnəmə atsa, bizim əlimizdə bir sübut yoxdur ki, onu qurtarmaq üçün Allaha göstərək). Fəqət, insan itaət etməklə Allaha yaxın ola bilər. Sizlərdən kim (Allahın əmrlərinə) itaətkar olsa, bizim vilayətimiz ona fayda verər. Әgər bir kəs üsyan edərsə, (yə᾽ni, Allahın əmrləri ilə müxalifət edərsə) bizim vilayətimiz ona bir fayda verməz». [Zikr edilən qaynaq səh.67 (Təbərsi)]
Yenə Әmr ibni Səid ibni Hilal da rəvayət edibdir ki:
«Mən imam Məhəmməd Baqir (ə)-a dedim ki, sənə fəda olum, mən səni neçə ildə ancaq bir dəfə görə bilirəm. Mənə bir vəsiyyət elə ki, ona daim əməl edim». O Həzrət, mənə belə buyurdu:
«Mən sənə Allahın təqvasını (Allahdan qorxmağı), vərə᾽ (günahlardan çəkinməyi) və bəndəlik etməkdə çalışmağı vəsiyyət edirəm. Bil ki, «vərə᾽» bəndəlikdə çalışmaqla birlikdə olmasa, bir faydası olmaz...» [Zikr edilən qaynaq səh.66]
Imam Cə᾽fər Sadiq (ə)-ın öz səhabələrindən olan Әbu Osaməyə, digər şiələrə də çatdırılmasını istədiyi vəsiyyətin bir hissəsi belədir:
«(Ey şiələr!) Allahdan qorxun və biz Әhli-beytə eyb yox, zinət olun. Xalqın məhəbbətini bizə cəlb edin və bizi hər cür pislikdən uzaq bilin... Bizim, Allahın kitabında (bəyan edilmiş) haqqımız, Onun Peyğəmbərinə əqrəbalığımız, pərvərdigar tərəfindən müqəddəsliyimiz (hər cürə pislikdən uzaq və pak olmağımız) və pak bir vilayətimiz vardır. Hər kəs bunların bizdən ayrı olmasını iddia edərsə, yalançıdır. Allahı və ölümü yad eləməyi, Qur᾽anı tilavət eləməyi və Peyğəmbərə (s) salavat göndərməyi mümkün qədər çoxaldın. Çünki, Peyğəmbərə (s) salavat göndərməyin on savabı vardır».
Imam Cə᾽fər Sadiq (ə) öz səhabələrindən olan Ismail ibni Әmmara da belə vəsiyyət edibdir:
«Mən sənə Allahdan qorxmağı (təqvalı olmağı), «vərə᾽li» olmağı (haramlardan çəkinməyi), doğru danışmağı, əmanətə sadiq olmağı, (qonşuların ilə) yaxşı qonşuluq etməyi və çox səcdə etməyi vəsiyyət edirəm. Bu işləri görməyi Məhəmməd (s) bizlərə əmr edibdir».
Hişam ibni Salim də rəvayət edibdir ki:
«Imam Cə᾽fər Sadiq (ə)-ın Həmrana belə buyurduğunu eşitdim:
«(Dünyanın mal və sərvətində) özündən aşağıya bax, özündən yuxarı olana baxma. Bu sənin üçün öz qismətindən qane olmağa və Allahdan daha artıq (ruziyə) layiq olmağına vasitə olar. Bunu da bil ki, yəqin ilə olan daimi və az əməl Allah yanında yəqinsiz olan daimi əməldən daha yaxşıdır. Həmçinin bilməlisən ki, Allahın haram etdiyi işlərdən çəkinməkdən, müsəlmanlara əziyyət etməməkdən və onların qeybətlərini danışmamaqdan faydalı bir «vərə᾽» (çəkinmək) olmaz. Eləcədə heç bir şey gözəl əxlaq kimi qiymətli, heç bir mal insaniyyətdən və az mala qane olmaqdan faydalı və heç bir cəhalət özünü bəyənmək kimi pis və acı deyildir.
Imam Cə᾽fər Sadiq (ə) mö᾽minlərin xüsusiyyətləri barədə Həzrət Peyğəmbərdən (s) rəvayət etmişdir ki:
«Hər kim gördüyü pis işdən narahat olsa və yaxşı işlər etsə, mö᾽mindir».
Bunlar kimi onlarla, bəlkə yüzlərlə mövcud olan hədislərdən anlaşılır ki, Әhli-beyt (ə) ümmətinin fərdləri bütün cəmiyyətlərdə nümunəvi insanlar kimi tərbiyə olunmaqda çalışıblar. Onların saleh və nümunəvi insanlar yetişdirməkdəki üslublarının əsas mehvəri, məhz Allahın kitabına və Peyğəmbərin (s) sünnəsinə həqiqi mə᾽nada bağlı olmağın vacibliyi və ictimai həyatı bu mehvər əsasında qurmaqdır. Beləliklə, hər bir müsəlmanın üzərinə düşən vəzifə odur ki, haqq yolunu tapa bilmək üçün, onların hər cür şübhə və şəkdən uzaq olan hidayətlərinə inansınlar və vəsiyyətlərinə əməl etsinlər.
Hazirladi: Mir Ali
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər