İran və Səudiyyə Ərəbistanı arasındakı gərginliyin görünməyən üzü haqda qeydlər... |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 10-01-2016, 18:55 | Şərh sayı: (0) | Baxılıb: 624
İran və Səudiyyə Ərəbistanı arasındakı gərginliyin görünməyən üzü haqda qeydlər...
Yaxın Şərqdə məzhəb davası, yoxsa siyasət oyunları..?
Yola saldığımız həftənin əsas mövzusu Səudiyyə Ərəbistanında Ayətullah Baqir Nimrin edamı və ondan sonra baş verən hadisələr oldu. Şiə ayətullahın edamına etiraz olaraq Ərəbistanın İran paytaxtındakı səfirliyi, eləcə də Məşhəd şəhərindəki konsulluğuna edilən hücumlar və binaların yandırılması Ər-Riyadın kəskin reaksiyasına səbəb oldu. Səudiyyə krallığı, ardınca isə Bəhreyn, Sudan kimi ölkələr də İranla diplomatik əlaqələri dayandırdılar.
Dünya mediası ilk günlərdən bu hadisəni məzhəb qarşıdurması olaraq təqdim etdi. Çünki məlum olduğu kimi, adətən hadisələrin məhz bu tərəfi dünya üçün maraqlı olur. Müsəlmanlar arasında məzhəbi zəmində qarşıdurmanın alovlanması, İraq və Suriyadakı İŞİD terrorunun ardınca bölgənin iki nəhəng dövlətinin qarşı-qarşıya gəlməsi daha asan tələffüz olan və əslində bütün müsəlman dünyasında çaşqınlıq yaradan bir ifadədir. Təcrübə bizə öyrətdi ki, savaş ən çox sülh çağırışları edənlərə fayda verir.
Doğrudanmı, İran və Səudiyyə Ərəbistanı arasında baş verənlər məzhəb qarşıdurmasıdır? Ümumiyyətlə, bu iki ölkə arasında düşmənçiliyin arxasında hansı səbəblər dayanır?
Məsələ orasındadır ki, İran-Səudiyyə Ərəbistanı rəqabəti yeni deyil, İslam inqilabına qədər uzanır. Şah dövründə bölgədə ABŞ-ın ən yaxın müttəfiqi (neft amilindən dolayı) olan şah və kral bölgədə dost dövlətlər idilər. İranda İslam inqilabından sonra “inqilab ixracı” doktrinasından ən çox narahat olan dövlətlərdən biri də Səudiyyə idi. Çünki bölgədəki monarxiya rejimləri krallıq üçün “dayaq” mahiyyətli idi. Bu mənada “status-kvo”nun pozulmasından ən çox narahat olanlardan birinin Ər-Riyad olması anlaşılandır. 1980-ci illərdə Tehran və Ər-Riyad arasında bir neçə dəfə gərginlik baş qaldırsa da, hər iki dövlət bunun qarşısını almağa nail olub. Hətta Məkkədə baş vermiş etirazların yatırılması zamanı yüzlərlə iranlının öldürülməsi İranın bir neçə il Həcc ziyarətindən imtinasına səbəb olub.
2000-ci illərdə isə hətta kəskin anti-Amerika çağırışları fonunda Tehran və Ər-Riyad arasında mülayimləşmə yaranıb. 2007-ci ildə kral Abdullah İran prezidenti Mahmud Əhmədinejadı Məkkəyə ziyarətə dəvət edib, özü şəxsən müşayiət edib. O zaman Əhmədinejad Amerika əleyhinə çıxışların simvoluna çevrilmişdi.
Riyad-Tehran arasında növbəti gərginlik “ərəb baharı” zamanı baş qaldırdı. İlk olaraq Bəhreyndə şiə çoxluq krala qarşı inqilab edəndə Səudiyyə Ərəbistanı adaya tanklar göndərdi və nümayişlər zorakılıqla yatırıldı. Riyad həndəvərində rejim dəyişikliyinə imkan vermək fikrində olmadığını nümayiş etdirdi. Suriyada isə Ərəbistan Qərb koalisiyasının ən fəal üzvlərindən biri kimi Bəşər Əsədin devrilməsi üçün hərbi, texniki və maddi dəstəyini əsirgəmədi. Bu dəfə də Riyad və Tehran “səngərin” əks tərəflərində qaldılar. Suriya məsələsi Yaxın Şərqdə bir sıra dövlətlər arasında münasibətləri düşmənçilik səviyyəsinə gətirdi.
Ancaq 2013-cü ilin sentyabrında Tehranın dəstəklədiyi döyüşkən husilərin Yəmənin paytaxtını ələ keçirməsi Səudiyyə krallığı üçün həyəcan siqnalı oldu. Çünki Səudiyyə Ərəbistanı daha öncə bir neçə dəfə Yəməndə husilərə qarşı savaşa qatılıb və Yəmən hakimiyyətinin husilərin nəzarətinə keçməsini özünə qarşı ciddi təhdid olaraq qəbul edir. Çünki digər region ölkələrindən fərqli olaraq Yəmənin əhalisi çoxdur (25 milyon), üstəlik əhalinin yarıya qədəri zeydilərdir. Ən mühüm isə Yəmənin Ərəbistanla sərhədləri dağlıq ərazilərdə yerləşir və bu ərazilərin ən müasir texnologiya ilə belə olsa qorunması mümkünsüzdür. Üstəlik yəmənlilər də, xüsusən də dağlıq bölgədə yaşayanlar qatı savaşçılardır.
Bu səbəbdən də Riyad anlayırdı ki, əgər tezliklə Yəməndə hakimiyyət husilərin əlinə keçsə o zaman krallığın özünə qarşı birbaşa təhdid yaranacaq. Bu səbəbdən də tezliklə Yəməndə husilərə qarşı “Əl-Qaidə”nin yerli qolu, devrilmiş prezident Mansur Hadiyə sadiq qüvvələr və cənubdakı separatçı birliklər savaşa başladılar. 2015-ci il martın 26-da isə Səudiyyə Ərəbistanı 10 ölkədən ibarət olmaqla yaratdığı ərəb koalisiyası vasitəsilə Yəməndə husilərin əlindəki bölgələri bombalamağa başladı.
Ancaq artıq 1 ilə yaxın zaman keçib və Yəməndə hərbi üstünlük husilərdən alınmayıb, paytaxt isə hələ də onların nəzarətindədir. Üstəlik dağlarda yaşayan, yarıac, normal qidalanmayan, yarıçılpaq dağ yəmənliləri dünyanın ən müasir silahlarına sahib olan S.Ərəbistanı ordusunun sərhəddəki bazalarını bir-birinin ardınca ələ keçirir. Çünki o bölgələr nizami ordunun hərəkət edib hansısa uğur qazanması üçün uyğun deyil.
Məhz bu səbəbdən 2015-ci ilin sonunda Səudiyyə krallığı terrorizmə qarşı mübarizə adı altında daha böyük – 34 ölkədən ibarət “müsəlman ölkələri koalisiyasını” yaratdı. Ancaq aydın məsələ idi ki, yeni koalisiya İŞİD-lə deyil (ya da formal bir şəkildə), əslində husilərə qarşı savaş və Yəməndə husi gücünü qırmaq üçün yaradılıb. 2016-cı ilin ilk günlərində isə krallıq məhkəməsi 2012-ci ildən həbsdə saxlanılan yerli şiə aktivist, silahlı hücumlarda iştirak etməmiş din xadimi Ayətullah Nimrin edam qərarını icra etdi.
Əslində bir çoxlarına görə, Nimrin edamı gözlənilməz oldu. Çünki bununla Səudiyyə diqqəti öz üzərinə çəkdi. Düşünürəm ki, əslində edamda məqsəd məhz diqqətin bu mövzuya cəlb olunması idi. Çox güman ki, Riyadda oturanlar Baqir Nimrin edamına Tehranın verəcəyi reaksiyanı bildikləri üçün buna getdilər. Baxmayaraq ki, bunun üçün zəmin də yaradıldı. Edamdan az əvvəl Nimrə və ailəsinə müraciət edərək edamdan qurtulmaq üçün Krala əfv xahişi etməsi təklif olundu. Bundan sonra isə şiə ruhani terrorçularla birlikdə asılaraq edam edildi.
Bu edamdan dərhal sonra müsəlman ölkələrində sünni-şiə qarşıdurması haqda xəbərləri tirajlanması göstərdi ki, əslində edamın hədəfi məhz bu olub. Edamdan dərhal sonra Səudiyyə krallığı ilə koordinasiya içərisində olan ölkələrin İrana qarşı cəbhə açması da bunun bir əlaməti idi.
Ancaq görünən odur ki, S.Ərəbistanı gərginliyin daha da irəli getməsində maraqlı deyil. Kral Salmanın oğlu, müdafiə naziri şahzadə Məhəmməd bin Salman Britaniya mətbuatına müsahibəsində deyib ki, İranla savaşmaq fikirləri yoxdur, bu, bölgə üçün fəlakətə səbəb ola bilər. Ancaq bununla belə İranı küncə sıxmaq, onun Yaxın Şərqdəki fəallığının qarşısını almaq, ona qarşı daha güclü bir əsaslı koalisiya yaratmaq üçün məzhəb kartından istifadə edilir.
Beləliklə, müsəlman dünyası növbəti dəfə bölücülük oyunun gətirilir. Nə İran dünyada şiəliyi təmsil etmir, nə də Səudiyyə sünniliyi. Amma siyasi prosesləri bu şəkildə dəyərləndirib, insanları bu cür yönəltmək görünür ki, dövlətlərə sərf edir. Ərəbistan bununla sünni dünyada məzhəb reflekslərini işə salaraq sünni məzhəbli insanların dəstəyini qazanır, İran isə ona qarşı birmənalı münasibəti olmayan şiə, ələvi və digər qrupların təbii tərəfdaşına çevrilir.
100 illər keçsə də, müsəlmanların məzhəb və inanc fərqlilikləri hələ də siyasi mübarizədə aləti olaraq qalmaqdadır. Əslində müsəlman şərqinin ən böyük bəlalarından biri də budur.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər