Allah yolunda canından keçən uşağın əhvalatı |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 13-11-2014, 01:54 | Şərh sayı: (0) | Baxılıb: 1115
Allah yolunda canından keçən uşağın əhvalatı
Peyğəmbər (s) demişdir: "Sizdən əvvəl yaşamış bir xalqın padşahı və onun da bir sehrbazı var idi. O qocaldıqda padşaha dedi: "Mən qocalmışam və artıq ömrüm başa çatıb. Odur ki, yanıma bir uşaq göndər, ona sehr etməyi öyrədim.”
Padşah onun yanına bir uşaq göndərdi və sehrbaz ona sehr öyrətməyə başladı. Sehrbazın evi ilə padşahın sarayı arasında bir Alim yaşayırdı. Bir gün uşaq Alimin yanına gəlib onun danışdıqlarına qulaq asdı və Alimin dedikləri onun xoşuna gəldi. O hər dəfə sehrbazın yanına getdikdə Alimə də baş çəkirdi. O sehrbazın yanına gec gəldikdə, sehrbaz: "Nə üçün gecikmisən?”- deyib onu döyür, evə gec gəldikdə də evdəkilər: "Nə üçün gecikmisən?”- deyib onu döyürdülər. Uşaq Alimə şikayət etdikdə, o dedi:
"Sehrbaz səni döymək istədikdə, de ki, ailəm məni ləngitdi. Ailən səni döymək istəsə, de ki, sehrbaz məni ləngitdi.” Uşaq beləcə öz işinə davam etdi. Nəhayət bir gün o, camaatın yolunu kəsmiş böyük və qorxunc bir heyvana rast gəldikdə dedi: "Bu gün mən kimin daha üstün olduğunu – Alimin dininin, yoxsa sehrbazın əməlinin Allaha daha əziz olduğunu biləcəyəm.” O yerdən bir daş götürüb dedi: "Allahım, əgər Alimin dini Sənin üçün sehrbazın əməlindən daha əzizdirsə, onda bu heyvanı öldür ki, insanlar keçib gedə bilsinlər!” O, daşı atıb heyvanı öldürdü və insanlar öz yollarına davam etdilər. Uşaq Alimin yanına gəlib bunu ona xəbər verdikdə Alim dedi: "Oğlum, bu gün sən məndən də fəzilətlisən. Onlar səni tezliklə sınayacaqlar. Səni sınayacaqları vaxt mənim kim olduğumu onlara bildirmə.”
Bu minvalla uşaq anadangəlmə korları və cüzam xəstəliyinə tutulanları sağaltmağa, habelə insanlara üz vermiş digər xəstəlikləri də müalicə etməyə başladı. Padşahın yaxın adamlarından birinin gözləri kor olmuşdu. O, bu uşağın haqqında eşidəndə çoxlu hədiyyələr götürüb onun yanına gəldi və dedi: "Məni sağalda bilsən, bunların hamısı sənin olacaq!”
Uşaq dedi: "Mən heç kəsi sağaltmıram. Sağaldan yalnız qüdrətli və qüvvətliAllahdır. Əgər sən Allaha iman gətirsən və Ona dua etsən, O sənin gözlərini açar.” O, Allaha iman gətirdi və Ona dua etdi, Allah da onun gözlərini açdı. Sonra o gəlib həmişəki kimi padşahın yanında oturdu.
Padşah ondan: "Sənin gözlərini kim sənə qaytardı?”- deyə soruşdu. O: "Mənim Rəbbim!”- deyə cavab verdi. Padşah dedi: "Məgər sənin məndən başqa Rəbbinmi var?”
O dedi: "Mənim də Rəbbim, sənin də Rəbbin – Allahdır!” Padşah ona o qədər işgəncə verdi ki, axırda o, uşağı nişan verdi. Uşağı padşahın hüzuruna gətirdilər. Padşah ona dedi: "Oğlum! Sən sehrbazlıqda elə bir səviyyəyə gəlib çatmısan ki, anadangəlmə korları və cüzam xəstəliyinə tutulanları sağaldır, həmçinin başqa xəstəlikləri də müalicə edirsən.”
Uşaq dedi: "Mən heç kəsi sağaltmıram. Sağaldan yalnız qüdrətli və qüvvətli Allahdır.” Padşah ona da o qədər əzab verdi ki, nəhayət o, Alimin adını verdi. Alimi padşahın hüzuruna gətirdilər. Padşah ona: "Dinindən dön!”– dedi. Alim isə buna razı olmadı. Onda padşah mişar gətizdirdi və onu başının tən ortasından mişarlayıb iki hissəyə böldülər. Sonra padşahın yaxın adamını onun hüzuruna gətirdilər. Padşah ona: "Dinindən dön!”– dedi. Lakin o buna razı olmadı. Onu da başının tən ortasından mişarlayıb iki hissəyə böldülər. Sonra uşağı onun hüzuruna gətirdilər. Padşah ona: "Dinindən dön!”– dedi. Amma o buna razı olmadı. Padşah əsgərlərindən bir neçəsinə tapşırıb dedi: "Onu filan dağa aparın, o dağın zirvəsinə qaldırın və əgər dinindən dönməsə, onu oradan aşağı atın!”
Onlar uşağı aparıb dağın başına qaldırdıqda o dedi: "Allahım! Özün istədiyin kimi məni onlardan xilas et!” Bu dəmdə dağ silkələndi və padşahın əsgərləri yerə düşdülər. Uşaq isə qayıdıb padşahın yanına gəldi. Padşah soruşdu: "Səninlə gedən əsgərlər necə oldu?” Uşaq dedi: "Allah məni onlardan xilas etdi!” Padşah əsgərlərindən bir neçəsinə tapşırıb dedi: "Onu qayığa mindirib dənizə çıxarın və əgər dinindən dönməsə, onu dənizə atın!”
Onlar dənizə çıxanda uşaq dedi: "Allahım! Özün istədiyin kimi məni onlardan xilas et!” Bu vaxt qayıq yırğalandı və əsgərlər dənizə düşüb boğuldular. Uşaq isə qayıdıb padşahın yanına gəldi. Padşah soruşdu: "Səninlə gedən əsgərlər necə oldu?” Uşaq dedi: "Allah məni onlardan xilas etdi!” Sonra o, padşaha dedi: "Sən mənim dediklərimi yerinə yetirməyincə məni öldürə bilməyəcəksən.”
Padşah soruşdu: "Mən nə etməliyəm?” Uşaq dedi: "Camaatı meydana yığ! Sonra məni ağacın gövdəsində çarmıxa çək. Sonra da mənim ox qabımdan bir ox götürüb onu yaya qoy və: "Bu uşağın Rəbbi Allahın adı ilə!”– deyib oxu mənə at. Əgər belə etsən, məni öldürə bilərsən.” Padşah camaatı meydana yığdı və uşağı çarmıxa çəkdi. Sonra onun ox qabından bir ox götürüb onu yaya qoydu və: "Bu uşağın Rəbbi Allahın adı ilə!”– deyib oxu atdı. Ox uşağın gicgahına batdı və o, əlini gicgahına – oxun batdığı yerə qoyub canını tapşırdı. Meydana toplaşmış adamlar dedilər: "Biz bu uşağın Rəbbinə iman gətirdik! Biz bu uşağın Rəbbinə iman gətirdik! Biz bu uşağın Rəbbinə iman gətirdik!”
Padşahın tərəfdarları ona dedilər: "Sənin nədən çəkindiyin yadındadırmı? Vallahi, bu, sənin başına gəldi. Camaatın hamısı iman gətirdi”. Onda padşah yolların kənarında xəndəklər qazmağı və bu xəndəklərdə od qalamağı əmr etdi. Sonra da belə buyurdu: "Dinindən dönməyən hər kəsi oda atın!” Nəhayət, qucağında südəmər körpəsi olan bir qadınıxəndəyin kənarına gətirdilər. Qadın dinindən dönüb geri çəkilmək istədikdə, körpə dil açıb dedi: "Anacan, səbirli ol! Həqiqətən də, sən haqq yoldasan!”
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər