Lüğət və terminologiyada "Rəcətin" mənası |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 1-10-2015, 20:59 | Şərh sayı: (0) | Baxılıb: 840
Lüğət və terminologiyada "Rəcətin" mənası
“Rəcət” sözü “rəcə” kəlməsinin məsdəri olub lüğətdə “bir dəfə qayıtmaq” mənasını verir. [1] Kəlam (sxolastika) elminin terminologiyasında “Rəcət” sözü Qiyamət günündən öncə dünyasını dəyişmiş bir qrup insanın yer üzünə yenidən qayıtması mənasındadır. Əhli-beyt (ə) tərəfdarlarına görə isə “Rəcət” sözünün mənası İmam Zamanın (ə.f) zühurundan sonra məsum imamların (ə), saleh və mömin bəndələrin, bir də kafir və fasiq şəxslərin yer üzünə yenidən qayıtmasıdır. [2] Rufaə İbn Musa İmam Sadiqin (ə) belə buyurduğunu nəql edir: “(Rəcət zamanı) Dünyaya ilk olaraq qayıdan Hüseyn ibn Əli (ə) və onun tərəfdarları, Yəzid ibn Müaviyə və onun tərəfdarları olacaqdır ki, İmam onların hamısını qətlə yetirəcək. Sonra İmam Sadiq (ə) bu ayəni oxudu: ( ثُمَّ رَدَدْنَا لَکُمُ الْکَرَّةَ عَلَیْهِمْ وَأَمْدَدْنَاکُم بِأَمْوَالٍ وَبَنِینَ وَجَعَلْنَاکُمْ أَکْثَرَ نَفِیرًا ) “Sonra onlar üzərində qələbə və hakimiyyəti yenidən sizə qaytarar, sizə mallar və oğullarla kömək edər və sizi say baxımından (onlardan) çox edərik.” (Isra /6) [3] “Rəcət” əhli-beyt məktəbinin heç bir şübhə doğurmayan inanclarındandır. Bu inanc Quran və məsumların kəlamlarına əsaslanır. Bu mövzu hələ Peyğəmbər (s) dönəmindən diqqət mərkəzində olmuş və müxalif fikirlərlə də üz-üzə qalmışdır. Bəziləri hətta “Rəcətin” qeyri-mümkün olmasını da qeyd etmişlər. Lakin “Rəcətin” hökmü “Zühurun” hökmü kimi yalnız Aallah-Taala tərəfindən veriləcək. Əhli-beyt (ə) ardıcılları Quran, hədis , icma və ağıla söykənən müxtəlif dəlillər vastəsi ilə “Rəcəti” qəbul etmişlər. Başqa sözlə desək, Rəcəti “kiçik qiyamət” hesab edirlər. Onlar “Rəcəti” dinin əsaslarından hesab etmədiklərinə görə onu inkar edənləri də kafir hesab etmirlər. [4] Lakin buna baxmayaraq bu mövzu o qədər mühüm və əhəmiyyətlidir ki, İmam Sadiq (ə) bu barədə belə buyurmuşdur: “Rəcətə inanmayan şəxs bizdən deyil.” [5] “Rəcət” barəsində Quranda da müəyyən xəbərlər verilmişdir: وَیَوْمَ نَحْشُرُ مِن کُلِّ أُمَّةٍ فَوْجًا ممَّن یُکَذِّبُ بِآیَاتِنَا فَهُمْ یُوزَعُونَ “Hər bir ümmətdən Bizim ayələrimizi təkzib və inkar edən dəstələri toplayacağımız o gün, onlar bir yerdə cəm edilər və tutulub saxlanılar.” (Nəml/83) Mərhum Təbərsi Şeyx Tusi kimi böyük alimlərin belə dediyini nəql edir: “Ayə “Rəcətə” işarədir. Ona görə ki, ayədə buyurulur ki, “inkar edən dəstələri toplayacağıq.” Əgər ayə Qiyamət barədə olsa idi o cümlənin yerinə “hamını toplayacağıq” cümləsi işlədilərdi. Çünki Qiyamət günü hamı istisnasız cəm olunacaq və məhşər səhnəsinə gətiriləcək. Bu barədə Quran belə deyir: وَحَشَرْنَاهُمْ فَلَمْ نُغَادِرْ مِنْهُمْ أَحَدًا “… Və onları (ölüb yerə batmış bütün canlıları) toplayar və onlardan birini belə yerdə qoymarıq.” (Kəhf/47) Qaynaqlar: [1] Lisanül-ərəb, İbn Mənzur, c. 8, səh.114 [2] “Rəcət əz nəzəre şiə”, Nəcmuddin Təbərsi, səh.15 [3] Biharül-Ənvar, c.53,səh.76 [4] “Porseş və pasox peyramune-imame-zəman”, Seyyid Cəfər Musəvinəsəb, c.2, səh.276 [5] Biharül-Ənvar, c.53, səh.92
imamzaman.az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər