Zühur əlamətlərindən hesab olunan şiddətli yağıntılar |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 15-10-2015, 13:55 | Şərh sayı: (0) | Baxılıb: 464
Zühur əlamətlərindən hesab olunan şiddətli yağıntılar
Bəzi hədislərdə şiddətli və davamlı yağıntılar zühur əlaməti kimi qeyd olunmuşdur. Bu hədislərdən bir neçəsinə işarə edərək məsələyə aydınlıq gətirməyə çalışacağıq.
Bəzi hədislərdə Həzrət Mehdinin (ə.f) zühur edəcəyi ildə güclü qıtlıq olacağı, cəmadiul-əvvəl ayında isə indiyə qədər misli görünməmiş ardıcıl və şiddətli yağışlar yağacağı qeyd edilir. Bu yağıntı rəcəb ayınadək davam edəcək. İmam Sadiqin (ə) belə buyurduğu nəql olunur:
“Qaimin (ə.f) qiyamı yaxınlaşdığı zaman – cəmadis-sani və rəcəb ayının ilk on günü ərzində misli görünməyən və indiyə qədər heç kimin şahid olmadığı güclü yağışlar yağacaq”[1].
Şeyx Müfid “əl-İrşad” kitabında zühur əlamətlərindən bir neçəsini qeyd etdikdən sonra belə yazır:
“... Bu əlamətlər 24 gün yağan ardıcıl yağışdan sonra başa çatar, nəticədə ölmüş torpaq dirilər və ondakı bərəkətlər hamıya aşkar olar”[2].
Şeyx Tusi isə belə yazır:
“Mehdinin zühur edəcəyi ildə 24 gün ardıcıl təsiri və bərəkəti müşahidə ediləcək dərəcədə yağış yağacaq”[3].
Bu hədislərdən məlum olur ki, İmamın (ə.f) zühuruna yaxın zamanlarda baş verəcək hadisələrdən biri də şiddətli və ardıcıl yağıntılardır. Sanki bir növ zühur əsri üçün zəmin yaradır. Qeyd etdiyimiz kimi, zühur ilində şiddətli qıtlıq və quraqlıq olacaq. Lakin bu yağışlar sanki yeri münbitləşdirib yumşaldaraq onu İmamın (ə.f) zühurundan sonrakı zaman üçün əkin-biçinə hazırlayır.
Həzrət Əli (ə) buyurur:
“ Cəmadiul-əvvəl və rəcəb ayları arasında baş verənlərdən çox təəccüblənirəm[4]”.
Bu yağıntıların hikməti yerin təravəti və məhsul bolluğu ilə zühura hazırlığıdır. Əslində möcüzə bu yağıntılarda deyil, onların yağma müddətinin uzunluğundadur.
Lakin bu məsələ barədə nəql olunan bu hədislərin nöqsanlı və zəif tərəfləri də var. Qısa olaraq bu nöqsanlara işarə edək:
1. Sənəd zəifliyi.
2. Bu məzmunu ifadə edən hədislərin sayının azlığı
3. Hədislərdə şiddətli leysan və sel yaradacaq yağışlardan söhbət açılmır. Hədislərdə qeyd olunan yağışın miqdarı (bir və ya iki ay ərzində 24 gün) orta yağıntılı ərazilərdə baş verən adi hadisələrdəndir. Yağıntılı ərazilərdə isə bu miqdar qat-qat çoxdur. Bu səciyyə ilə yağıntıları zühur əlaməti hesab etmək düzgün olmazdı. Çünki zühur əlaməti mühüm və diqqət çəkəcək səviyyədə olan bir hadisə olmalıdır.
5. Hədislərdə yağıntının düşəcəyi məkanın adı qeyd edilməmişdir. Ümumi məzmundan bu yağıntıların Orta Şərqin İslam ölkələrində baş verəcəyi anlaşılır. Bu regionda isə hər iki iqlim şəraiti mövcuddur. Məsələn, Livan, İran soyuq və yağıntılı iqlimə, Hicaz, Nəcəf isə quru və səhra iqliminə malikdir. Bu yağıntıların məkanı ilə bağlı iki versiya irəli sürmək olar.
1. Yağıntıların müqəddəs Məkkə və Mədinə şəhərlərinə düşməsi. Bu şəhərlərə qeyd olunan miqdarda yağıntının düşməsi diqqəti cəlb edə bilər.
2. Bütün Orta Şərq regionunda.
Bu, təbii və bizdən asılı olmayaraq baş verən və insan cəmiyyətləri ilə heç bir əlaqəsi olmayan əlamətlərdir. Bunları araşdırdıqda əhəmiyyətinə görə iki əlamət daha çox səciyyəvidir:
1. Qaim və atasının adını ehtiva edən çağırış;
2. Günəş və ay tutulması;
Muhəmməd Sadiq Sədr yuxarıda qeyd edilənlərə əlavə edərək deyir: “Hədisləri qarşımıza qoyduğumuz metodlar əsasında araşdırıb təhlil və analiz etdiyimiz zaman, bu iki əlamət istisna olmaqla, digər əlamətlərin tarixi sübut üçün yetərsiz olduğu müəyyən olunur[5]”.
Bəhruz Camal
imamzaman.az
[1] Təbərsi, İlamul-vəra, səh.432, Biharul-Ənvar, c.52, səh.232, əl-Ğeybə, səh.171
[2] Şeyx Müfid, əl-İrşad fi mərifəti hücətullah ələl-ibad, səh.337
[3] Şeyx Tusi, əl-Qeybə, səh.259
[4] Biharul-Ənvar, c.52, səh.229, Yəvmul-xilas, səh.645
[5] Muhəmməd Sadiq Sədr, İmam Mehdi, c.3, səh.102
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər