Rusiya - 2016: əsas təhlükələr və Cənubi Qafqaz |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 13-04-2016, 18:13 | Şərh sayı: (0) | Baxılıb: 242
Rusiya - 2016: əsas təhlükələr və Cənubi Qafqaz
Rusiyanın "Valday" beynəlxalq müzakirələr klubu 2016-cı ildə ölkəni gözləyən təhlükələrin təhlilini verib. Analitiklər bu keyfiyyətdə bir neçə faktor göstəriblər. Ən təhlükəli amil kimi ABŞ-ın yeritdiyi xarici siyasət təqdim edilib.
Ixlas.Az newtimes.az-a istinadən bildirir ki, bundan başqa, terrorçuluq, Mərkəzi Asiya ölkələrindən birində dövlət çevrilişi, Yaxın Şərq, Ukrayna, Dağlıq Qarabağda münaqişələr və digər məqamlara diqqət çəkilib. Hazırlanan məruzənin məzmunundan hiss olunur ki, müəlliflər Rusiyanı təhdid edən təhlükələrə beynəlxalq münasibətlər sistemi müstəvisində baxır, başlıca təhdid mənbəyi kimi isə Amerikanı götürürlər. Vaşinqtonun Rusiya istiqamətindəki fəaliyyətinin məntiqi Çin faktoru ilə əlaqələndirilir. Digər bütün təhlükələr məhz bu kontekstdə qiymətləndirilir. Bizi daha çox maraqlandıran Cənubi Qafqaz regionu kontekstində hansı məqamların təhlükəli hesab edilməsidir. Bu bağlılıqda sənəd müəlliflərinin irəli sürdüyü proqnozlar xeyli dərəcədə düşündürücü təsir bağışlayır.
Birinci təhlükə: Vaşinqtonun Moskva-Pekin xəttindəki oyunları
Dünyanın böyük dövlətlərinin "beyin mərkəzləri" 2016-cı ildə meydana çıxa biləcək təhlükələr haqqında proqnostik xarakterli hesabatlar dərc edirlər. Biz bununla bağlı ABŞ-ın "Stratfor" analitik mərkəzinin və Niderlandın beynəlxalq əlaqələr üzrə "Clingendael" institutunun proqnozları haqqında təhlili yazılar dərc etmişik. İndi başqa bir proqnostik hesabata - Rusiyanın "Valday" beynəlxalq diskussiya klubunun analitiklərinin hazırladığı məruzəyə diqqət yetirmək istərdik. Bu mövzunu bizim üçün aktual edən məqam orada Azərbaycanla da bağlı bir sıra fikirlərin ifadə edilməsidir. Əvvəlcə, onu deyək ki, həmin materialı "Valday" klubu "Xarici siyasət" agentliyinin mütəxəssisləri ilə birgə hazırlayıb (bax: Андрей Безруков, Михаил Мамонов, Сергей Маркедонов, Андрей Сушенцов. Международные угрозы-2016 / "Valdaiclub.com", 2016).
Məruzə müəlliflərinin fikrincə, 2016-cı ildə Rusiya üçün əsas təhlükələr Moskvanın Vaşinqton və Ankara ilə münasibətlərindən qaynaqlana bilər. Bununla yanaşı, Rusiyanın "sünni-şiə münaqişəsinə İranla eyni mövqedən qarışması" da mümkündür (bax: əvvəlki mənbəyə). Bu proqnozların arxasında konkret faktlar dayanır. Onları birləşdirən tezisi isə rusiyalı analitiklər belə ifadə edirlər. ABŞ Rusiyanı geosiyasi aspektdə Avrasiyanın "dərinliklərinə sıxışdırmaq" kursu götürüb. Bununla Vaşinqton iki məqsəd güdür. Birincisi, Rusiya ciddi iqtisadi rəqib ola bilmir. İkincisi, Avrasiyada ABŞ-ın modelinə alternativ güc mərkəzi formalaşdıra bilmir.
Bunların nəticəsində Moskva Çinin mümkün təcavüzündən ehtiyat edəcək və ABŞ-ın "XXI əsrdə başlıca layihəsində tərəfdaş olmağa məcbur olacaq" (bax: əvvəlki mənbəyə). Həmin layihənin əsas məqsədi isə Çini çəkindirməkdir. Deməli, məruzə müəlliflərinin mövqeyinə görə, Vaşinqtonun Rusiya siyasəti birbaşa həmin ölkənin daxili potensialı ilə bağlı olmayıb, dolayısı ilə Çinin nüfuzunun yüksəlməsini əngəlləmək üçün istifadə olunacaq vasitələrdən biridir. Belə çıxır ki, Amerika Rusiyanı deyil, Çini özünə əsas rəqib görür. Bu, geosiyasi kontekstdə ABŞ-ın Rusiyanı supergüc kimi qəbul etmədiyi anlamına gəlir. Görünür, rəsmi Moskvanın qüruruna da məhz bu məqam toxunur.
Bu bağlılıqda məruzə müəlliflərindən biri olan Andrey Suşentsov deyir: "Bütün hallarda amerikalıların davranışı Rusiyanın maraqlarına zərər verir, çünki onlar bizimlə nələrisə müzakirə etməyə ehtiyac görmürlər. Bizim onları dialoqa dəvət etməyə yönəlmiş istənilən cəhdimiz anlaşılmazlıqla qarşılanır və mənfi cavab reaksiyası doğurur. Biz amerikalıların qlobal liderliyə can atması ilə Rusiyanın nəhəng müstəqil güc olmaq istəyinin girovuna çevrilmişik. Amerikan siyasətinin praktikasında bərabərhüquqlu tərəfdaşla qarşılıqlı əlaqə hadisəsi yoxdur. Rusiyanı Birləşmiş Ştatlar Çinə qarşı potensial rəqib kimi görür" (bax: США возглавили список международных угроз для России / "Известия", 29 mart 2016).
Bizcə, mövcud vəziyyəti düzgün ifadə edən strateji mənalı fikirlərdir. Əgər Vaşinqton Moskvanı başqa güclü dövlətə qarşı geosiyasi hədəfləri və qlobal liderliyinin təmini məqsədi ilə istifadə etməyə çalışacaqsa, ziddiyyətlər mütləq özünü göstərəcək. Əslində, bunun bariz nümunəsi Suriyadır. Orada Moskva ilə Vaşinqton ayrı-ayrılıqda hərəkət edir və aralarındakı fikir ayrılığı daim özünü göstərir. Moskva Vaşinqtonu inandırmağa çalışır ki, onun səviyyəsində olan supergücdür, Amerika isə, obrazlı desək, "yalnız məndən sonra" mesajlarını verir. Təsadüfi deyil ki, ABŞ bir tərəfdən Rusiyanın sərhədi boyu yeni silahlar yerləşdirir, digər tərəfdən də Moskvanın siyasi təcridi istiqamətində addımlar atır.
Bu kontekstdə çox təhlükəli məqamlardan biri Vaşinqtonun Rusiyanın sərhədinə yaxın ölkələrdə sabitliyi pozmağa yönəlmiş addımlar ata biləcəyi ilə bağlı şübhələrin olmasıdır. Konkret olaraq, ABŞ Mərkəzi Asiyada - Tacikistanda radikal (ilk növbədə İŞİD və ona yaxın) dini qruplardan, Cənubi Qafqazda isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən istifadə edə bilər.
Cənubi Qafqaz: müharibə ocağı alovlana bilərmi?
Xatırladaq ki, "Valday" klubunun analitikləri bütün bunları Rusiya üçün təhlükə yarada biləcək faktorlar qismində təqdim edirlər. Burada Mərkəzi Asiyada və Cənubi Qafqazda sabitliyin pozulması ehtimalının vurğulanması isə yalnız Rusiyanı əhatə etmir. Əgər Dağlıq Qarabağ məsələsi ilə əlaqədar situasiyanı nəzarətdən çıxarmaq planı mövcuddursa, bütövlükdə, region üçün ciddi təhdidlərin meydana gələcəyini göz önünə almaq lazım gəlir. Çünki bu halda bölgənin böyük dövlətləri olan Rusiya, Türkiyə və İran proseslərin gedişinə müdaxilə edə bilərlər.
Məhz həmin kontekstdə "Valday" analitiklərinin Moskvanın İrəvanla birlikdə müharibəyə qoşula biləcəyini xüsusi qeyd etməsi çox düşündürücüdür. Məruzə müəllifləri yazırlar: "Bu "qaynar nöqtə"də kövrək status-kvonun sınması Rusiya üçün mənfi nəticələr verəcək. Birincisi, bu, Avrasiya inteqrasiya modelinin perspektivini sual altına salacaq... İkincisi, Moskva ilə Bakının maraqları "gürcü ssenarisi"nin təkrarlanmasına qədər qarşı-qarşıya gələ bilər. Üçüncüsü, Rusiyanın mövqeyinin zəifləməsi münaqişənin daha geniş miqyasda beynəlmiləlləşməsinə aparıb çıxara bilər ki, bu da RF-nin təsirinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olar" (bax: Андрей Безруков, Михаил Мамонов, Сергей Маркедонов, Андрей Сушенцов. Международные угрозы-2016 / "Valdaiclub.com", 2016).
Belə çıxır ki, rusiyalı analitiklər Moskvanın Ermənistanın tərəfini tuta biləcəyini normal hal hesab edirlər. Ancaq məsələ ondan ibarətdir ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biridir və bu keyfiyyətdə neytrallığını saxlamalıdır. Əgər belə deyilsə, deməli, uzun illərdir ki, Rusiya münaqişənin həllində tərəfsiz mövqe tutmayıb. Digər tərəfdən, Azərbaycanla Rusiya strateji tərəfdaşdırlar. Həmin səbəbdən, hərbi əməliyyatlar zamanı Moskvanın öz strateji tərəfdaşına qarşı savaşması məntiqsiz olardı.
Türkiyə məsələsinə gəldikdə isə bu dövlət NATO-nun üzvüdür və onun hər hansı hərbi münaqişəyə müdaxilə etməsi asan deyil. Ankaranın Azərbaycanla ortaq hərəkət etməsi bu səbəbdən inandırıcı görünmür. Eynilə, çətin ki, Kreml açıq şəkildə Ermənistan tərəfdən müharibəyə girişsin. Məruzə müəlliflərinin özləri vurğulayırlar ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzvləri arasında həmin məsələ ilə bağlı yekdil mövqe yoxdur. Bu şəraitdə Rusiyanın bir neçə strateji tərəfdaşı ilə ziddiyyətə girməsi ehtimalı azdır.
Buradan aydın olur ki, hansısa dairələrin Cənubi Qafqazda geosiyasi vəziyyətin gərginləşməsində marağı vardır. Onlar böyük dövlətlərin də iştirak etdiyi qorxulu müharibənin meydana gəlməsini arzulayırlar. Bunun üçün Dağlıq Qarabağ münaqişəsindən istifadə etməkdə maraqlıdırlar. Həmin dairələrin kimliyi məlumdur - erməni diasporu və bir sıra böyük silah şirkətləri. Müəyyən mənada Qafqazda "kiçik Yaxın Şərq" yaratmaq arzusunda olan bu qüvvələr, faktiki olaraq, bizim regionda terror dalğası yaratmağın izinə düşüblər. "Valday" klubu analitiklərinin həmin tələyə nəyə görə düşməsi ayrıca düşündürücü məqamdır.
Hər bir halda, yuxarıdakı təhlildən görünür ki, 2016-cı ildə Rusiya üçün gözlənilən təhlükələrin bir qismi Cənubi Qafqazdakı geosiyasi mənzərə ilə bağlıdır. Bu, qorxulu gedişatdır. Burada mövcud olan münaqişələri həll etmək əvəzinə, onları alovlandırmaq fikrinə düşmək region xalqlarını faciəyə apara bilər. Eyni zamanda, bu ssenari, hər şeydən əvvəl, təcavüzkarın xeyrinə olardı. Çünki rəsmi İrəvan işğal etdiyi ərazilərdə möhkəmlənmək üçün əlavə bəhanələr əldə edə bilər. Ermənistanın zəbt etdiyi Azərbaycan torpaqlarından çəkilməsi məsələsi təxirə salına bilər. Bu isə regionda hərbi, siyasi və geosiyasi vəziyyətin uzun müddət gərgin qalmasına təkan verər.
Bunlardan belə görünür ki, söhbət yalnız Rusiyanı təhdid edən təhlükələrdən getmir. Geniş geosiyasi məkanda, o cümlədən Cənubi Qafqazda da təhlükəli məqamlar meydana gələ bilər. Bundan bütün bölgə xalqlarının zərər görəcəyinə şübhə olmamalıdır. Yəni uduzan qafqazlılar olacaq.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər