"Bir çox ölkələrin edə bilmədiyini Türkiyə və Azərbaycan birlikdə həyata keçirdilər" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 8-12-2015, 22:48 | Şərh sayı: (0) | Baxılıb: 356
"Bir çox ölkələrin edə bilmədiyini Türkiyə və Azərbaycan birlikdə həyata keçirdilər"
Türkiyənin baş naziri Əhməd Davudoğlunun Bakıya son səfəri bir çox baxımdan əhəmiyyətli məqama təsadüf etdi. Rusiyaya məxsus "Su-24" döyüş təyyarəsinin Türkiyənin hava sərhədini pozduğu üçün vurulması ilə bağlı yaranmış insidentdən sonra Yaxın Şərqdə geosiyasi proseslərin dəyişməkdə olması, qlobal enerji təhlükəsizliyinin təmini məsələsinin daha da həssas səviyyəyə yüksəlməsi, regional əməkdaşlıq perspektivlərini bir daha gözdən keçirmək və beynəlxalq terrorla mübarizədə birgə fəaliyyəti daha səmərəli təşkil etmək ehtiyacı həmin sırada aktuallıq kəsb edən faktorlardır. Bu kimi məqamların fonunda Türkiyə baş nazirinin Azərbaycana səfəri maraq doğurur. Mövzu yuxarıda qoyulan kontekstdə geniş olduğundan biz yalnız bəzi özəlliklərə diqqət yetirmək istərdik.
Yeni geosiyasi şərtlər: səfərin aktuallığı
Etiraf edilməlidir ki, son zamanlar regional və qlobal geosiyasi miqyasda Türkiyə mövzusuna maraq xeyli artıb. Ekspertlərin bir qismi Ankaranın nüfuzunun yüksəldiyinə əmindir. Bunun əksini düşünənlər də var. Bu məsələni zaman obyektiv qiymətləndirəcək. Ancaq indi böyük dövlətlərin də Yaxın Şərqdə Türkiyə faktoruna daha çox diqqət yetirilməli olduğunu dərk etdikləri danılmaz faktdır. Belə ki, baş nazir Əhməd Davudoğlunun Azərbaycana səfəri dünyada böyük marağa səbəb olub.
Əslində, həmin səfəri ənənəvi saymaq olar. Çünki Türkiyədə baş nazir vəzifəsinə seçilən istənilən siyasətçi ilk xarici səfərini Azərbaycana edir. Lakin hazırda özünü göstərən geosiyasi şərtlər prizmasından bu gəlişin daha dolğun məna kəsb etdiyini də inkar etmək olmaz. Əhməd Davudoğlu Bakıda apardığı danışıqlarla və verdiyi mesajlarla diqqəti çəkib.
Rəsmi Bakı Türkiyənin baş nazirini "Bir millət, iki dövlət" prinsipinə uyğun yüksək səviyyədə qarşıladı. Azərbaycan tərəfi Türkiyə ilə əməkdaşlığı beynəlxalq hüquq normaları çərçivəsində inkişaf etdirməyə hazır olduğunu bəyan etdi. Xarici siyasətini həmişə müstəqil surətdə həyata keçirən Azərbaycan rəhbərliyi regionda sülh, sabitlik və inteqrasiyanın bərqərar olması üçün bütün imkanlardan istifadə etməkdə qərarlıdır.
Azərbaycanın dövlət başçısı bu kontekstdə Türkiyə ilə birgə həyata keçirilən layihələrin əhəmiyyətini bir daha vurğulayıb. Prezident onların yalnız iki ölkə və bölgə üçün deyil, bütövlükdə dünya üçün əhəmiyyət daşıdığını bildirib. İlham Əliyev bununla bağlı konkret fikir söyləyib: "Bu gün, eyni zamanda, bizi birləşdirən enerji, nəqliyyat layihələri haqqında fikir mübadiləsi apardıq. Burada da ölkələrimiz, xalqlarımız, bölgə və dünya üçün gördüyümüz işlər böyük məna daşıyır" (bax: Prezident İlham Əliyev və baş nazir Əhməd Davudoğlu mətbuata bəyanatlarla çıxış ediblər / AZƏRTAC, 3 dekabr 2015). Həmin çərçivədə TANAP layihəsinin ayrıca geosiyasi, siyasi və iqtisadi dəyəri vardır.
Bu məqam Qərbin enerji təhlükəsizliyi ilə sıx bağlıdır. Prezident İlham Əliyev baş nazir Əhməd Davudoğlu ilə mətbuata verdiyi bəyanatda bu özəlliyi önə çəkib. O, TANAP-ı ayrıca qeyd etməklə yanaşı, onun "beynəlxalq layihə kimi dünya miqyasında diqqət mərkəzində" olduğunu deyib. Yəni məsələ qlobal miqyasda maraq doğurur, ona beynəlxalq aləmin ehtiyacı çoxdur. Bu o deməkdir ki, Azərbaycan və Türkiyə hazırda faktiki olaraq Qərbin enerji təhlükəsizliyinin təminində əsas rollardan birini oynamaqdadır.
Məhz bu səbəbdən Avropa həmin layihənin əvvəlcə vəd edilən 2018-ci ildən də bir qədər tez reallaşmasında maraqlı olduğunu ifadə edib. Azərbaycan rəhbərliyi etibarlı tərəfdaş kimi buna da razılığını bildirib. Ölkə rəhbəri birmənalı ifadə edib: "TANAP layihəsinin icrasında heç bir problem yoxdur və bu gün biz bir daha bu məsələni müzakirə etdik. Əminəm ki, bu layihə vaxtında - 2018-ci ildə, bəlkə ondan da tez icra ediləcəkdir" (bax: əvvəlki mənbəyə).
Avropanın enerji təhlükəsizliyi: Azərbaycan və Türkiyənin tarixi missiyası
Nəticədə, Türkiyə və Avropa yeni alternativ enerji mənbəyinə çıxış əldə edəcəklər ki, bundan da bütün tərəflər fayda görəcək. Baş nazir Əhməd Davudoğlu Azərbaycan prezidenti ilə eyni fikirdə olduğunu bildirib. O da mətbuata verdiyi bəyanatda Avrasiya miqyasında ən böyük layihələrin Türkiyə-Azərbaycan əməkdaşlığı sayəsində reallaşa bildiyini xüsusi vurğulayıb.
TANAP da məhz həmin strategiyanın bəhrəsidir. Əhməd Davudoğlu qeyd edib: "TANAP layihəsi artıq xəyala çevrilən NABUKKO kimi bir çox layihədən sonra həyata keçirilibsə, bu, Türkiyə və Azərbaycan arasında dostluq, qarşılıqlı etibar sayəsində reallaşıb. Bir çox ölkələrin edə bilmədiyini Türkiyə və Azərbaycan danışıqlar apararaq birlikdə həyata keçirdilər" (bax: əvvəlki mənbəyə).
Fikirlərini inkişaf etdirərək, Türkiyənin baş naziri enerji məsələsini qlobal geosiyasi mənzərə ilə bağlayıb. O, açıq surətdə ifadə edib: "...TANAP və Bakı-Tbilisi-Ceyhan iki böyük layihə olaraq neft və təbii qaz ehtiyatlarının Xəzərdən Aralıq dənizinə və Avropaya çatdırılmasında əsas kanallardır. TANAP-ın TAP ilə tamamlanması Avropa daxilində balanslaşmaya da təsir edəcək" (bax: əvvəlki mənbəyə).
Burada Türkiyə baş nazirinin iki ölkə arasındakı əməkdaşlığın dünya miqyasında oynadığı rola və tutduğu yerə dair konkret fikirləri əks olunub. Onu da qeyd edək ki, həmin məqamı Əhməd Davudoğlu "ADA" Universitetindəki çıxışında daha geniş ifadə edib (bax: Ahmet Davutoglu speaks at ADA University / "Youtube.com", 4 dekabr 2015). Baş nazir buna Türkiyə ilə Azərbaycanın milli, tarixi, siyasi və mədəni yaxınlığı aspektində nəzər salıb.
Belə yanaşmanın xüsusi mənası vardır. Çünki Əhməd Davudoğlu iki ölkə rəhbərliyinin sadəcə həmin yaxınlıqların subyektiv təsiri altında qalmadıqlarını, bu imkandan bütün dünyanın tərəqqisi üçün geniş və obyektiv surətdə istifadə etdiklərini çatdırıb. Belə ki, dünyada ikinci elə bir nümunə yoxdur ki, bir-birinə Türkiyə və Azərbaycan səviyyəsində yaxın olmaqla, təmənnasız, eqoizmdən uzaq, tərəfkeşlik etmədən bəşəriyyət üçün töhfələr versin. Tərəflərin Cənubi Qafqazda sülhün bərqərar olması istiqamətində atdıqları addımlara, beynəlxalq enerji layihələrindəki iştirakına, terrora qarşı mübarizədə birgə əməkdaşlığına bu müstəvidə nəzər salmaqda fayda vardır.
Əhməd Davudoğlunun "ADA" Universitetində irəli sürdüyü geosiyasi əhəmiyyətli tezislərə yuxarıda vurğuladığımız məqamlarla eyni məntiqi düzəndə baxsaq, "Avropa daxilində balanslaşma" ifadəsinin də məzmununu daha geniş kontekstdə qiymətləndirə bilərik. Bu, "4B" əməkdaşlıq strategiyasının tərkib hissəsidir. Baş nazir "4B" dedikdə, Pekin (ingiliscə bu ad "B" hərfi ilə başlayır - Beijing), Bakı, Boğaziçi, Brüssel xəttində həyata keçiriləcək əməkdaşlıq layihələrini nəzərdə tutur. Düşünürük ki, məsələnin bu tərəfi Türkiyə baş nazirinin Azərbaycana səfərinin strateji məqamları ilə sıx bağlıdır.
Həmin kontekstdə Azərbaycan-Türkiyə əməkdaşlığının "4B" strategiyasının "onurğa sütunu" olması tezisi gəlişigözəl söz və ya iki ölkənin sıx yaxınlığına ünvanlanan bir kompliment deyil. Əhməd Davudoğlunun bu tezisinin geosiyasi, mədəni və iqtisadi çalarları mövcuddur. Faktiki olaraq siyasətçi burada iki dövlət arasındakı əməkdaşlığın uzunmüddətli strategiyasını açmışdır. Bu bağlılıqda belə bir sual yarana bilər: niyə geniş bir geosiyasi məkanın gələcək taleyinin "onurğa sütunu" məhz Azərbaycan-Türkiyə əməkdaşlığı olur?
Cavab prezident İlham Əliyevin, dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın, baş nazir Əhməd Davudoğlunun həmin mövzu ilə bağlı ifadə etdikləri fikirlərdə, eyni zamanda, Bakı ilə Ankaranın reallaşdırdıqları siyasi kursdadır. Hər iki dövlətin rəhbərləri dəfələrlə bildiriblər ki, onların əməkdaşlıq qapıları hər kəsin üzünə açıqdır. Hətta Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından dinc yolla çəkilsə, onunla da sıx əlaqələr qurmağa hazırdırlar. Əhməd Davudoğlu bu mövqeni "ADA" Universitetində bir daha açıq ifadə edib.
Belə çıxır ki, TANAP kimi layihələrə yalnız iqtisadi-ticari və enerji çaları olan faktor kimi baxılması onun real əhəmiyyətini tam ifadə etmir. Bu, həm də Azərbaycan və Türkiyənin, Avropa ilə Asiyanı geosiyasi və mədəni birləşdirmək xəttinin əlamətidir. Onun mehvərində isə sülh, sabitlik, inteqrasiya istəyi və geniş mənada birgə tərəqqi etmək məqsədi dayanır. Bunu Türkiyə və Azərbaycanın tarixi missiyası kimi qiymətləndirmək olar.
Qarşılıqlı faydalanma strategiyasının "onurğa sütunu"
Başqa tərəfdən, hazırda müşahidə edilən gərgin geosiyasi mübarizə kontekstində məsələ daha da aktualdır. TANAP həmin müstəvidə faktiki olaraq böyük dövlətlərin əməkdaşlığına, sivilizasiyalar arasında dialoqun yaranmasına ciddi təkan verə bilər. Çünki onun reallaşması superdövlətlərin Xəzər hövzəsindəki rəqabətini sərtlik müstəvisindən qarşılıqlı faydalanma çərçivəsinə keçirəcək. Bir-biri ilə savaşan tərəflər görəcək ki, TANAP və TAP-dan hər kəs faydalana bilər və həmin layihələrin kimsəyə zərəri yoxdur.
O cümlədən Çinlə Qərb arasında etibarlı nəqliyyat bağlantısı yaranmış olur ki, onu qorumaq bütün tərəflərin borcudur. Təsadüfi deyil ki, İlham Əliyev-Əhməd Davudoğlu görüşündə məsələnin bu tərəfinə məxsusi diqqət yetirilib. Azərbaycan prezidentinin Çinə nəzərdə tutulan səfərində həmin kontekstdə fikir mübadiləsinin aparılması haqqında qərar qəbul edilib.
Rusiyanın da buradan faydalana biləcəyi çoxlu məqamlar var. Moskva Azərbaycan vasitəsi ilə həm İran, həm Türkiyə-Avropa, həm də Mərkəzi Asiya istiqamətində geniş əməkdaşlıq imkanları əldə etmiş olur. Burada "Rusiya TANAP və TAP-sız da bunları edə bilər" məntiqinin əsası yoxdur. Çünki Uzaq Şərqdən Avropanın ən ucqar nöqtəsinə qədər uzanan bir məkanda vahid əməkdaşlıq sistemi yaranırsa, ona qoşulmamaq özünü təcrid etmək deməkdir. Kreml buna getməmək üçün kifayət qədər praqmatik və təcrübəlidir.
Məsələnin digər aspekti qlobal enerji təhlükəsizliyi sisteminin perspektivləri ilə əlaqəlidir. Məlumdur ki, indi neft və təbii qaz ehtiyatları ilə zəngin müxtəlif ölkələr fərqli ixrac kursu həyata keçirirlər. Geosiyasi maraqlar burada fəaliyyəti koordinasiya etməyə imkan vermir. Buna əyani misal kimi bir neçə gün əvvəl İranda qaz ixrac edən ölkələrin təşkil etdiyi tədbirlərdə əldə olunan razılaşmalarla OPEK-ə daxil olan dövlətlərin yeritdiyi xətt arasındakı ziddiyyəti göstərmək olar.
İran görüşlərində yaxın perspektivdə əlaqələri gücləndirmək, dünya bazarına daha çox sıxılmış qaz ixrac etmək niyyəti ortaya qoyulmuşdursa, Neft İxrac edən Ölkələr Təşkilatı neft hasilatını daha da artırmağa qərar verib. Ekspertlər hesab edirlər ki, bununla da bu enerji daşıyıcısının qiyməti aşağı düşəcək və bir çox ölkələr yeni səviyyədə iqtisadi geriləməyə məruz qalacaqlar. Deməli, həmin sahədə qlobal miqyasda ziddiyyətlər daha da kəskinləşə bilər.
Bunun fonunda Türkiyə və Azərbaycan bütün tərəflər üçün faydalı olan layihələr həyata keçirirlər. Onlar ayırıcı deyil, birləşdirici məqamlara fokuslaşırlar. TANAP və TAP ölkələri tənəzzülə deyil, daha etibarlı enerji əməkdaşlığına istiqamətləndirir. Məhz belə missiyalı tərəfdaşlıq modeli qlobal əməkdaşlığın "onurğa sütunu" olmağa tam layiqdir.
Əhməd Davudoğlunun fikirlərindəki bu məqamların regional kontekstini də həmin strategiyadan qiymətləndirmək doğru olardı. O, "ADA" Universitetindəki çıxışında Türkiyənin avropalı, asiyalı və afrikalı olduğunu ayrıca qeyd edib, bu mənada Türkiyəni Qara dənizlə yanaşı, həm də Xəzər ölkəsi kimi xarakterizə edib. Bu fikirlərdə coğrafi yerləşmə arxa plandadır. Əsas məqam siyasi-mədəni, geosiyasi və enerji aspektlərindəki məna çalarları ilə bağlıdır. Özü də bu məsələlərdə Türkiyə Azərbaycanla bir yerdə fəaliyyət göstərir.
Bu mənada, prezident İlham Əliyevin ifadə etdiyi aşağıdakı fikirlər aktuallığı ilə seçilir: "Son illər ərzində Türkiyənin inkişafı, güclənməsi, dünya miqyasında artan rolu bizi bir dost, qardaş kimi çox sevindirir və bir daha demək istəyirəm ki, bizi də gücləndirir. Biz gücümüzə güc qatırıq, biz dostuq, qardaşıq. Bu, əsas məsələdir və bütün məsələlərdə bundan sonra da bir-birimizi dəstəkləyəcəyik, bir-birimizin yanında olacağıq" (bax: Prezident İlham Əliyev və baş nazir Əhməd Davudoğlu mətbuata bəyanatlarla çıxış ediblər / AZƏRTAC, 3 dekabr 2015). Ölkə başçısı bunların Azərbaycan və Türkiyənin Avropada gedən proseslərdə ciddi bir amil olmasına təkan verdiyini vurğulayıb.
Sonuncu məqamın xarici siyasətin məzmununa ciddi aidiyyəti vardır. İki ölkənin birlikdə atdığı addımlarının səmimiliyi, faydalılığı, bərabərhüquqluğu Qərbi dərindən düşündürür. Ankara və Bakının, prezident İlham Əliyevin dediyi kimi, "gücümüzə güc qatırıq" prinsipi üzrə həyata keçirilən birgə fəaliyyətinin strateji məzmunu bundan ibarətdir. Buna müasir elmdə "enerjilərin sinergiyası" da deyirlər. Nəticədə, alınan effekt, obrazlı desək, ən soyuq qəlbləri belə isidə bilir, xeyirxahlıq işığı saçır. Belə siyasət niyə də qlobal əməkdaşlıq sisteminin "onurğa sütunu" olmasın?
Qoşa bayraqlar: XXI əsrin xoşbəxtlik mayakları
Əhməd Davudoğlu, əslində, bir qədər başqa formada İlham Əliyevin düşüncələrini ifadə edib. "ADA" Universitetindəki çıxışında Türkiyə hökumətinin başçısı səmimiyyətlə deyib ki, "Azərbaycan bayrağı hardadırsa, Türkiyə bayrağı da ordadır, Türkiyə bayrağı hardadırsa, Azərbaycan bayrağı da ordadır". Sonra sözünə davam edərək, bu tezisi bir qədər də açıq bildirib: "Bizim münasibətlər istənilən iki ölkə arasında olan əlaqələrdən çox fərqli və xüsusi bir yerə sahibdir. Bunun ən yaxşı ifadəsini ulu öndər Heydər Əliyev "Bir millət, iki dövlət", şairimiz Bəxtiyar Vahabzadə "Türkiyə və Azərbaycan, bir ananın iki oğlu" deyərək qeyd ediblər. Azərbaycan və Türkiyə bir ailədir. Biz ayrılmaz münasibətlərə sahibik" (bax: Ahmet Davutoglu speaks at ADA University / "Youtube.com", 4 dekabr 2015).
Diplomatiya və siyasi əməkdaşlıq tarixinə nəzər salsaq, görərik ki, bu cür prinsiplərlə birgə fəaliyyət göstərmək nadir hadisədir. Adətən, iki və daha çox dövlət reallıqda hansısa qüvvələri məğlub etmək naminə sıx əməkdaşlıq edib, başqalarının maraqlarına laqeyd qalıblar. Azərbaycanla Türkiyə isə öz yaxınlıqlarının müsbət aurasını bütün dünyaya yaymaq kursunu seçiblər. Onlar malik olduqları zənginlikləri və xeyirxah əməkdaşlıq strategiyasını məmnuniyyətlə bütün dünya ilə bölüşməyə hazırdırlar. Artıq Ankara və Bakı bu cür tərəfdaşlığın diplomatik ifadəsini müəyyənləşdiriblər.
Onu "ADA" Universitetindəki çıxışında Əhməd Davudoğlu belə ifadə edib: "İnsani və vicdani diplomatiya!" (bax: əvvəlki mənbəyə). Sözün həqiqi mənasında çox ibrətamiz, nümunəvi və birləşdirici mahiyyəti olan diplomatik yanaşmadır. İndi Qərb və Rusiya siyasətçiləri "şəbəkə diplomatiyası", "xalq diplomatiyası", "yeni diplomatiya", "sistemli diplomatiya" və s. kimi ifadələr işlədirlər. Təbii ki, müasir siyasi nəzəriyyələr üçün aktuallıq kəsb edən ifadələr qlobal miqyasda gedən proseslərin başlıca xüsusiyyətlərinə işıq salmağa imkan verir. Lakin onlarda xeyirxahlıq enerjisi, xoşniyyətlilik, bəşəri xoşbəxtlik "emosiyası" yoxdur. Müasir dövr üçün isə bu, son dərəcə əhəmiyyətli məsələlərdəndir. Fikrimizi müasir elmdə müşahidə edilən özəlliklərlə bağlı qısa qeydlə sübut etməyə çalışacağıq.
Hazırda Qərbin aparıcı alimləri siyasətlə humanizmin, elmi kəşflərlə onların sosial sistemlərə təsirlərinin, elmi fəaliyyətin nəzəri və etik aspektlərinin vəhdətinin vacibliyini vurğulayırlar. Yəni hətta sırf elmi yenilik belə yalnız bəşəriyyətin inkişafına xidmət göstərdikdə həqiqi elmi hadisə sayıla bilər. Eyni məntiqlə siyasi və geosiyasi fəaliyyət adi insanları və bütövlükdə bəşəriyyəti xoşbəxt edə biləcəyi halda perspektivli sayıla bilər. Lokal fərdi maraqlara xidmət edən ən effektiv diplomatik addım belə qəbul edilə bilməz.
Bu aspektdə özündə böyük əməkdaşlıq, humanizm, insanlıq, ədalət və vicdani davranış potensialı (obrazlı desək, enerjisi) daşıyan "insani, vicdani diplomatiya" ifadəsi digərlərindən daha cəlbedici, konstruktiv və bəşəri prinsiplərə uyğun görünür. Nə gözəl ki, bu cür yanaşma Azərbaycan və Türkiyə siyasi-diplomatik "mətbəxində" hazırlanıb! Buna görədir ki, "Azərbaycan dünyaya Günəş kimi doğacaq" (Heydər Əliyev) və "XXI əsr türk əsridir" (Turqut Özal) tezisləri dərin siyasi və strateji məzmunu olan diplomatik kursun konkret ifadələrindəndir.
Azərbaycan və Türkiyənin həyata keçirdiyi enerji və nəqliyyat layihələrini qlobal siyasətin incisi olmaq keyfiyyəti səviyyəsinə məhz onların arxasında "insani və vicdani diplomatiya"nın dayanması yüksəldir. Şərqdə düşündürücü bir deyim var - əsas məsələ hərəkətin arxasında hansı niyyətin durmasıdır. İki ölkənin regional siyasətinə bu prizmadan baxdıqda, Bakı və Ankaranın fikirlərinin pozitiv çalarları tam üzə çıxmış olur.
O cümlədən Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olmaq bütövlükdə regionu bəlalardan xilas etmək anlamını verir. Bu barədə Azərbaycan və Türkiyə rəhbərlərinin söylədiklərini xatırlamaq kifayətdir. Prezident İlham Əliyevin bu kontekstdə Əhməd Davudoğlu ilə görüşdən sonra söylədiyi aşağıdakı fikirlər düşündürücüdür: "Biz istəyirik ki, bölgədə sülh, əmin-amanlıq olsun, qarşıdurmalar olmasın, bütün ölkələr, bütün xalqlar rahat yaşasınlar, öz həyatını qursunlar, heç kim heç kimin daxili işinə qarışmasın... Türkiyə-Azərbaycan birliyi və siyasəti bölgədə sabitləşdirici rol oynayır. Çünki bölgədə sabitlik, əfsuslar olsun ki, pozulub, yeni təhdidlər, risklər meydana gəlir. Biz bütün bu çağırışlara hazır olmalıyıq və hazırıq" (bax: Prezident İlham Əliyev və baş nazir Əhməd Davudoğlu mətbuata bəyanatlarla çıxış ediblər / AZƏRTAC, 3 dekabr 2015).
Yuxarıda vurğuladığımız və obyektiv səbəblərə görə üzərində dayana bilmədiyimiz digər məqamlar aydın göstərir ki, Türkiyə-Azərbaycan əməkdaşlığı yüksək dərəcədə insani, vicdani və bəşəri parametrlər üzərində qurulub. Hazırda hər iki ölkənin rəhbərliyi əməkdaşlıq kursundakı bu ruhu göz bəbəyi kimi qoruyur və təmkinli addımlarla həyata keçirir. Əhməd Davudoğlunun Bakı səfərinin strateji mahiyyətinin ana xəttini məhz bu məqamın təşkil etdiyi qənaətindəyik. Onun perspektivinin bütün dünyaya faydası olacağına qətiyyən şübhə etmirik. Gələcək insanlığın keşiyində duranlarındır!
Newtimes.az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər