Ölkə psixoloji devalvasiyadan çıxa bildimi? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 11-02-2016, 11:38 | Şərh sayı: (0) | Baxılıb: 1742
Ölkə psixoloji devalvasiyadan çıxa bildimi?
Cəmiyyət 21 dekabr devalvasiyasında ciddi şok yaşadı. Devalvasiyanın ilk günlərində insanların aldıqları zərbənin təsiri özünü daha aqressiv, daha həssas şəkildə göstərirdi. Biz bunu bölgələrdə yaşanan etiraz aksiyaları fonunda da aydın gördük. İndi isə artıq cəmiyyət nisbətən sakitləşib. Bazarlarda bahalaşma davam etsə də, insanlar buna daha sakit reaksiya göstərirlər.
Müharibə dövründə olduğu kimi, ilk atılan bomba daha böyük ajiotaj yaradır. Sonra isə insanlar atəş səsləri altında yaşamağa öyrəşirlər. Bəs görəsən, hazırda cəmiyyət devalvasiyanın şokundan çıxa bilibmi?
Sosioloq Əhməd Qəşəmoğlu “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu məsələyə ümumi deyil, differensial yanaşmaq lazımdır: “Müəyyən təbəqələrdə artıq devalvasiyanın yaratdığı psixoloji gərginlik keçib. Ancaq müəyyən bir təbəqə də var ki, onlarda hələ keçməyib. Bu sıraya iş yerlərini itirmək təhlükəsi altında olanlar və banklara dollarla kreditləri olanlar da daxildir. Bir çox təbəqələr artıq müəyyən zəruri ərzaq mallarının çox da qalxmadığını, özlərinin də onları almaq imkanına malik olduqlarını görüb sakitləşiblər. Lakin daha çox dollarla kreditləri olanlar gərgin vəziyyətdədir.
Ancaq ümumilikdə cəmiyyətdə gərginlik nisbətən sakitləşib. Əvvəlki çaşqınlıq azalıb. Bir ay öncəki vəziyyətlə müqayisədə insanlar da ümidlidir".
Psixoloq Azad İsazadə isə bildirdi ki, cəmiyyət neqativ proqnozları qəbul etsə də, fərdlər onu özündən uzaqlaşdırmağa çalışır: “Hazırda vəziyyət ondan ibarətdir ki, insanlar növbəti devalvasiyanı gözləyirlər. Ancaq sırf psixoloji baxımdan məsələyə yanaşsaq, onu deyə bilərik ki, insanlar pis xəbəri hər zaman özündən uzaqlaşdırmağa çalışırlar. Bəzi insanlar da var ki, pis xəbəri daha da şişirdirlər. Ancaq ümumilikdə cəmiyyət ümidlə yaşadığına görə düşünürlər ki, bu hadisə pis olsa da, bizə toxunmayacaq. Yəni devalvasiya bizim də yaxınımızda olacaq, ancaq bizə toxunmayacaq. İndi biz həmin mərhələni yaşayırıq ki, insanlar növbəti hadisələrin daha müsbət olacağına inanır. Bu, aldadıcı bir hissiyyat deyil, əksinə, real xilasetmə hissiyyatıdır. Onun nəticəsində insanlar mənfi hadisələri də özlərindən uzaqlaşdırırlar”.
Psixoloqun sözlərinə görə, devalvasiya cəmiyyət üçün heç də kiçik bir problem deyil, ancaq biz artıq ona neytral yanaşırıq: “Ancaq bu o demək deyil ki, biz rahatıq. Hər an gözləyirik ki, nəsə mənfi bir hadisə baş verə bilər. Cəmiyyət sadəcə gözləyir ki, nə isə baş verə bilər. Nə vaxtsa yenidən belə bir hadisə baş versə, bu şüuraltı gərginlik fəsadlara səbəb ola bilər”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər