Azərbaycanda orta təbəqə itə bilər |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 9-01-2016, 10:39 | Şərh sayı: (0) | Baxılıb: 328
Azərbaycanda orta təbəqə itə bilər
İqtisadçı-ekspert: “Devalvasiyanın ən böyük zərbəsi orta təbəqədə özünə yer tutmuş insanlara dəyib”
Devalvasiya daha çox orta təbəqəyə ciddi zərbə endirib və bu təbəqənin sıradan çıxmasına səbəb ola bilər. Bütün ölkələrdə orta təbəqə deyilən bir sinif mövcuddur. Bu təbəqə dövlətin bel sütunu sayılır və ölkələrdəki sabitlik, inkişaf da məhz bu təbəqənin sayəsində mümkün olur.
Son dövrlərdə Azərbaycanda da müəyyən qədər orta təbəqə yaranmışdı. Ancaq baş verən iki devalvasiya hazırda bu təbəqəni məhvə doğru aparır. Ümumiyyətlə, orta təbəqə yaşayışının dəyəri orta standartlardan, gəlirləri isə orta aylıq əmək haqqından yüksək olan təbəqədir. O adam orta təbəqənin nümayəndəsi hesab edilə bilər ki, o, ildə bir dəfə müntəzəm olaraq 5-10 min manat xərcləyərək ailəsi ilə birlikdə xarici ölkələrin birində istirahət edə bilsin.
Bundan başqa, yaxşı mənzili, maşını olsun. Ancaq bu kriteriyaların əksər insanlarda olmaması Azərbaycanda orta təbəqənin sayının az olmasını deməyə əsas verir. Az sayda olan orta təbəqənin nümayəndələri təəssüf ki, devalvasiya və bahalaşmadan sonra tədricən yoxa çıxır. Azərbaycanda istər Dövlət Statistika Komitəsi, istərsə də iqtisadi tədqiqatlarla məşğul olan qruplar orta sinfin neçə faiz olması haqda konkret rəqəm deyə bilmirlər.
Dünya iqtisadçıları hələ 2013-cü ildə yaxın onilliyin ən mühüm risklərini açıqlayaraq orta təbəqənin itə biləcəyi proqnozunu vermişdilər. Minlərlə ekspertin fikrincə, varlılar ilə yoxsulların gəlirləri və həyat tərzi arasında fərq böyükdür və bu get-gedə böyüyür. Stabil orta səviyyədə yaşayan insanlar azalır. Məhsul və xidmətlərə tələbat azalır. Deməli iqtisadiyyatın inkişafı ləngiyir.
İqtisadçı-ekspert Natiq Cəfərli devalvasiyanın ən böyük zərbəsinin məhz orta təbəqəyə dəydiyini dedi: “Həm psixoloji, həm mənəvi, həm də iqtisadi zərbə yaranmış olan orta təbəqəyə dəyir. Çünki Azərbaycanda son neft bumundan sonra çox az da olsa, kövrək şəkildə də olsa orta təbəqə formalaşmağa başlayırdı. Dünyanın bütün ölkələrində əsil sabitliyin, əsil inkişafın məhz orta təbəqənin üzərində qurulması prinsipi var. Yəni indiki Azərbaycan hökumətinin anladığı qorxu üzərində qurulmuş sabitlikdən söhbət getmir. Söhbət iqtisadi və siyasi sabitlikdən gedir ki, bu bütün ölkələrdə məhz orta sinfin üzərində qurulub. Ən böyük vergi ödəyicisi sinfi də məhz orta təbəqə olub. Ölkənin inkişafında mühüm rol oynayan insanlarda orta sinfə aid olub. İndi isə iki devalvasiyanın ən böyük zərbəsi təbii ki, orta təbəqədə özünə yer tutmuş, illər ərzində çalışıb özünə ev, maşın almış, ildə heç olmasa bir dəfə Gürcüstanda və ya Türkiyədə istirahət etməyə öyrəşmiş insanların üzərinə düşdü. İndi bunun nəticəsində orta təbəqənin tamamilə sıradan çıxması ölkədəki ümumi siyasi vəziyyətə də ciddi təsir edəcək. Dünyada bütün ölkələrdə dəyişikliklərin avanqard qüvvəsi həmişə orta sinfin kasıblaşmasından sonra baş verir. Yəni orta sinif düşdüyü vəziyyətlə barışmır və bundan sonra müəyyən proseslər başlayır. Azərbaycanda təəssüf ki, buna doğru gedir. Orta təbəqənin məhv olması, sıradan çıxması ölkə üzrə həm iqtisadi aktivliyi azaldır, həm də daxili istehlakı ayaqda saxlayan, ticarət dövriyyəsini sıradan çıxardır. Çünki bunları ayaqda saxlayan orta təbəqənin insanları idi. Bunların sıradan çıxması bütün makroiqtisadi göstəricilərə, o cümlədən ticarət dövriyyəsinə ciddi təsir göstərəcək, həm də həmin insanların psixoloji durumu çox ağır olacaq”.
Kasıb əhalinin vəziyyətinin daha da ağır olacağını deyən iqtisadçı ekspert devalvasiyanın nəticələrinin tam olaraq hələ ki, iqtisadiyyatda özünü büruzə vermədiyini dedi: “Köhnə məzənnə ilə gətirilmiş məhsullar bitdikdən sonra qiymətlər surətlə artmağa başlayacaq. Azərbaycanda olan orta aylıq əməkhaqqını, minimum əmək haqqını, yaşayış minimumunu, pensiyaların vəziyyətini gördükdə bilmək olur ki, o insanların vəziyyəti daha da ağır olacaq. Adicə dərmanlara və ərzaqlara aldıqları təqaüd və yaxud da ki, maaşı çatmayacaq. Bu sosial gərginliyin yaranması üçün çox böyük səbəb olacaq”.
musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər