Devalvasiyanın dəhşətli üzü: Ağır cinayətlər və intihar halları çoxalır |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 8-01-2016, 11:51 | Şərh sayı: (0) | Baxılıb: 270
Devalvasiyanın dəhşətli üzü: Ağır cinayətlər və intihar halları çoxalır
Ölkədə iqtisadi böhranın dərinləşməsi ilə sosial vəziyyət də gərginləşir. Qətl, intihar, oğurluq hadisələrinin sayı və miqyası artır. Hətta yaxın qohumlar arasında baş verən qətl hadisələri, banklara borcu olanların həmin obyektlərin qarşısında özünü asması vəziyyətin nə dərəcədə ciddi olmasından xəbər verir.
Səbəblər isə bəllidir. Manatın il ərzində iki dəfə devalvasiyaya uğraması əhalinin gəlirlərini azaldıb, bunun əvəzində xarici valyuta ilə banklara borcu olanların kreditləri 70 faizdən artıq çoxalıb, bazarlardakı bahalaşma, strateji məhsullar olan çörəyin, siqaretin, digər ərzaq məhsullarının bahalaşması insanlarda psixoloji gərginliyə də səbəb olub.
Bu gün Neftçala şəhərində 4 saylı orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini olan 63 yaşlı Alik Mustafayevin banklara 7 min manata yaxın borcu olması səbəbindən özünü yandırması da deyilənlərin əyani sübutudur.
Məlumata görə, intihar edən şəxs maddi imkansızlıqdan bu kreditləri qaytara bilməyib, nəticədə borclu olduğu bank onu məhkəməyə verib. Çıxış yolunu intiharda görən Alik Mustafayev məktəbin qazanxanasında üzərinə benzin tökərək, özünü yandırıb.
Psixoloq Azad İsazadə də musavat.com-a danışarkən bildirdi ki, ölkədə sosial vəziyyət ağırlaşacaq və hamı buna hazır olmalıdır: “Kritik vəziyyətlər həm ailədə, həm də cəmiyyətdə ola bilər. Lakin artıq cəmiyyətdə aqressiya çoxalıb, bu da özünü büruzə verir. Amma biz hamımız yeni duruma hazırlaşmalıyıq. Burada hansısa ekstremal çıxış yolları axtarmaq düzgün deyil. Sadəcə, bəzi fərdlər problemin həll yolunu tapa bilməyəndə qeyri-adi yollara əl atırlar. Bu səbəbdən də hökumət cəmiyyəti növbəti mərhələdə nələrin gözlədiyinə hazırlamalıdır. O cümlədən, əhalinin sosial-psixoloji hazırlığı üçün də antikrizis, təbliğat tədbirləri görülməlidir.
Bir çox dövlət və özəl qurumlarda ixtisarların getməsi işsizlərin sayını artıracaq və bu da ilk növbədə depressiya hallarının sayını artıracaq. İşsiz adam bekar qalır, çıxış yolu axtarır, bir qism insanlar buna aqressiya ilə reaksiya verir, bəziləri isə depressiyaya düşür və özünə qapanır. Bu isə özünü silsilə şəklində qətl və intihar hadisələrinin baş verməsi ilə büruzə verəcək. Bu dalğanın qarşısını mütləq almaq lazımdır”.
İşsizlərin və yoxsulluq həddinə çatanların sayının artması oğurluq hadisələrinin artacağını da ehtimal etməyə əsas verir. Ehtimal etmək olar ki, bu zaman hədəfdə daha çox imkanlı şəxlər olacaq. Qeyd edək ki, sosial təbəqələşmənin həddindən artıq kəskin olduğu cəmiyyətlərdə yoxsulların varlılara hücum halları artır. Hətta bəzi ölkələrdə bu səbəbdən yoxsul və varlı məhəllələr bir-birindən çox uzaqda yerləşir və xüsusi sədlərlə ayrılır.
Psixoloq da deyir ki, cəmiyyətdə kriminal hadisələr çoxaldıqca imkanlı şəxslərin də qorxusu artır: “Qorxu hamımızda var. Kimdə pul çoxdursa, onun qorxusu da daha çoxdur. Bu hadisələrin baş verməsinin qarşısını ancaq hansısa real tədbirlər görməklə almaq olar. İşdən çıxarılanlar hansısa formada kompensasiya olunmalıdır, onlara işlər təklif edilməlidir. Bir-iki illik böyük bir proqram olmalıdır, hamı bilməlidir ki, onları 3-5 aydan sonra nə gözləyir? Nəyə ümid etmək olar? Bu böhran neçə il davam edəcək? Cəmiyyətlə açıq söhbət, dialoq aparmaq lazımdır.
Böhran dövründə insanların psixoloji yardıma ehtiyacı çoxalacaq. Bəzən insanlar özləri də bilmirlər ki, onlara psixoloji yardım lazımdır. Ölkədə pulsuz psixoloji xidməti genişləndirmək və təbliğ etmək lazımdır. Yardım göstərən ünvanlar, qaynar xəttlər olmalıdır ki, insanlar ağır vəziyyətə düşəndə bu ünvanlara müraciət etsinlər”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər