Prezident səfirləri geri çağırır - Məmmədyarovun fiaskosu |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 29-01-2016, 20:11 | Şərh sayı: (0) | Baxılıb: 196
Prezident səfirləri geri çağırır - Məmmədyarovun fiaskosu
Zahid Oruc: “Heç bir iş görməyən, yalnız olduqları ölkələrdə müəyyən bayram tədbirlərinə qatılan səfirlərimiz var”
Prezident İlham Əliyev Azərbaycanın bir neçə ölkədəki səfirinin vəzifələrindən azad olunmaları barədə sərəncam imzalayıb. Qeyd edək ki, son aylarda ölkə başçısının belə sərəncamlarının tez-tez şahidi oluruq. Bu isə bəzi müəmmalara yol açıb. Diqqətçəkən nüanslardan biri budur ki, bəzi istisnalar olmaqla, bir yox, bir neçə ölkədə səfir kimi fəaliyyət göstərən şəxslər barədə belə qərarlar verilir.
Bu isə bəzi iddiaların ortaya atılmasına səbəb olub. Belə iddialar səsləndirilir ki, ölkəmizdəki iqtisadi böhran səbəbindən bəzi səfirliklər bağlanacaq. Eyni zamanda bir-birinə yaxın ölkələr olmasına baxmayaraq, hər ölkədə bir nümayəndəliyimiz olan dövlətlərin bir neçəsinə bir səfir təyin olunacaq.
Səfirlərin tez-tez geri çağırılması ilə bağlı başqa bir iddia da var. Bu sərəncamları xarici işlər naziri Elmar Məmmədyarovun idarəetmə və xarici siyasətinin fiaskosu kimi qələmə verənlər də var.
Politoloq Qabil Hüseynli Azərbaycanın qənaət rejiminə keçdiyini bildirdi: “Büdcəyə ciddi qənaət etməklə, hökumət strukturlarının fəaliyyət göstərməsinə çalışılmalı və müəyyən işlər görülməlidir. Belə işlərdən biri Xarici İşlər Nazirliyinin dünyanın müxtəlif ölkələrinə təyin edilmiş səfirlikləri və konsulluqlarının işlərinin təkmilləşdirilməsidir. Biz ABŞ kimi nəhəng dövlət deyilik ki, dünyanın bütün ölkələrində səfirliklər saxlayaq, bunun üçün də böyük vəsait ayıraq. Azərbaycan bir neçə yaxın ölkəyə bir səfir təyin edə bilər. Məsələn, Ruminiyada işləyən səfir Bolqarıstan, Bosniya və Hersoqovina, Çernoqoriya kimi ölkələrdə də missiyasını həyata keçirə bilər. Səfirlərimizin işlərini təkmilləşdirməklə, onların üzərinə müəyyən missiyalar qoymaqla, bir xeyli maddi qənaət mümkündür. Xaricdə səfirlik saxlamaq çox böyük vəsait aparır. Səfirlik xərcləri dövlətin maliyyə vəsaitlərinin xərcləndiyi çox ciddi sahələrdən biridir. Bu baxımdan burada təəccüblü heç nə görmürəm. Səfirliklərin sayının azaldılması, səfirlərin rotasiyası, konsulluqların ixtisara salınması və bu kimi addımlar Azərbaycan büdcəsinə qənaət xarakteri daşıyır. Eyni zamanda səfirlərin məsuliyyətini və işgüzarlıq fəaliyyətini yüksəldir”.
Politoloq belə sərəncamların XİN ətrafında cərəyan edən hadisələrlə bağlı olması fikirlərini qəbul etmir: “Bunu o cür qiymətləndirə bilmərəm. Çünki bu gün ölkədə əgər iri dövlət qurumları birləşdirilirsə, bəzi yerlərdə ixtisarlara gedilirsə, idarəetmə strukturlarında reformalar həyata keçirilirsə, bu, metodların XİN-ə tətbiq edildiyini göstərir. Bunun üçün başqa yozmalara ehtiyac yoxdur. Nazirliyin hazırda özündə struktur islahatları aparılır. Bütün bunlar qənaət rejiminə keçilməsi ilə bağlıdır”.
İqtidaryönlü deputat Zahid Oruc hesab edir ki, hər bir ölkədə mütləq səfirlik, konsulluğun olması elə də vacib deyil: “Dünyada 193 tanınmış ölkə var. Azərbaycan bu dövlətlərdən ibarət öz səfirlik coğrafiyasını yaradıb. Yəni hansı ölkədə nümayəndəliyinin olmasını vacib hesab edib. Düşünmürəm ki, hər bir ölkədə Azərbaycan təmsil olunmalıdır. Son səfir geri çağırılmaları müddətin bitməsi və rotasiyalarla bağlıdır. Etiraf etmək lazımdır ki, səfirliklərin içərisinə yerimək, onların işlərinə əl qoymaq kimi hallar çox olub. Bu insanlara müxtəlif ölkələrin daim maraqları olub. Amma düşünmürəm ki, Azərbaycan bu yollarla büdcəyə qənaət etmək istəyir. Onu da etiraf etmək lazımdır ki, zəif, heç bir iş görməyən, yalnız olduqları ölkələrdə müəyyən bayram tədbirlərinə qatılan səfirlərimiz var. Biz bunun xarici ölkələrdə səfərlərdə olduğumuz zaman şahidi olmuşuq. İstəmirəm ki, bu barədə geniş danışım və əlavə mövzu yaransın. Onlara daim çatdırmışıq ki, zəif nöqtələri doldurmaq lazımdır”.
Deputat səfirliklərin birləşdirilməsi yollarına da gedilə biləcəyini vurğuladı: “Xarici İşlər Nazirliyi açıqlama yaydı ki, kütləvi ixtisarlara gedilə bilməz. Səfirlərin geri çağırılması birbaşa ölkə başçısının səlahiyyətindədir. Elmar Məmmədyarovla bağlı olan məsələyə gəlincə, deyə bilərəm ki, hər hansı bir naziri vəzifəsindən azad etmək prezidentin səlahiyyətinə aiddir. Hesab etmirəm ki, səfirləri geri çağırmaqla dövlət başçısı naziri vəzifəsindən azad etmək istəsin. Baxmayaraq ki, Dağlıq Qarabağ probleminin həllinin içərisində olan bir nazirlikdir. Bu məsələnin nazirlik ətrafında gedən proseslərlə bağlı olmadığına əminəm. Elmar Məmmədyarovun müsbət işləri ilə yanaşı, onun səfirliklər və digər sahələrlə bağlı atdığı addımlar tənqid edilməsinə səbəb olub. Belə tənqidləri süngü ilə qarşılamaq lazım deyil. İstənilən dövlət məmuru heç bir məsələdən sığortalanmayıb. Xarici işlər nazirinin dəyişdirilməsi üçün səfirləri geri çağırmağa ehtiyac yoxdur”.
Məsələ ilə bağlı Xarici İşlər Nazirliyi ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev səfirlərin geri çağırılması ilə bağlı səlahiyyət prezidentə məxsus olduğuna görə bu barədə açıqlama vermək istəmədiyni bildirdi.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər