Dilimizin normalarını pozanların cəzalandırılması təklif edilir |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 10-11-2015, 22:01 | Şərh sayı: (0) | Baxılıb: 303
Dilimizin normalarını pozanların cəzalandırılması təklif edilir
Azərbaycan dilinin normalarının qorunması məqsədilə qəbul edilmiş normativ-hüquqi aktların müddəalarının pozulması kimliyindən asılı olmayaraq hamı üçün inzibati məsuliyyət yaratmalıdır.
Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin üzvü Zahid Oruc prezident İlham Əliyevin noyabrın 9-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqdakı çıxışında səsləndirdiyi Azərbaycan dili və ona müdaxilələrlə bağlı fikirlərə münasibət bildirərkən deyib.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan dilinə münasibətdə ötən onillər ərzində dövlət tərəfindən müxtəlif addımlar atılıb. Xüsusilə də dilin qorunması ilə bağlı komissiyanın formalaşması, bu yöndə müvafiq nəşrlərin hazırlanması və dövlət dilinin tətbiqi normalarının gözlənilməsi yönündə işlər həyata keçirilib. Amma buna baxmayaraq, hələ də ciddi çatışmazlıq var: "Etiraf etmək lazımdır ki, istər televiziya və radiolarda, o cümlədən digər KİV-lərdə, həmçinin kommersiya və iqtisadi strukturların fəaliyyətində, eyni zamanda dilin ictimai həyatda istifadəsində xeyli problemlər qalmaqda davam edir. Əsasən istər paytaxtda, istərsə də regionlarda kommersiya strukturlarında bir qayda olaraq xarici dilin basqısı müəyyən qədər hiss olunur. Bunu belə əsaslandırırlar ki, guya bu, ticari fəaliyyətin ayrılmaz hissəsidir.
Eyni zamanda, televiziya ekranlarında, KİV-lərdə, həmçinin ictimai həyatda işlədilən zaman dilə münasibət bəzən gözlənilmir, bəzən bunu kimlərsə aşağı səviyyədə qiymətləndirməyə çalışırlar, yad, xarici dilin üstün olması fikri daha çox qabardılır, bəzən işə qəbul zamanı xarici dil bilikləri tələb edilməklə yanaşı, sanki onların birinci dərəcəli, ana dilmizin isə ikinci dərəcəli kimi dəyərləndirilməsi halları da özünü göstərir. Bundan başqa, xarici dillərdən götürülmüş sözlərin, terminlərin, ifadələrin yeri gəldi-gəlmədi leksikonumuzda istifadə olunmasının da şahidiyik. Ona görə də dövlət başçısının bunu məhz elm adamları, alimlər, intellektuallarla, ziyalılarla müzakirə etməsi və yaxud onların bu yöndə sipər rolunda çıxış etməsini istəməsi tamamilə düzgün məsələdir".
Bununla yanaşı, Z.Orucun fikrincə, yaxın gələcəkdə bu istiqamətdə müəyyən dəyişiklik hiss olunacaq: "Zənn edirəm ki, yaxın gələcəkdə dil üzrə müvafiq komissiya, Milli Televiziya və Radio Şurası, Mətbuat Şurası və digər strukturlar dilin tələblərini qorumaq yolunda ciddi addımlar atacaq, bu məsələdə daha sərt mövqe nümayiş etdirəcəklər. Eləcə də iqtisadi strukturlarla bağlı normativ aktlar daha təkmilləşəcək".
Deputatın fikrincə, dövlət başçısının dövlət dili ilə bağlı fikirləri bu məsələdə milli proqram olmalıdır: "Əminəm ki, Azərbaycan dili indi, azadlıq şəraitində, başqa bir totalitar dövlətin tərkibindən çıxandan sonrakı zamanda özünün dəqiq coğrafiyasını, əhatə dairəsini daha çox tapacaq. Bu dil millətin varlığının ayrılmaz hissəsidir. O, mədəniyyətimizin bir parçasıdır. Dil sadəcə resurs deyil, həm də bir mövcudluq formasıdır. Ona görə də əgər dövlət başçısı, rus və ingilis dillərini peşəkar səviyyədə bilən bir lider dövlət dilinə münasibətdən belə danışırsa, onun bu çağırışı Azərbaycan dilinə münasibətdə bütün məmurlar, siyasətçilər, dövlət adamları, eləcə də elm adamları üçün bir milli proqram olmalıdır".
Qeyd edək ki, prezident İlham Əliyevin noyabrın 9-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqdakı çıxışında deyib: "Əsrlər boyu Azərbaycan xalqını bir xalq kimi qoruyan bizim mədəniyyətimiz, incəsənətimiz, musiqimiz, xalçaçılıq sənətimiz və digər ənənələrimiz olubdur. Bizim bu sahədəki bütün fəaliyyətimizin əsasında Azərbaycan dili dayanır. Azərbaycan dili bizi bir xalq, millət kimi qoruyub. Əsrlər boyu biz başqa ölkələrin, imperiyaların tərkibində yaşadığımız, müstəqil olmadığımız dövrdə milli dəyərlərimizi, ana dilimizi qoruya, saxlaya bilmişik. Azərbaycan dilinin saflığını qoruya bilmişik. Ona görə bu gün bəzi hallarda görəndə ki, dilimizə xaricdən müdaxilələr edilir və bəzi hallarda bu müdaxilələr Azərbaycanda da dəstək qazanır, bu, məni doğrudan da çox narahat edir. Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Bir daha demək istəyirəm ki, biz əsrlər boyu dilimizi qorumuşuq. Bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik. Əlbəttə, bizim vətəndaşlar, xüsusilə gənc nəsil nə qədər çox xarici dil bilsələr, o qədər yaxşıdır. Ancaq, ilk növbədə, öz ana dilini bilməlidirlər. Digər tərəfdən, imkan verməməlidirlər ki, ana dilimizə yad kəlmələr daxil olsun. Buna ehtiyac yoxdur. Ancaq biz bunu görürük. Bəzi ictimai xadimlərin, hökumət üzvlərinin çıxışlarında, bəzi televiziya verilişlərində, Milli Məclisdə eşidirəm ki, kənar kəlmələrdən istifadə edilir. Buna ehtiyac yoxdur. Əlbəttə, mən bu sahədə mütəxəssis deyiləm, ancaq bir vətəndaş kimi hesab edirəm ki, yeni kəlmələrin icad edilməsinə heç bir ehtiyac yoxdur. Lüğətimiz o qədər zəngindir ki, bunu qorusaq və gələcək nəsillərə əmanət kimi təhvil versək, bu, bizim bu sahədəki ən böyük nailiyyətimiz olacaqdır".
İlkin İzzət
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər