ANS-də baş verənlərin pərdəarxası |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 26-01-2016, 22:41 | Şərh sayı: (0) | Baxılıb: 204
ANS-də baş verənlərin pərdəarxası
Nuşirəvan Məhərrəmli Mirşahin Ağayevi “dostum” adlandırdı; Siyavuş Novruzov: “ANS-də vətənpərvər verilişlər çoxdur, biz də izləyirik”
Ötən həftə Milli Televiziya və Radio Şurası (MTRŞ) ilə ANS arasında qalmaqal pik həddə qalxdı. Bundan əvvəlki dövrlərdə ayrı-ayrı əməkdaşların verilişlərinin qapadılması ilə bağlı qərarlar çıxaran və ya məhkəməyə müraciət edən MTRŞ bu dəfə telekanalın vitse-prezidenti Mirşahin Ağayevin müəllifi olduğu “Hesabat” verilişinin bir aylıq bağlanması barədə qərar çıxartdı.
Ancaq ölkə prezidenti İlham Əliyev xaricdə olmasına baxmayaraq, məsələdən xəbər tutan kimi şuraya öz qərarını geri oxutdu. MTRŞ-nin sədri Nuşirəvan Məhərrəmli bu barədə qərarın verilməsini fərqli arqumentlərlə izah etsə də, M.Ağayev növbəti “Hesabat”ında daha kəskin notlarla qarşı tərəfin üstünə getdi. Maraqlısı budur ki, N.Məhərrəmli son açıqlamasında daha korrekt davranıb, hətta M.Ağayevlə “dostluğundan” bəhs edib. BAKU.WS-ə müsahibəsində MTRŞ sədri deyib ki, onunla Mirşahin Ağayev arasında şəxsi problemlərin olması barədə deyilənlər tamamilə səhv, absurd bir fikirdir: “Əksinə, ANS kanalında ən çox münasibətdə olduğum adam Mirşahin Ağayevdir. Mirşahin Ağayev dostumdur. Ümumiyyətlə, şəxsi məsələni bu işə qatmaq düzgün deyil. Təbii ki, bunu bu səviyyəyə gətirmək düzgün deyil”.
MTRŞ sədri ANS-in “Hesabat” verilişində tənqid olunmasından dərhal sonra səs-küylü qərarın verilməsi barədə fikirləri də təkzib edib: “Mən dövlət qurumunu təmsil edirəm. Mənə qarşı əsassız bir ittiham irəli sürürlərsə, həmin ittihama cavab verməliyik, ya yox? Indi onların əlində kanal var deyə, onu tənqid edəcəklər?”
Hər halda, görünən budur ki, ölkə başçısının reaksiyasından sonra ANS-lə bağlı MTRŞ rəhbərliyinin münasibəti əvvəlkindən fərqlənir. Azərbaycanın ilk müstəqil telekanalı olan ANS-lə bağlı baş verənlərə ən müxtəlif yanaşmalar var. Bəzi mənbələr hesab edir ki, bu, hakimiyyətdaxili münasibətlərin nəticəsi sayıla bilər. İddialara görə, hakimiyyətdəki bəzi çevrələr ANS-in xəbər siyasətindən, proseslərə yanaşmasından narazı olduğu üçün onu susdurmağı hədəfləyib. Ancaq prezidentin iradəsinin ortada olması hələlik ölkədə mətbuat azadlığına sarsıdıcı zərbə vura biləcək bu addımın gerçəkləşməsinə imkan vermir. Fakt budur ki, ANS kanalı özünün xəbər siyasətində ciddi yeniliklər edib, tənqidi “doza”nı artırıb və tamaşaçı auditoriyasını artırmağı hədəfləyib. Bu isə ən müxtəlif maraqlı dairələrə xoş gəlməyə bilər.
Politoloq Ərəstun Oruclu “Yeni Müsavat”a bildirdi ki, ANS ətrafında baş verənlər hakimiyyətdaxili çəkişmələrin fəsadlarıdır: “Əslində sonuncu ”Hesabat"da Mirşahin Ağayev də bunu dedi. Açıq şəkildə bildirdi ki, hakimiyyətin daxilində dövlət başçısına qarşı gedən, onun üçün fəsadlar yaradan müəyyən qruplaşmalar və ya qruplaşma var. Hansı ki, çalışır Azərbaycan üçün problemlər yaratsın və ANS də buna qarşı çıxdığı üçün təzyiqə məruz qalır. Yəni bu, Mirşahin Ağayevin irəli sürdüyü versiya idi. Mən düşünürəm ki, bu versiya həqiqətdən çox da uzaq deyil. Son vaxtlar vüsət alan kompromat savaşını, mətbuatda gedən bəzi yazıları, ifşaedici xarakterli məlumatları, materialları da bunun üzərinə gəlsək, biz görərik ki, hakimiyyətin daxilində kifayət qədər ciddi problemlər mövcuddur. ANS də bütün tənqidlərə, bir sıra hallarda vətəndaşlar tərəfindən narazılıqlara baxmayaraq, ölkədə bugünkü telekanallar arasında məlumat, informasiya xarakterli əsas kanal olmaqla yanaşı, həm də əsas baxılan kanaldır".
Ə.Oruclunun fikrincə, görünür, ANS-in mövqeyi, bu məsələdə birmənalı tərəf tutmağı kimlərinsə xoşuna gəlmir və həmin hakimiyyətdaxili mübarizədə qarşı tərəfi bütün vasitələrdən məhrum etməyə çalışır. Dediyim kimi, bu, ilk hadisə deyil. Belə şeylər artıq olub, var və getdikcə də vüsət alır. Bu da təbiidir. Hazırda sosial-iqtisadi böhranın yaratdığı müəyyən ictimai-siyasi fəsadlar da yox deyil. Diqqət yetirdinizsə, orda Mirşahin Ağayev xüsusi vurğuladı ki, ANS Beynəlxalq Telekanallar Qurumunun üzvüdür, amma biz maksimal dərəcədə çalışdıq ki, bu verilişin bağlanması beynəlxalq mediaya çıxmasın. Bunu isə ölkədə insan haqları, siyasi təqiblər, söz və mətbuat azadlığı ilə bağlı problem yaradaraq, beynəlxalq aləmə çıxaranların, Azərbaycanın beynəlxalq aləmlə və ilk növbədə Qərblə münasibətlərini korlayan həmin o qruplaşmanın fəaliyyətinin davamı kimi qəbul etmək olar. Məlum məsələdir ki, Azərbaycan hakimiyyətində az qala açıq şəkildə Rusiyanı təmsil edən qruplaşma var və bu qruplaşmanın fəaliyyəti daim Azərbaycan-Qərb münasibətlərini pozmağa yönəlib. Fikrimcə, Mirşahin Ağayevin bu eyhamı tam əsassız deyil, burada müəyyən əsaslar var, xüsusilə də indiki dönəmdə. Azərbaycan hazırda sanksiyalarla hədələnir, bu həftə AŞ PA-nın Azərbaycanla bağlı müəyyən addımları gözlənilir. Belə olan şəraitdə Azərbaycanın Qərbdən, beynəlxalq aləmdən təcridinə daha da asan şəkildə nail olmaq üçün niyə də əlavə fəsad yaratmasınlar?"
Ancaq politoloq dövlət başçısının fərqli davrandığını vurğuladı: “Dövlət başçısı dövlət başçısıdır, prezident prezidentdir, onun qərarı müzakirə olunmur. Hər halda, onun müdaxiləsi də elə mən dediklərimə sübutdur ki, burada ikitirəlik var və bu fəsadlar məqsədli şəkildə törədilir. Biz İlham Əliyev tərəfindən başqa səylər görürük. O, Qərbdən gələn yüksək təmsilçiləri qəbul etməklə, onlara müvafiq mesajlar verməklə yanaşı, həm də demək olar ki, beynəlxalq tədbirlərin heç birindən qalmır. Bu, onun göstəricisidir ki, hakimiyyətdə xarici siyasət kursunun seçilməsi, yaxud xarici siyasət prioritetlərinin seçimi ilə bağlı ciddi fikir ayrılığı yaranıb. Bu fikir ayrılığı da özünü ən müxtəlif formalarda göstərir. Biz iki-üç il bundan əvvəl də demişik ki, Azərbaycanda vətəndaş cəmiyyətinə olan təzyiqlər, vətəndaş cəmiyyətinə, mediaya, müxalifətə göstərilən təzyiqlər, ölkədə sistemli şəkildə siyasi məhbuslar formalaşdırmaq cəhdləri Azərbaycan-Qərb münasibətlərini pozmağa yönəlib və bu pozucu fəaliyyətin arxasında konkret olaraq Azərbaycan hakimiyyətində rusiyayönümlülərin fəaliyyəti, səyləri dayanır. Onlar da bu gün artıq xeyli dərəcədə uğur əldə ediblər. Qalıb indi həlledici mərhələdə tam şəkildə Azərbaycanı təcrid etmək və bununla öz himayədarlarının tərəfinə keçmək. ANS ətrafında baş verənlər də, dediyim kimi, bu fəsadlardan biridir”.
YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov isə ANS-lə bağlı hakimiyyət daxilində qarşıdurma olmasını “uydurma” adlandırdı: “Söhbət tək ANS-dən getmir, televiziyalarda bəzi verilişlərlə bağlı ictimaiyyətdə narazılıq yaranır və MTRŞ-yə müraciətlər olur. ANS-də vətənpərvər verilişlər çoxdur, biz də izləyirik, rəhbərlik də daim xalqın maraqlarına uyğun fəaliyyət göstərir. Burada heç bir narahatlıq yoxdur. Müəyyən məsələləri inzibati metodla yox, danışıqla qaydasına qoymaq olar. Hər bir tərəfin hüquq və vəzifələri var. O baxımdan hərə özünün hüquq və vəzifələrini yerinə yetirir”. S.Novruzov xatırlatdı ki, AXC hakimiyyəti dövründən bəri ANS-lə bağlı dəfələrlə qərarlar qəbul olunub: “Amma ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bu kanalla bağlı rəsmi qaydada dövlət tərəfindən heç bir ciddi addım atılmayıb”.
“Milli Televiziya və Radio Şurasının (MTRŞ) ”mıtırışı" kimi səsləndirilməsini məqbul hesab etmirik. Dövlət orqanının adı “metereşe” kimi səsləndirilsə daha yaxşı olar". Bunu isə APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi Dilçilik şöbəsinin müdiri, Dövlət Dil Komissiyasının üzvü İsmayıl Məmmədov deyib.
Qeyd edək ki, ANS telekanalında yayımlanan “Hesabat” analitik-informasiya proqramının aparıcısı Mirşahin Ağayevin Milli Televiziya və Radio Şurasının adını “mıtırışı” deyə səsləndirməsi şura tərəfindən narazılığa səbəb olub.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər