Prezident struktur islahatlarına başladı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 16-01-2016, 20:19 | Şərh sayı: (0) | Baxılıb: 269
Prezident struktur islahatlarına başladı
Satınalmalar üzrə Dövlət Agentliyi ləğv edildi; nazirliklərdən birinin adı dəyişdirildi; Dövlət Bayrağı Meydanı İdarəsi Bulvar İdarəsinə birləşdirildi; yeni rabitə naziri təyin olundu
Prezident İlham Əliyev “Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin adının dəyişdirilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, İqtisadiyyat və Sənaye Nazirliyi İqtisadiyyat Nazirliyi adlandırılıb. Dövlət başçısının digər sərəncamı ilə Şahin Abdulla oğlu Mustafayev Azərbaycan Respublikasının iqtisadiyyat naziri təyin edilib.
Prezident həmçinin, Ramin Quluzadənin rabitə və yüksək texnologiyalar naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Bundan başqa, prezident Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin və Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin bəzi məsələləri haqqında fərman imzalayıb. Fərmanla Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi və Dənizkənarı Bulvar İdarəsi birləşdirilərək, onların əsasında Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi yaradılıb.
Ölkə başçısı Satınalmalar üzrə Dövlət Agentliyinin ləğv edilməsi haqqında da fərman imzalayıb. Agentliyin vəzifə və funksiyaları, habelə istifadəsində olan dövlət əmlakı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə verilib.
Prezidentin atdığı addımlar gözlənilən struktur islahatlarının başlanğıcı kimi qiymətləndirilir. Böhran vəziyyətində xərclərin azaldılması, lazımsız qurumların ləğvinin zəruriliyi haqda ölkə başçısı bir neçə gün öncəki çıxışında anons vermişdi. Artıq bu istiqamətdə işlərə başlanılıb.
Ekspertlər bildirirlər ki, yaxın müddət ərzində daha bir neçə qurum ləğv ediləcək, həmçinin kadr islahatlarına start veriləcək.
***
Ötən gün Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) sədri İnam Kərimovla görüşüb.
DGK Mətbuat Xidmətindən verilən məlumata görə, tərəflər ASAN Xidmət mərkəzləri vasitəsilə həyata keçirilən gömrük xidmətlərinin artırılması məsələlərini müzakirə ediblər. Görüşdə “elektron bəyanetmə”, “elektron ilkin bəyanetmə”, XİF iştirakçılarına idxal-ixrac əməliyyatları barədə rəsmi arayışların, müvəqqəti idxal olunan yüngül minik avtomobillərinin vaxtının uzadılması ilə bağlı müvafiq xidmətlərin bundan sonra komitə ilə yanaşı, “Asan Xidmət” mərkəzləri vasitəsilə də həyata keçirilməsi barədə məsələlər müzakirə olunub.
Bundan başqa, tərəflər gələcəkdə “Asan Xidmət” mərkəzlərində DGK-nin informasiya köşklərinin quraşdırılması barədə də razılıq əldə ediblər.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər barəsində ətraflı fikir mübadiləsi aparılıb.
Gömrük orqanlarının funksiyalarının müəyyən hissəsinin Asan Xidmətə verilməsi haqda bir müddətdir müzakirələr aparılır. DGK sədri ilə ASAN Xidmət rəhbərliyinin görüşündə bunun detalları və mexanizmlərinin müəyyən edildiyi qeyd olunur.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər