Daha icra başçısı olmaq sərfəli deyil... |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 28-01-2016, 20:09 | Şərh sayı: (0) | Baxılıb: 258
Daha icra başçısı olmaq sərfəli deyil...
Bu günlərdə prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə icra başçılarının dövlət büdcəsindən ayrılmış vəsaitin israfçılıqla xərclənmələri məsələsinə bir daha toxunuldu. Bundan başqa, digər iqtidar nümayəndələri də öz açıqlamalarında Azərbaycanda bəzi icra başçılarının xalq və dövlət üçün faydalı olan işlər görmədiklərini xüsusi vurğulayıblar. Hətta bəzi şəxslər bu strukturların ümumiyyətlə, ləğv edilməli olduğunu da söyləyirlər. Ekspertlər isə hesab edirlər ki, mövcud vəziyyətdə icra başçılarının üzərinə xeyli məsuliyyət düşür. Bu baxımdan da bir zamanlar icra başçısı olmaq üçün çalışanlara, bu, artıq sərfəli olmayacaq.
Mövzu ilə bağlı musavat.com-a danışan politoloq Fərhad Mehdiyev öncə Azərbaycanda icra başçılarının görməli olduqları işlərdən danışıb:
“Azərbaycanda bələdiyyələrin səlahiyyətləri azdır. Bunun əksi olaraq, yerlərdə səlahiyyətlərin çoxu icra başçılarına aiddir. Bura abadlıq işlərindən tutmuş, əhalinin müəyyən sosial problemlərinin həll olunmasına qədər məsələlər daxildir. İdarəetmə formalarına gəldikdə isə bizdə icra başçılarının çoxunu ixtisaslaşmış mütəxəssis saymaq olmaz. Doğrudur ki, bu vəzifəyə təyin edilən şəxslər əsasən yerli strukturlardan gətirilirlər. Eyni zamanda onları xaricdə müəyyən təlimlərə aparırlar. Ancaq hesab edirəm ki, buna baxmayaraq, onların gördükləri işlər peşəkarlıqdan xeyli uzaqdır. Avropa ilə müqayisədə Azərbaycanda şəhərin idarə edilməsi olduqca aşağı səviyyədədir. Eyni zamanda ölkədə icra başçılarının korrupsiya əməlləri də var. Bu şəxslərin bəzilərinin ölkə üçün vurduqları zərərlərin isə gələcəkdə bərpası çox çətin başa gələcək. Misal üçün, ölkədə yol kənarlarındakı boş yerlərin çoxu qeyri-şəffaf formada satılır. Sənədlərə baxdıqda görürük ki, guya, bu yerlər kimlərəsə icarəyə verilib. Halbuki realda belə deyil.
Həmin yerlərdə hansısa obyekt açılır. Tutaq ki, əhalinin iş yerlərinə ehtiyacı var və bu da ona görə edilir. Ancaq dünya təcrübəsinə görə, həmin yerlər müsabiqə yolu ilə ayrılmalıdır. Hazırkı şəraitdə gələcəkdə yolların genişləndirilməsi məsələsi gündəmə gəldikdə isə bu, qeyd etdiyimiz səbəblərə görə mümkün olmur”.
Ekspert bildirib ki, icra başçılarının görməli olduqları işlər gördükləri işdən kifayət qədər çoxdur:
“Məsələn, Bakıda Yeni Yasamal kimi böyük yaşayış massivi salınır. Buranı şəhərə bağlayan cəmi iki dar yol var. Hazırda, Köhnə Yasamaldan ora bir yol çəkilməli olduğu halda bu edilmir. Eyni zamanda digər yerlərdə də tikintilər var, ancaq yollar yoxdur. Çünki yoldan pul götürə bilmirlər. Yol çəkilməli əraziləri isə satırlar. Bu kimi məsələlər həm qeyri-peşəkarlıqla, həm də icra strukturlarının daxilində memarlıqdan tutmuş digər bir çox sahələrdə korrupsiya faktlarının olması ilə əlaqəlidir. Onlar birinci yerdə ictimai maraqları nəzərdə tutmurlar. Əgər tutsaydılar, səlahiyyətləri kifayət qədər çoxdur ki, öz işlərini yüksək səviyyədə həyata keçirə bilsinlər. Eyni zamanda ötən illərdə regionlara büdcədən ayrılan vəsait də onların normal iş ortaya qoymaları üçün kifayət edirdi. Prezident bildirir ki, mən başda olmaqla bütün məmurlar xalqın xidmətkarı olmalıdırlar. Açıq şəkildə görünür ki, bu gün icra başçılarının əksəriyyəti xalqa xidmət etmirlər”.
Politoloqun sözlərinə görə, prezidentin tapşırıqlarına baxmayaraq, icra hakimiyyətlərində bundan sonra müsbətə doğru hər hansı bir dəyişikliyin olacağı gözlənilmir:
“Bu tapşırıqların, məncə, effekti olmayacaq. Hazırda bu sahədə çox güclü kadr islahatlarının aparılmasına ehtiyac var. Burada ən yaxşı nümunə kimi Saakaşvilinin Gürcüstanda apardığı islahatları götürmək olar. O bəzi idarələri tamamilə bağladı. Sonra isə həmin qurumları yeni kadrlarla qurdu. Bu baxımdan təbii resursu olmayan Gürcüstanda inkişaf tempi, heç də Azərbaycandan geri qalmır. Vəzifəyə gətirilən insanlar vətənpərvər olmalıdırlar. Həmin insanların birinci dərdi xalqın maraqları olmalıdır. Onun varlanmaq, uşaqlarına yaxşı gələcək qurmaq kimi niyyətləri varsa, o, yaxşı kadr deyil”.
İcra hakimiyyətlərinin ləğvi məsələsinə gəlincə isə F.Mehdiyev bildirib:
“Bu kimi təkliflərin verilməsi vəziyyətin çıxılmaz olduğunun göstəricisidir. Halbuki, bütün dövlətlərdə icra hakimiyyətləri var. Hələ, unitar ölkələrdə bu, əvəzolunmaz strukturdur. Sadəcə olaraq Avropa ölkələrində icra hakimiyyətlərinin səlahiyyəti Azərbaycanda olduğu kimi geniş deyil. Orada bələdiyyələrə daha çox səlahiyyət verilib. Azərbaycanda isə əksinədir”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər