Hansı icra başçısının kabinetindəki mebel yerli istehsaldır? - Vahid Əhmədovun müsahibəsi |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 28-01-2016, 20:38 | Şərh sayı: (0) | Baxılıb: 283
Hansı icra başçısının kabinetindəki mebel yerli istehsaldır? - Vahid Əhmədovun müsahibəsi
Milli Məclisin deputatı Vahid Əhmədov Avropa.info-ya müsahibə verərək prezidentin məmurlara yerli istehsala üz tutmağı tövsiyə etməsinə münasibət bildirib:
- Azərbaycan prezidentinin məmurlara yerli məhsullardan, xüsusilə də Naxçıvan Avtomobil Zavodunda istehsal olunan avtomobillərdən istifadə etmələrini tövsiyə etməsi haqda nə deyə bilərsiniz?
- Ölkə başçısının tövsiyəsi təkcə Naxçıvan Avtomobil Zavodunun istehsal etdiyi avtomobillərlə deyil, həmçinin yerli istehsalla bağlı idi. Ümumiyyətlə, hazırda hökumət nəzdində yerli istehsal ön plana çıxmış vəziyyətdədir. Çünki idxal olunan malların arasında elə çeşidlər var ki, bunları Azərbaycana idxal etməyə heç bir ehtiyac yoxdur. Bunlar ya ölkə ərazisində istehsal olunur, ya da bunları istehsal etmək üçün hər cürə şərait var. Hörmətli prezidentimiz də məhz yerli istehsalın artırılması yönündə müəyyən işlər aparır. Sadəcə, yerli məhsulların satışını həyata keçirmək üçün yerli malların satış bazarına ehtiyac var. Burada elə bir qeyri-adi bir şey yoxdur. Sadəcə, bir az keyfiyyət məsələsi mühüm rol oynayır. Ona diqqət etmək lazımdır ki, istehsal olunan mallar keyfiyyətli olsun. Əgər keyfiyyət lazımi qədər olsa təbii ki, özünə bazar da tapacaq. Onu da qeyd edim ki, ilkin olaraq ölkədə istehsal olunan mallarla məhz yerli əhali təmin olunmalıdır. Daha sonra həmin məhsulların keyfiyyəti artacağı təqdirdə bu məhsullar xarici bazarlarda özünə müştəri tapa biləcək.
- Prezidentimizin bu tapşırıq və tövsiyələri yerli sənayenin inkişafına təkan verə biləcəkmi?
- Ümumiyyətlə, bizim bazar münasibətlərimizdə mövcud olan bir çox problemlər var. Məhsulun yerli bazarlarda satışına da inhisarçılıq, idxal, ixrac əməliyyatlarındakı problemlər kimi mane olan məsələlər var. Bu məsələlər də kompleks şəkildə kökündən həll olunmalıdır ki, alıcılarda da yerli məhsullara maraq oyansın. Məsələn dünən mən Sumqayıtın icra başçısı Zakir Fərəcovla görüşə getmişdim. Onunla söhbət əsnasında otağındakı mebellər gözümə dəydi. Çox gözəl mebel olduğu üçün harada istehsal olunduğunu soruşdum. O da öz növbəsində mebellərin xaricdə deyil, Saray qəsəbəsində yığıldığını dedi. Sizi inandırım ki, çox gözəl də mebellər idi və xaricdə istehsal olunanlardan heç də geri qalmırdı.
- Sovet dövründə Azərbaycanda kondisioner, soyuducu və s. kimi əşyalar istehsal olunaraq ixrac olunurdu. Bəs indi ölkə ərazisində konkret hansı məhsulları istehsal edə bilərik ki, onu xarici bazara çıxara bilək?
- Ölkədə özəlləşdirmə vaxtilə düzgün aparılsaydı, bu problemlərlə qarşılaşmazdıq. Özəlləşdirmə çox sərt, kobud və qeyri-qanuni yollarla aparıldı ki, nəticədə bütün müəssisələr dağıdıldı. Həmin müəssisələrin yenidən bərpa olunması və səmərəli istifadəsi üçün heç bir addım aparılmadı. Məhz elə buna görə də bu gün demək olar bütün məhsulları xarici ölkələrdən idxal etməyə məcbur olmuşuq. Hökumət hal-hazırda bu problemlərin aradan qaldırılması üçün müəyyən proqramlar qoyub. Həmin proqramların müvəffəq olması halında bu problemləri qismən də olsa həll etmək mümkün olacaq. Bölgələrdə, iri şəhərlərdə istehsalın artırılması üçün müəyyən addımlar atılır.
- Sizə konkret Naxçıvan Avtomobil Zavodunda istehsal olunan avtomobillərlə bağı sual vermək istəyirəm. Sizcə, bu avtomobillər keyfiyyət tələblərinə cavab verirmi?
- Təkcə avtomobillərdə deyil, ölkə ərazisində istehsal olunan məhsullarda keyfiyyət problemi var. Məsələn, mebel istehsalında konkret keyfiyyətli məhsulların olduğunu demək mümkündür. Amma avtomobil mexanizmi bir az daha ciddi məsələ olduğu üçün burada bir çox nüanslara fikir vermək lazımdır. Burada texnologiya, təhlükəsizlik kimi amillər nəzərə alınmalıdır. Xarici bazarlarda bir o qədər alıcı tapa bilməsək də, daxili bazarda bu avtomobilləri istifadə etmək mümkündür. Məncə, bu avtomobillərdən nazirliklərdə istifadə etmək çox da məqsədəuyğun olardı.
- 10 min dollara qədər olan əmanətlərin köhnə kursla qaytarılması məsələsi haqda məlumat verərdiz. Bu məsələ niyə reallaşmadı?
- Bu məsələ hələ ki, açıqdır. Biz bu təklifi irəli sürmüşük və məsələ hələ də aktuallığını qoruyur. Bundan artıq hələ ki, məlumat verə bilməyəcəm. Yaxın gələcəkdə əgər hər hansı bir irəliləyiş olsa, mətbuata bu barədə məlumat verəcəyik.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər