Ölkədə yerli istehsal olan mebelə tələbat necədir? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 28-01-2016, 14:29 | Şərh sayı: (0) | Baxılıb: 265
Ölkədə yerli istehsal olan mebelə tələbat necədir?
Bu günlərdə prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə məmurlara istifadələrində yerli istehsal mallarına üstünlük verməyi də tövsiyə olundu. Ölkə başçısı
Azərbaycanda istehsal olunan mebellərdən danışaraq bildirdi ki, ölkədə yüzlərlə mebel şirkəti olsa da, yüksək vəzifəli məmurlarımız bunu bəyənmirlər:
“Yerli istehsalın keyfiyyəti başqa mebeldən fərqlənmir, amma deyir, bu, Azərbaycan malıdır, özünə rəva bilmir”.
Bəs Bakıda yerli mebelə tələbat necədir? Onlar harada hazırlanır?
Yerli mebel satan mağazalarda şahidi olduq ki, sadə camaatın ən çox aldığı Azərbaycan istehsalı olan mebellərdir. Lakin satıcıların sözlərinə görə, bu tələbat manatın ikinci devalvasiyasından sonra sıfıra enib.
Öyrəndik ki, Bakıda yerli mebellər daha çox kiçik mağazalarda satılır. Misal üçün, “Xalqlar dostluğu” metrostansiyasının ətrafında onlarla mebel mağazası var ki, burada ancaq yerli istehsal olan mebellər satılır. Orada satılan mebellərin hissələri isə şəhərdən kənarda yerləşən xüsusi sexlərdə hazırlanır. Satıcılar bildirdilər ki, prezidentin məlum çıxışı onları çox sevindirdi. Onlar ümid edirlər ki, bundan sonra əllərində qalan mallarının satış tempi yüksələcək. Satıcı Raufun sözlərinə görə, yerli mebellər xaricdən gətirilənlərlə müqayisədə xeyli ucuz qiymətə satılır. İnsanlar da buna görə yerli mala üstünlük verirlər:
“Ancaq açığını deyim ki, 15 ilə yaxındır mebel işindəyəm çox nadir halda hansısa yüksək rütbəli məmur bizdən yerli mal istəyib. Yerli malı alan daha çox sadə camaatdır. Qiymətlər də normaldır. Misal üçün, əgər Türkiyədən gətirilən çarpayının qiyməti 3 min manata yaxındırsa, 200 manata Azərbaycan istehsalı olan çarpayı almaq olar. Şəxsən bizim mağazada 180 manata da çarpayı var. Bu malları biz hissələr formasında sexdən alırıq. Sexlər isə adətən şəhərdən kənarda yerləşir. Sifarişi veririk, onlar da hazırlayırlar. Son zamanlar insanlar rəngi ağ olan mebellərə üstünlük verirlər. Xaricdən də daha çox ağ mebellər gətirilir. İstənilən xarici mebelin dizaynına uyğun, yerli mebel istehsal edə bilərik. Sifariş olanda istənilən formanı düzəltdiririk. İnanın ki, heç xarici maldan fərqlənmir. Keyfiyyətə gəlincə isə misal üçün taxta hər yerdə taxtadır də. Bunu xarici yondu, yaxud da biz formaya saldıq fərqi nədir ki?...
“Xalqlar dostluğu” metrostansiyası yaxınlığında yerləşən mebel mağazasında çalışan Qumru Xəlilova isə bildirdi ki, Azərbaycanda satılan yerli mebellərin əksəriyyəti “Damla mebel”in istehsalıdır:
“Yerli malın keyfiyyəti heç də xarici mebellərdən geri qalmır. Ancaq deyim ki, devalvasiyadan sonra ümumiyyətlə, alıcıların sayı kəskin şəkildə aşağı düşüb. Ona görə də mebel mağazalarında hazırda vəziyyət ağırdır. Qiymətlərimiz isə normaldır. Tikinti materialları bazarında qiymətlər artsa da mebelin qiymətini qaldırmamışıq. Sexlər tikinti materialı bazarından xammalı aldıqdan sonra bizim sifarişimizə əsasən mebel düzəldirlər. Bazarda, misal üçün taxtanın qiyməti qalxırsa, bu mebelin də qiymətinə təsir edir. Ancaq alıcı olmadığı üçün biz qiymətləri qaldırmadıq. Misal üçün, çarpayını 160, 4 qapılı şkafı 250, 3 qapılını isə 170 manata satırıq. Xaricdə istehsal olunan şkaf isə yerli maldan təxminən 600-700 manata qədər baha satılır. Məsələn, biz divanı 600 manata satırıq, Türkiyə istehsalı olan divanlar isə 1000 manatdan bahadır. Ancaq dediyim kimi indi müştəri heç qapını açıb içəri də baxmır. Ümid edirik ki, cənab prezidentin çıxışından sonra vəziyyət düzələcək”.
Digər mağazada çalışan Ruslan isə bildirdi ki, əslində mebellərin qiymətini devalvasiyadan sonra qaldırıblar:
“Ancaq tələbat olmadığı üçün məcbur olub yenidən əvvəlki qiymətinə saldıq. Hazırda yerli mebellərin hamısı devalvasiyadan əvvəlki qiymətə satılır. Ancaq alıcı yoxdur”.
“Weltew mobilya”nın işçisi Səidə xanım isə bildirdi ki, onlar həm yerli, həm də xarici mebellərin satışı ilə məşğuldurlar. O bir neçə məqamlara aydınlıq gətirdi:
“11 ildir ki, mebel işindəyəm. Onu deyim ki, Azərbaycan istehsalı olan mebellər hələ keyfiyyətinə görə xarici mallara çata bilmir. Həm yerli, həm də xarici mal satırıq. İnsanlar daha çox yerli mallara üstünlük verirlər. Bunun isə səbəbi qiymətlərin aşağı olmasıdır. İnsanlar xarici mebellərə baxırlar, onların dizaynın götürüb deyirlər ki, bu tip mal istəyirik. Biz də həmin dizayna uyğun olaraq onlara mebel yığıb verə bilirik. Dizayn eyni olsa da keyfiyyətdə fərq var. Xarici mebellər daha keyfiyyətlidir”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər