Azərbaycan ərzaq buğdasına görə niyə idxaldan asılıdır? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 27-01-2016, 16:20 | Şərh sayı: (0) | Baxılıb: 261
Azərbaycan ərzaq buğdasına görə niyə idxaldan asılıdır?
Dolların bahalaşması və bunun nəticəsində idxal olunan məhsulların bahalaşması, xaricə valyuta axınının artması ölkənin yerli ərzaq məhsulları ilə təminatı məsələsini bir daha gündəmə gətirdi. Xüsusən ölkənin ərzaq buğdası ilə təminatı ölkənin ərzaq təhlükəsizliyi baxımından ən önəmli məsələlərdən biridir.
Təsadüfi deyil ki, ölkə başçısı da ötən gün keçirdiyi konfransında ərzaq təhlükəsizliyi məsələsinə toxunaraq, taxıl istehsalının artırılmasının vacibliyini qeyd etdi. Azərbaycanın yerli taxılla təminatına gəlincə, ekspertlər ölkənin idxaldan asılı olduğunu bildirir.
İqtisadçı ekspert Qadir İbrahimli musavat.com-a açıqlamasında bildirib ki, ölkənin yerli istehsal olan ərzaq buğdası ilə təmin edilməsi ərzaq təhlükəsizliyi ilə bağlı olan bir məsələdir və bunun məsuliyyəti Kənd Təsərrüfatı Nazirliyinin üzərindədir: “Bu günə qədər bu sahəyə ayrılan milyonlarla manatlıq dövlət yatırımlarına baxmayaraq, aqrar sektorda keyfiyyətli buğda yetişdirmək mümkün olmayıb. Azərbaycanda aşağı keyfiyyətli, ərzaq üçün tam yararsız buğda istehsal olunur. Bunun da bir çox səbəbləri var. Birincisi, fermerlərin maddi texniki təchizatı yetərincə deyil. Bu da kompleks yanaşmanın olmamasının nəticəsidir. Bu səbəbdən ölkə özünü taxılla tam təmin edə bilmir. Ölkədə istehlak olunan taxılın təxminən 70 -80 faizi xaricdən gətirilir. Əsas hissəsi Ukrayna və Qazaxıstandan idxal olunur. Bu göstərici özü də Kənd Təsərrüfatı Nazirliyinin aqrar sektora olan cavabdehliyinə məsuliyyətsiz yanaşmasının göstəricisidir. Çox təəssüf ki, hökumət bu ciddi problemi həll etmir”.
Musavat.com-a açıqlamasında ekspertlərin iddialarını cavablandıran Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev isə Azərbaycanın ərzaq buğdasına olan tələbatının 70 faizinin daxili istehsal hesabına ödəndiyini bildirdi: “2015-ci ildə Azərbaycanda 3 milyon tona yaxın taxıl istehsal olunub. İstehsal olunmuş taxılın 1,7 milyon tonunu buğda təşkil edir və bu buğdadan toxumluq ayrıldıqdan sonra ümumi 70 faiz ərzaq buğdasına olan tələbat daxili istehsal hesabına ödənilir. Qalan 30 faiz isə xaricdən idxal olunan buğda hesabına ödənilir. O yanlış bir fikirdir ki, Azərbaycan buğdası ərzaq üçün yaramır. Bizim yerli taxıl sortlarımız var ki, ərzaq üçün yararlıdır. Qarşıda duran əsas məsələlərdən biri də ölkə əhalisinin yaxın gələcəkdə ərzaq buğdasına olan tələbatını tam ödəməkdir. Bununla əlaqədar olaraq, yaxın günlərdə nazirlik və taxıl fondu sahibkarlarla birlikdə toplantı keçirəcəklər. Keyfiyyəti artırmaq üçün əsas meyarlardan biri də taxılçılıqda tətbiq olunan aqrotexniki tədbirlərin tam və vaxtında yerinə yetirməkdən ibarətdir. Ümumi götürdükdə taxılçılıqda 50-yə yaxın aqrotexniki tədbirlər həyata keçirilir ki, fermerlər buna vaxtında əməl edərlərsə, ən keyfiyyətli növ buğda əldə etmək mümkündür. Fermerlər tərəfindən istehsal olunmuş taxıl onların özləri tərəfindən də istifadə olunur”.
M.Hacıyev bildirdi ki, Azərbaycanda əsasən iki cür - yumşaq və bərk buğda əkilir: “Bərk buğda əsasən makaron sənayesinə, yumşaq buğda isə un istehsalına yönləndirilir. Elə fermerlərimiz var ki, bu il 70-80 ton buğda istehsal ediblər. Yerlərdə istehsal olunmuş taxılı fermerlər özləri ərzaq kimi istifadə edirlər. Nazirliyin qarşısında duran əsas vəzifə keyfiyyətli buğda istehsal etmək və əhalinin ərzaq buğdasına olan tələbatını tam şəkildə yerli istehsal hesabına ödəməkdir. Keyfiyyətə təsir edən bir sıra faktorlar var ki, biz bunların həyata keçirilməsində fermerlərə dəstək olacağıq. Əsasən gübrənin vaxtında verilməsi önəmlidir”.
Nazirlik sözçüsünün açıqlamasına görə, Azərbaycanda standartlara cavab verən buğda sortları var və bu sortlar hazırda yetişdirilir: “Lakin fermerlər nazirlik tərəfindən onlara verilmiş tövsiyələrə əsasən vaxtında aqrotexniki tədbirləri həyata keçirməlidirlər. Vaxtında keyfiyyətli şumlama aparılmalıdır, gübrələr verilməlidir. Alaq otlarının təmizlənməsi, suvarılma və sair aqrotexniki tədbirlər həyata keçirilsə, biz ən keyfiyyətli buğdanı özümüz yetişdirə bilərik. Nazirlik tərəfindən fermerlərə məsləhətlər üçün xidmətlərimiz var. Vaxtaşırı olaraq, bölgələrdə taxıl istehsalçısı olan fermerlərin iştirakı ilə görüşlər keçirilir. İri taxılçılıq təsərrüfatlarının yaradılması artıq öz effektini verir. Əgər orta məhsuldarlığın hər hektara görə 31 sentiner olduğunu nəzərə alsaq, Azərbaycanın son 100 illik tarixində bu, ən yüksək məhsuldarlıq göstəricisidir. İri taxılçılıq təsərrüfatlarında isə orta məhsuldarlıq 55 sentiner olur. Azərbaycanın torpaq və iqlim şəraiti imkan verir ki, orta məhsuldarlıq 4 tona qədər qaldırılsın. Biz çalışırıq ki, taxılçılığı ekstensiv yolla yox, intensiv yolla inkişaf etdirək. Yəni, əkin sahəsini artırmamaqla daha çox məhsul əldə etmək mümkün olsun”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər