Baş bankir dollar krediti olanlara qara xəbər verdi |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 27-01-2016, 12:28 | Şərh sayı: (0) | Baxılıb: 299
Baş bankir dollar krediti olanlara qara xəbər verdi
Elman Rüstəmov güzəştlərin edilməsinin maliyyə intizamını poza biləcəyini bildirib, ekspertlər isə güzəştlərin vacibliyini vurğulayırlar
Dollar kreditlərinin məsələsi həll olunmasa da, təkliflər yenilənir. Ekspertlər dəfələrlə güzəştlər barədə təkliflər versələr də, banklar və Mərkəzi Bank dirəniş göstərir. Son olaraq isə Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov banklardan dollarla kredit götürənlərə güzəştlərin edilib-edilməyəcəyi məsələsinə münasibət bildirib. Onun sözlərindən aydın olub ki, hökumət bu məsələdə maraqlı deyil.
APA-nın məlumatına görə, E.Rüstəmov deyib ki, “hökumətdə komanda mövqeyi ondan ibarətdir ki, bu, maliyyə intizamını poza bilər. Yəqin ki, bank sektorunun restrukturizasiyası proqramı çərçivəsində baxacağıq ki, banklara yardım vasitəsilə necə edək ki, onlar bu işin öhdəsindən gələ bilsinlər. Dövlətin banklara yardım proqramı çərçivəsində bankların bu istiqamətdə nə iş görə biləcəyinə baxmalıyıq. Yəqin ki, bunu banklarla və beynəlxalq ekspertlərlə müzakirə edəcəyik”.
Ekspert Vüqar Bayramov qeyd edib ki, Azərbaycanda bütün valyuta növləri daxil olmaqla, ümumi kredit portfelinin dəyəri 19 milyard 744 milyon manatdır. Xarici valyutada olan kreditlərin cəmi isə 7 milyard 477 milyon dollardır. “Bu isə o deməkdir ki, dollarla olan kreditlər ikinci devalvasiyadan öncə milli valyuta ifadəsində 7 milyard 851 milyon manat idisə, hazırda rəsmi məzənnə ilə 11 milyard 664 milyon manatadək yüksəlib. Deməli, sonuncu devalvasiyadan sonra vətəndaşlar və iş adamları əlavə olaraq banklara 3 milyard 813 milyon manat vəsait ödəməlidirlər. Maraqlıdır, manatı 50 faiz dəyərsizləşdirməklə əhaliyə 4 milyard manata yaxın əlavə xərc yaradan Mərkəzi Bank hətta 250 milyon manatı ödəməyi belə yubadır. Nəinki iqtisadi modellər, hətta adi riyazi hesablamalar da göstərir ki, əhali və biznesin bu xərci tamamilə qarşılaması mümkün deyil. Əslində mən ən azı 10 min dollaradək olan kreditlər üzrə fərqin Mərkəzi Bank tərəfindən ödənilməsini təklif edirəm. Mərkəzi Bank 1.05 ilə mövcud məzənnə arasındakı fərqi ödəyərsə və bununla yanaşı banklar vətəndaşlara faiz güzəştləri edərsə, o zaman ikinci devalvasiyanın bank sektoruna və borcu olanlara təsirlərini minimumlaşdırmaq mümkündür” deyə, ekspert qeyd edib.
O deyib ki, baş bankın öz məlumatına görə, hazırda borclananların sayı 2 milyon 532 min 712 nəfərə çatıb: “Bunların böyük əksəriyyəti isə istehlak kreditlərindən istifadə edən vətəndaşlardır. Belə ki, 2 milyon 497 min 609 nəfər fərdi borclanandır. Borclanan hüquqi şəxslərin sayı cəmi 11 min 241 şəxsdir. 2 milyondan artıq olan borclanan arasında sahibkarlıq subyektlərinin sayı cəmi 23 min 862 iş qurumudur. Fərdi borclananların sayı ondan xəbər verir ki, hazırda orta hesabla hər ailədə ən azı bir borclu var. Yəni orta hesabla hər bir ailə banka borcludur. Deməli, Mərkəzi Bankın qərarı hər bir ailəyə təsir edəcək addımdır və ən azı bu baxımdan baş bank kompensasiya mexanizmini tətbiq etməlidir. Problem heç də borclananlar ilə tamamlanmır. Hazırda Azərbaycanda 1 milyon 205 min 81 zamin var. Bu o deməkdir ki, ölkədə orta hesabla hər 4 nəfərdən birinin banka borcu var və orta hesabla hər 8 nəfərdən biri isə zamindir. Yəni milyondan artıq vətəndaş zamin kimi banklardan gələn zəngləri gözləyir və ya cavablandırırlar. Göründüyü kimi, istər borcun dəyər, istər say ifadəsi göstərir ki, bu gün, sadəcə vətəndaşların borc öhdəliyinin azalması deyil, eyni zamanda bank sektorunun qorunması məhz kompensasiya mexanizmindən asılıdır”.
Ekspert Samir Əliyev isə qeyd edib ki, dollar krediti olanlara güzəşt çox vacibdir: “Bu, birinci devalvasiyadan sonra edilməli idi. Təəssüf ki, həmin dövrdə banklarla vətəndaşlar üz-üzə qoyuldu, hökumət heç bir dəstək vermədi. İndi həmin vəziyyət olsa da, hökumət nəsə etmək istəyir. Hər bir halda vətəndaşlara dəstək verilməlidir. Mənbə hər bir halda dövlət büdcəsi, yaxud daxili borclanma olacaq. Mən elə onu bildirmək istərdim ki, ölkədə olan valyuta qıtlığını yumşaltmağın yolu daxili borclanmanın mümkünlüyüdür. Milyardlarla dollar var ki, ”yastıq altındadır", insanlar banklara etibar etmədiyi üçün belə vəziyyət yaranıb.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər