“Minsk Qrupu konflikti ”dondurulmuş" vəziyyətdə saxlamaq üçündür" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 27-01-2016, 10:38 | Şərh sayı: (0) | Baxılıb: 202
“Minsk Qrupu konflikti ”dondurulmuş" vəziyyətdə saxlamaq üçündür"
Münaqişənin həllinə ən böyük maneə indi məhz Minsk Qrupunun özüdür; rusiyalı politoloq: “Bu quruma alternativ ortaya çıxmayınca problem yerindən tərpənməyəcək...”
“Dağlıq Qarabağ münaqişəsi Avropanın təhlükəsizliyinə təhdiddir”. Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyasının ilk plenar iclasında qurumun yeni sədri Pedro Aqramunt bu sözləri yeni vəzifədə görəcəyi işlərdən, assambleyanın prioritetlərindən, Avropada və dünyada baş verən əsas hadisələrdən, mövcud problemlərin həllindən danışarkən deyib.
Belə ki, AŞ PA sədri Avropa Şurasına üzv ölkələrdə həll edilməmiş münaqişələrin vəziyyətinə toxunaraq bildirib: “Bizim təşkilatımız daxilində bir neçə ölkədə münaqişələr hələ də həll edilməyib. ”Dondurulmuş" adlandırdığımız münaqişələr mövcuddur. Gürcüstanda Cənubi Osetiya və Abxaziya, Moldovada Dnestryanı bölgədəki münaqişə, eyni zamanda Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi hələ də həllini tapmayıb. Bu münaqişələrin bu günədək yoluna qoyulmaması ümumilikdə Avropanın təhlükəsizliyi üçün təhdid təşkil edir".
Lakin bəllidir ki, konkret olaraq, Qarabağ konfliktinin dinc yolla həlli ilə ATƏT-in Minsk Qrupunun həmsədrləri məşğul olurlar. Əgər buna “məşğul olurlar” demək mümkünsə. ABŞ, Rusiya və Fransadan olan həmsədrlərin real işlə deyil, fəaliyyət görüntüsü yaratmaqla məşğul olduğuna onların son birgə bəyanatı da şübhə yeri saxlamır.
Məlum olduğu kimi, həmin bəyanatda onlar işğalçı Ermənistan əleyhinə AŞPA-da iki qətnamə layihəsinin müzakirəsinə açıqca etiraz bildirib, hətta quruma təzyiq ediblər, konfliktin həllinin yalnız onların monopoliyasında olduğunu sübut etməyə çalışıblar. Bu monopoliyanın nəyə gətirdiyi isə ortadadır: Minsk Qrupu problemin həllində 23 ildə bircə santimetr də irəli gedə bilməyib. Çünki Ermənistanı işğalçı kimi tanımaqdan hələ də israrla imtina eləməkdə, təcavüzə məruz qalanla təcavüzkarı eyniləşdirib müharibənin nəticələrini rəsmiləşdirmək yönündə fəaliyyət göstərməkdədir. Son illərdə isə həmsədrlər açıq-aşkar ermənipərəst mövqe tutmaqla özlərini obyektiv vasitəçi olaraq tamamən gözdən salıblar.
Bu üzdən də rəsmi Bakının başqa beynəlxalq təşkilatlar və nüfuzlu dövlətlər timsalında alternativ vasitəçilik institutu axtarması təbii və normal qarşılanmalıdır. Əfsus ki, “monopolist vasitəçilər” buna, yumşaq desək, qısqanc yanaşırlar. Bu mənada həmsədrlərin son bəyanatı AŞ PA ilə yanaşı, Azərbaycana da təzyiq hesab edilməlidir.
***
Minsk Qrupu rəhbərliyinin son bəyanatına ən müxtəlif aspektlərdən şərhlər davam edir. Rusiyalı tanınmış siyasi analitik Oleq Kuznetsovun məsələyə yanaşması da qiymətli sayıla bilər. Onun sözlərinə görə, diplomatlar, bütövlükdə Minsk Qrupu aparatının texniki işçiləri üçün Dağlıq Qarabağ konflikti xüsusi əziyyət çəkmədən babat pullar qazanmağa imkan verən lotereyanın uduş bileti kimidir.
Rusdilli vesti.az saytına müsahibəsində analitik deyib: “Fikrimcə, ATƏT əməkdaşlarının əməkhaqqısı BMT-nin sülhyaratma missiyasına daxil olan mülki personalın əməkhaqqından az fərqlənir və haradasa vəzifəsindən asılı olaraq, ayda 50 min dollar təşkil edir. Bura nəqliyyat, texnoloji və başqa avadanlıq və aparatlardan istifadə xərcləri daxil deyil. Dağlıq Qarabağ münaqişəsinin istənilən həlli - ya Azərbaycanın, ya da Ermənistanın xeyrinə olsun, fərq etməz - bu bürokratları avtomatik şəkildə belə havayı ”yem"dən məhrum edəcək. Təbii ki, onlardan heç biri bunu istəmir. Odur ki, “Minsk Qrupu danışıqlar üçün yeganə məqbul format olaraq qalır” kimi bəyanatlar verməkdə davam edirlər".
Bu tipli bəyanatlar isə politoloqa görə, mübahisəlidir: “Məlumdur ki, ATƏT regional və ya kontinental yox, transkontinental təşkilatdır, çünki tərkibinə həm də ABŞ və Kanada, həm də keçmiş SSRİ-nin Orta Asiyadakı respublikaları daxildir. Bu səbəbdən də ATƏT Avropa ərazisindəki istənilən beynəlxalq problemlə, o cümlədən Qarabağ məsələsi ilə ilgili obyektiv olaraq avropalıların fikrini ifadə edə bilməz. Bu hədəfə məhz Köhnə Qitənin ali nümayəndəli orqanı olan AŞ PA işləyə bilər. Avropalı parlamentarlara Avropa ərazisində hərbi konfliktin dondurulması və ya həlli üçün öz nizamlama strukturu yaratmasına heç kim mane olmur.
Bu, baş versə, o zaman Minsk Qrupu bu beynəlxalq problemlə məşğul olan tək orqan olmayacaq, sağlam beynəlxalq rəqabətin mövcudluğu isə həmişə istənilən fəaliyyət üçün, o sırada sülhməramlı fəaliyyət üçün stimul deməkdir. Bir daha təkrar edim ki, nə qədər ki, ATƏT-in Minsk Qrupuna alternativ, alternativlər arasında isə sağlam rəqabət olmayacaq, bürokrat həmsədrlərin görüntü fəaliyyəti onların lazımlılığı, deməli, həm də maliyyələşməsi üçün bəraət kimi qalacaq".
Rusiyalı ekspert daha sonra AŞ PA-nın qış sessiyasında Rusiya nümayəndə heyətinin iştirak etməyəcəyinə diqqət çəkərək deyib: “Bu - AŞ PA dinləmələri zamanı Ermənistanın mövqeyinə ağrılı bir zərbədir. Çünki Avrointeqrasiyaya deyil, ölkənin Avrasiya Birliyinə qoşulmasına üstünlük verən İrəvandakı hazırkı siyasi rejimin təmsilçiləri siyasi tənqidlərin güclü tənqid atəşi altına düşə bilərlər və nəticədə öz ünvanlarına bir cür qətnamə qazana bilərlər - hansılar ki, Ermənistanın beynəlxalq imicini əsla gücləndirməyəcək və bir daha onun təcavüzkar-ölkə statusunu müəyyən edəcək. Bu dəfə Ermənistan nümayəndə heyəti nə Rusiyanın, nə də Amerikanın dəstəyinə malik olacaq və o səbəbdən də Minsk Qrupu rəhbərliyinin mövqeyi prinsipial əhəmiyyət kəsb etməyəcək. Çox mümkündür ki, Qarabağ münaqişəsinin nizamlanması ölü nöqtədən tərpənsin və bu məsələdə həlledici rola AŞ PA sahiblənsin”.
Sonda politoloq bir daha əminliklə qeyd edib ki, Minsk Qrupu həmsədrlərinin son bəyanatı Dağlıq Qarabağ ixtilafının həll perspektivlərinə görə narahatlıqdan yox, məhz həll nəticəsində imtiyaz və qazanclardan məhrum olma qayğısından qaynaqlanıb. “Minsk Qrupunun 20 ildən çox mövcudluğunun anlamı odur ki, konflikti, necə deyərlər, ”dondurulmuş" vəziyyətdə saxlasınlar. Çünki məhz o halda belə bir qrupun mövcudluğunun və maliyyələşməsinin anlamı qorunub saxlanmış olacaq" - əlavə edib rusiyalı təhlilçi.
***
Yazı hazırlanarkən məlum oldu ki, AŞ PA Ermənistan əleyhinə sənədlərin müzakirəsini təxirə salıb.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər