Almaniyadan Qarabağla bağlı diplomatik həmlə |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 16-01-2016, 20:22 | Şərh sayı: (0) | Baxılıb: 287
Almaniyadan Qarabağla bağlı diplomatik həmlə
ATƏT-in yeni sədri kimi Berlinin təşəbbüskarlığı artırmağa hazırlaşması nə vəd edir? Obyektiv mövqeli Almaniyanın vasitəçiliyə gətirilməsi danışıqlar prosesinə daha güclü stimul verərdi, əgər...; amerikalı həmsədr: “Bölgədə genişmiqyaslı müharibə regionu məhv edə bilər...”
İlin ilk Qarabağ müzakirələri Londonda, ATƏT-in Minsk Qrupu həmsədrləri səviyyəsində başladı. Doğrudur, Böyük Britaniya konfliktin nizamlanmasında həlledici rol oynayan və yaxından iştirak edən ölkə deyil. Bu xüsusda Almaniya isə əksinə, yanvardan ATƏT-ə sədrlik etməyə başlamış iri dövlət, regional supergüc kimi sülh prosesinə əhəmiyyətli töhfə verəcək gücdədir .
Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerin ATƏT-də sədrliyin Belqraddan Berlinə keçməsi ilə bağlı yaydığı bəyanat belə bir qənaət yaradı. Nazir bildirib ki, “ATƏT sədri qismində Dağlıq Qarabağ və Dnestryanı münaqişələrin həllində aktiv rol oynayacaq”.
Onun sözlərinə görə, ölkəsinin ATƏT-dəki sədrliyi çətin dövrə təsadüf edir. “ATƏT-in dialoq üçün platformaya və qarşılıqlı etimada ehtiyacı var. Bundan əminəm”, - deyə XİN başçısı vurğulayıb. Nazirin fikrincə, ATƏT məkanında uzunmüddətli təhlükəsizlik ancaq ölkələrin birgə səyləri ilə təmin oluna bilər. Valter Ştaynmayer həmçinin, onu da bildirib ki, Almaniya ATƏT sədri kimi Cənubi Qafqazda münaqişələrin həlli üzrə fəal səylər göstərəcək, ATƏT nümayəndəliklərinin fəaliyyətini aktivləşdirəcək.
Xatırladaq ki, Frank-Valter Ştaynmayer ATƏT Nazirlər Şurasının dekabrın 3-də Belqradda keçirilən 22-ci iclasında ölkəsinin sədrliyi dönəmində prioritetləri açıqlayıb. Nazir üç əsas istiqamətdə işləmək lazım olduğunu vurğulayıb: böhranlara reaksiya vermək; katibliyin, sahə missiyalarının və təşkilatların gücləndirilməsi; təhlükəsizliyin artırılması.
***
Avropa qitəsinin iqtisadi cəhətdən ən qüdrətli dövləti və nüfuzlu ölkəsi olaraq Almaniya şübhə yox ki, qeyd edilən istiqamətlərdə uğur qazanmaq üçün daha ciddi imkanlara malikdir - o cümlədən rəsmi Berlinin Qarabağla bağlı diplomatik həmləsi effektli ola bilər, bir şərtlə ki, Dağlıq Qarabağ məsələsində yenu təşəbbüskarlıq həmsədr dövlətlər tərəfindən də zəruri dəstək qazansın.
Belə bir dəstək veriləcəkmi, yoxsa rəsmi Berlinin diplomatik fəallığına qısqanclıq göstərilib, onun səyləri yolunda əngəllər yaradılacaq? Söyləmək çətindir. Çünki Qarabağ məsələsində qlobal və regional böyük güclərin geosiyasi maraqları heç vaxt olmadığı qədər ciddi şəkildə toqquşur.
Vəziyyəti tündləşdirən amillərdən biri də “Su-24" insidentinə görə Türkiyə-Rusiya münasibətlərinin korlanması və yeni durumun Qarabağ münaqişəsi zonasına da inikas etməsidir. Düzdür, Berlinin Ankara ilə əlaqələri müttəfiq xarakterlidir, hər ikisi NATO blokunun üzvləridir, Almaniyada dünyanın ən böyük türk icması mövcuddur. Berlinin həmçinin, Moskva ilə də siyasi-diplomatik münasibətləri Rusiyaya qarşı məcburi sanksiyalara rəğmən, minimum səviyyədə qalır.
Eyni zamanda həm Almaniya, həm də Türkiyə Rusiya qazının əsas alıcılarındandır. Bununla belə, geosiyasi maraqlar və ümumbəşəri dəyərlər Türkiyə kimi Almaniyanın da Rusiyaya tamamən əks siyasi qütbdə - fərqli hərbi və təhlükəsizlik düşərgəsində yer almasını şərtləndirib.
Bu xüsusda bir şeyi əminliklə söyləmək olar ki, üç həmsədr ölkədən ABŞ və Fransa, eləcə də qardaş Türkiyə Almaniyanın Qarabağa dair təşəbbüslərini hərtərəfli dəstəkləyəcək, nəinki Rusiya. Hər necə olmasa, Vaşinqton da, Paris və Ankara da münaqişənin yeni qaynar fazaya keçməməsində, sülh prosesinin dalandan çıxmasında və Moskvanın konflikti öz maraqları naminə təzədən qızışdırmaq planlarının əngəlləməsində maraqlıdır.
***
Təsadüf deyil ki, rəsmi Vaşinqton Minsk Qrupdakı həmsədri Ceyms Uorlik vasitəsilə Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün maksimum qısa zamanda təşkil eləməyə, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının dialoqunu qurmağa çalışır. Bütövlükdə il məhz Ceyms Uorlikin Qarabağa dair diplomatik fəallığı ilə başlayıb.
“Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin həllinin açarı əllərində olan iki insandır”. Bu sözləri Uorlik Ermənistan mətbuatına müsahibəsində deyib. Diplomat bildirib ki, prezidentlər sülh prosesində irəliləyişə nail olmaq üçün tez-tez görüşməlidirlər.
“Biz hərtərəfli sülh sazişinin çoxsaylı elementlərini müzakirə etmək üçün prezidentlərdən aşağı səviyyədə də danışıqlar aparırıq. Bu kimi səylər etimad atmosferinin yaranmasına, gərginliyin azalmasına və münaqişənin tənzimlənməsi ilə bağlı dialoq mühitinin yaxşılaşmasına xidmət edəcək” - qeyd edib amerikalı həmsədr.
Diplomat onu da vurğulayıb ki, hər iki prezident açıq şəkildə münaqişənin sülh yolu ilə həllinə sadiqliklərini bəyan ediblər: “Bu, onların dediyi sözlərdən də aydın olur. Genişmiqyaslı müharibə regionu məhv edə bilər və biz əminik ki, prezidentlər də bunu anlayır. Ümid edirik ki, 2016-cı ildə tərəflər həll prosesi ətrafında irəliləyişə nail olmaq üçün danışıqlar masası arxasında əyləşəcəklər, güc tətbiqindən çəkinəcəklər və prezidentlərin ümumi sülh məqsədini sarsıdacaq təhrikçi ritorikalardan əl çəkəcəklər”.
***
Almaniyanın ATƏT sədri kimi fəaliyyətə başlaması fonunda bu səylərin nə dərəcədə effektli olacağı yaxın aylarda bilinəcək. Almaniyaya gəlincə, rəsmi Berlin Qarabağ məsələsində kifayət qədər obyektiv mövqeyi ilə tanınır. Əslində Minsk Qrupu həmsədrliyində Avropa Birliyini ermənipərəst Fransa yox, məhz Almaniya təmsil eləsəydi, danışıqlarda uzun illərdir özünü göstərən dalan da olmazdı. Ən azı ona görə ki, rəsmi Berlinin obyektiv mövqeyi işğalçı Ermənistanı şirnikləndirən hər hansı “həll variantı”nın, o sırada “Madrid sənədi”nin ortaya çıxmasını əngəlləyərdi.
Bu mənada Almaniyanın Minsk Qrupu həmsədrliyində təmsilçiliyinə zərurət əslində öz əhəmiyyətini itirməyib - ya Fransanın yerinə, ya da 4-cü həmsədr kimi o, MQ rəhbərliyinə gətirilə bilər. Belə bir obyektiv münsifin həmsədrlikdə olması danışıqlar prosesinə məxsusi stimul verər, sülh yolunun tapılmasını asanlaşdıra, nəhayət, Minsk Qrupunun özünün çoxdan korlanmış ermənipərəst imicini yaxşılaşdırardı.
Musavat.Com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər