İlin ilk Qarabağ müzakirələri Londonda başladı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 13-01-2016, 14:48 | Şərh sayı: (0) | Baxılıb: 305
İlin ilk Qarabağ müzakirələri Londonda başladı
Vasitəçilərin ikili standartının girovuna çevrilən danışıqlar - Qərb Azərbaycan torpaqlarında Ermənistan vətəndaşlarının hərbi xidmət keçməsinə hələ də normal baxır...
Yanvarın 9-da daha bir erməni işğalçı əsgəri Azərbaycanın işğal altındakı Dağlıq Qarabağda şərəfsiz ölümə tuş gəldi - alnından snayper gülləsi ilə vurulan Aramis Voskanyan da digər əksər işğalçılar kimi Ermənistan vətəndaşı idi. Bu fakt qonşu ölkənin ölkəmizə qarşı işğalçılıq siyasəti apardığını bir daha təsdiqləyir.
Elə ən maraqlısı da bu kimi hallara ATƏT-in Minsk Qrupu həmsədrlərinin illərdir susqunluq göstərməsi, daima təcavüzə məruz qalan tərəflə - Azərbaycanla təcavüzkar Ermənistanı bərabər tutmasıdır, işğalçını öz adı ilə çağırmaqdan çəkinməsidir. Rusiyanın mövqeyi haradasa anlaşılandır: şimal qonşumuz ərazilərimizin zəbt olunmasında əsas rol oynamış dövlətdir, işğalçı ölkənin hərbi-siyasi müttəfiqi, Ermənistan isə onun regiondakı yeganə forpostudur və bu üzdən ondan heç vaxt neytral vasitəçi çıxmaz.
Bəs “ədalətli Qərb”i Minsk Qrupunda təmsil edən ABŞ, Fransa necə olsun? Onlar niyə Rusiya ilə eyni mövqe sərgiləyir?
Rusiyadan öz hərbi qüvvələrini Donbasdan çıxarmağı tələb edən ABŞ, Avropa nədən Dağlıq Qarabağdakı işğalçı qüvvələri illərdir görmür, Ermənistan vətəndaşlarının hərbi xidməti Dağlıq Qarabağda, Azərbaycanın işğal altındakı digər ərazilərində keçməsini, burada öldürülməsini görməzlikdən gəlir? Axı hətta Ermənistanın özü də qondarma “DQR”in “müstəqilliyini” tanımayıb.
Yenə ortaya suallar çıxır: Minsk Qrupunun həmsədr ölkələri gerçəkdən də ölkəmizin ərazi bütövlüyünü tanıyırsa, o zaman Ermənistan vətəndaşlarının Ermənistandan kənar yad torpaqlarda və beynəlxalq hüquqa zidd olaraq hərbi xidmət keçməsinə nədən normal baxır?
Yaxud təmas xəttindəki eskalasiya, erməni vertolyotunun vurulması barədə dərhal bəyanatlar verən vasitəçilər niyə Azərbaycan ərazisində Ermənistan hərbçilərinin xidmət keçməsinə (İrəvan bunu gizlətmir də!) və haqlı olaraq öldürülməsinə reaksiya vermirlər? Kimdən çəkinir onlar hər şeyi öz adı ilə çağırmamaqla? Nəhayət, separatçılığa və terrorçuluğa kömək edən Ermənistana öz yerini göstərmək zamanı çatmadımı? Ermənistan hərbçiləri hansı əsasla Azərbaycanın beynəlxalq hüquqla tanınmış qanuni ərazilərindədir?
***
Aydındır ki, qoyulan suallara ABŞ və Fransadan olan həmsədrlər obyektiv cavab vermək gücündə deyillər. Çünki Ermənistanı işğalçı adlandırmaq istəmirlər, halbuki Gürcüstana (Abxaziya, Cənubi Osetiya) və Ukraynaya (Donbas, Krım) münasibətdə Qərb diametral əks mövqe sərgiləyir, Rusiyanı işğalçı adlandırır, hətta işğalçı ölkəyə - Rusiyaya qarşı sanksiyalar tətbiq edir. Belə olan təqdirdə əlbəttə ki, Azərbaycana yalnız özünə, öz ordusuna güvənməkdən, hərbi qüdrətini artırmaqdan savayı yol qalmır.
“Azərbaycanın hərbi potensialı 2015-ci ildə böyük dərəcədə möhkəmlənib. Biz bunu döyüş meydanında da görürük. 2015-ci ildə təmas xəttində Azərbaycan tam üstünlük təmin edib və öz iradəsini diktə edib”. Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
Ötən il onlarla işğalçının məhv edildiyini vurğulayan Azərbaycan prezidenti deyib: “Ermənistan rəhbərliyi panikadadır, isterikadadır, xarici qüvvələrə müraciət edir ki, onları müdafiə etsinlər. Ancaq sual olunur: erməni əsgərləri hansı torpaqda həlak olurlar? Azərbaycan torpağında həlak olurlar. Getsinlər, çəkilsinlər bizim torpaqlarımızdan, bu zaman münaqişəyə son qoyular, heç kim həlak olmaz və sülh bərpa edilə bilər”.
***
Münaqişənin ən sadə həll yolu zatən - bu: Ermənistanı beynəlxalq hüquq normalarına riayət eləməyə vadar etmək. Üstəlik, bunu BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinə dair qəbul elədiyi 4 məlum qətnaməsi tələb edirsə, hansı problem ola bilər?
Ermənistanın isə həm bu qətnamələrə, həm də, ümumiyyətlə, beynəlxalq hüquq normalarına münasibəti çoxdan bəllidir. İrəvan bu mövqeyi son olaraq 2014-cü ildə - BMT Baş Məclisində Krım məsələsi ilə bağlı Ukraynaya dair keçirilən səsvermədə qabarıq şəkildə nümayiş etdirib - Rusiyanın yanında yer almaqla, Krımın işğalına haqq qazandırmaqla, Ukraynanın ərazi bütövlüyü əleyhinə səs vermiş 11 izqoy ölkədən biri olmaqla.
Beləcə, Minsk Qrupu həmsədrləri beynəlxalq hüquqa Rusiya kimi meydan oxuyan bir işğalçı ölkəni illərdir gizli şəkildə himayə edir. Abxaziya, Cənubi Osetiya, Krım, Donbas separatçılarına qarşı tərəddüdsüz sanksiyalar və embarqolar tətbiq edildiyi halda, Qarabağın separatçı liderlərinə Qərbin həvəslə qucaq açmasının, onları hətta Avropaya, ABŞ-a dəvət edib rəsmi görüşlər keçirməsinin başqa hansı adı ola bilər ki?
***
Bu fonda həmsədrlərin vaxtaşırı bu və ya başqa Avropa şəhərində, Azərbaycan və Ermənistanda bir araya gələrək Qarabağa dair müzakirələr aparmasının, yaxud prezidentlərin görüşünü təşkil eləməsinin heç bir önəmi qalmır. Yeri gəlmişkən, bu arada məlum olub ki, Minsk Qrupu həmsədrləri bu il üçün ilk dəfə olaraq münaqişənin tənzimlənməsi yönündə Londonda məsləhətləşmələr aparacaqlar. Bu barədə Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün twitter səhifəsində yazıb. “Britaniya Xarici Əlaqələr Ofisi ilə məsləhətləşmələr aparmaq üçün Londona yola düşmüşük”, - deyə o qeyd edib.
Xatırladaq ki, az öncə amerikalı diplomat Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün təşkili üçün səylər göstərəcəklərini bildirmiş, həmçinin ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Ed Roysla Qarabağ müzakirələri aparmışdı.
Hər şeydən göründüyü kimi, amerikalı həmsədr ötən il olduğu kimi, bu il də rusiyalı və fransız həmkarlarından fəal görünür. Belə fəallığın, nəhayət, bu il real nəticələr verib-verməyəcəyini söyləmək çətindir. Bir şeyi dəqiqliklə qeyd eləmək olar ki, vasitəçi ölkələrin konfliktə ikili standartlı yanaşmasından mənbə götürən danışıqlar ta o vaxtadək səmərəsiz olacaq ki, ənənəvi ikili standart yanaşması kardinal şəkildə dəyişəcək - beynəlxalq hüququn xeyrinə təbii ki...
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər