ATƏT tədbirində Ermənistanla bağlı sürpriz qərar qəbul oluna bilər |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 25-01-2016, 15:53 | Şərh sayı: (0) | Baxılıb: 314
ATƏT tədbirində Ermənistanla bağlı sürpriz qərar qəbul oluna bilər
Bu həftə Strasburqda da işğalçı ölkəni çətin suallar gözləyir; həmsədrlər ermənilərə görə niyə təlaşdadır? Keçmiş amerikalı vasitəçi: “Avropa Birliyi Qarabağ məsələsinin həllində fəal iştirak eləməlidir...”
Bu gün Avropa Şurası Parlament Assambleyasının qış sessiyası öz işinə başlayır. Xəbər verdiyimiz kimi, sabah sessiyada Ermənistan əleyhinə iki qətnamə layihəsi səsverməyə çıxarılacaq. Onlardan biri “Dağlıq Qarabağ və Azərbaycanın işğal edilmiş digər ərazilərində zorakılığın artması”, o biri isə Sərsəng su anbarının qanunsuz istismarı haqdadır.
Son məlumatlara görə, qurumun müzakirəsinə kəlbəcərli girovlar - Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı Azərbaycan tərəfinin hazırladığı qətnamə layihəsi də təqdim olunacaq. Birinci iki sənəd böyük səs çoxluğu ilə ötən il müvafiq komitələrinin təsdiqindən keçib. Bundan narahat olan erməni tərəfi neçə vaxtdır qətnamələrin qəbulunu əngəlləmək üçün bir neçə ssenari hazırlayıb və ölkəmiz əleyhinə diplomatik həmlə etmək niyyətindədir.
Bu barədə yazan erməni mediası düşmən tərəfinin hansı kontur-addımlar atacağının ciddi məxfilik altında olduğunu qeyd edib - ki, Azərbaycan tərəfi tez xəbər tutub kontur-tədbirlər görə bilməsin. O da qeyd edilir ki, əgər həmin sənədləri əngəlləmək və ya mətnini Ermənistanın xeyrinə dəyişmək mümkün olmasa, o zaman Ermənistan nümayəndə heyətinin rəhbəri, parlamentin indiki vitse-spikeri Ermine Naqdalyan vəzifəsindən istefa verəcək.
***
Ekspertlər sənədlərin təsdiqlənəcəyi ehtimalını yüksək qiymətləndirir, bir şərtlə ki, Azərbaycan tərəfi ona kimi özünü yandıran sürpriz davranış sərgiləməsə. Lakin istənilən halda AŞPA qətnamələri aydındır ki, sülh prosesində real irəliləyiş yaratmaqdan ötrü yetərli deyil. Ona görə ki, münaqişənin həllidə illərdir beynəlxalq təşkilatlar yox, məhz qüdrətli dövlətlər söz sahibidir. Qüdrətli dövlətlər isə Qarabağ ixtilafının həlli uğrunda yox, konfliktə həlledici təsir uğrunda rəqabət aparır.
Onlardan biri və birincisi Rusiyadır. O Rusiya ki, onun rəsmiləri illərdir optimist bəyanatlar versələr də, “yük yerində qalır”. Bəs səslənən nikbinlik üçün əsaslar varmı? Konflikt ətrafında mövcud durum barədə danışan politoloq Qabil Hüseynliyə görə, 2015-ci ildə Qarabağ məsələsinin həlli ilə bağlı ümidlər əslində daha çox olub.
Sitat: “Rusiya bu prosesə əl qoyaraq Azərbaycana söz vermişdi ki, ən azı Dağlıq Qarabağ ətrafındakı 7 rayonun geri qaytarılmasına ciddi köməklik göstəriləcək. Rusiya-Türkiyə münasibətlərinin pisləşməsi, Azərbaycanın bu məsələdə prinsipial mövqe nümayiş etdirməsi Rusiyanı bir qədər Qarabağ məsələsindən uzaq salıb”. Bunu o, modern.az saytına Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair aparılan danışıqları şərh edərkən deyib.
“Rusiya bunu üzə vurmasa da, son vaxtlar Dağlıq Qarabağa guya Türkiyə əleyhinə olan hərbi silahların yerləşdirilməsi Ermənistanda hava hücumundan müdafiə sistemlərinin yaradılması, oraya hərbi helikopterlərin gətirilməsi, ordunun sayının 2 dəfə artırılması, üstəlik, yeni qırıcı təyyarələrin gətirilməsi fonunda demək olar ki, Ermənistan torpağı bütünlüklə rus silah ambarına çevrilib”, - deyə o qeyd edib.
Politoloqun sözlərinə görə, belə şəraitdə Rusiyanın səmimiliyinə də şübhələr yaranmağa başlayıb. Onun qənaətincə, Rusiyanın status-kvonu dəyişdirmək və bölgədəki problemin həllinə nail olmaq üçün bütün qüvvəsini sərf edəcəyi barədə verdiyi açıqlamalar yeni deyil.
“Açığını deyim ki, bu, son 2-3 il ərzində Rusiya tərəfindən dəfələrlə səsləndirilmiş fikirlərdir. Real işə gələndə məsələnin həlli bu və ya digər bəhanələrlə tormozlanır. 2016-cı ildə də Rusiya təntənəli surətdə problemin həllini Putinin dilindən dəyərləndirsə də, buna inanmaq çətindir” - vurğulayıb politoloq.
“ATƏT-in Minsk Qrupunun həmsədri olan Rusiyanın məsələyə biganəliyi digər həmsədr dövlətlərin məsələyə obyektiv yanaşmasını sürətləndirə bilərmi” sualına Qabil Hüseynlinin cavabı belə olub: “Paralel olaraq Avropa ölkələri, ABŞ bu məsələnin həllinə daha aktiv girişiblər. 7 rayonun azad edilməsi məsələsi ABŞ Konqresində, Konqresin müəyyən palatalarında müzakirə edilib. Ədalət naminə demək lazımdır ki, həm ABŞ-ın, həm də Qərb dövlətlərinin (xüsusilə Almaniya) Qarabağ məsələsinin anatomiyası ilə bağlı diqqətçəkici dəyişikliklər var. Ermənistanın təcavüzkar olması, Azərbaycan torpaqlarının işğal edilməsi hər iki dövlət tərəfindən qəbul edilir. 7 rayonun geri qaytarılması və ermənilərin həmin torpaqlardan çıxarılması məsələsi xüsusi vurğulanır. Doğrusu, burdakı səmimiyyətə adamın inanmağı gəlir. Çünki məsələyə ciddi yanaşırlar”.
Qabil Hüseynli ATƏT PA-nın Vyanada bu həftə keçiriləcək sessiyasına da Qarabağ məsələsinin müzakirəyə çıxarılacağını proqnozlaşdırıb: “Açığını deyək, dünənə qədər biz Rusiyanın bu prosesə müdaxiləsi nəticəsində nələrəsə nail olacağımıza inanırdıq. Avropa və ABŞ-ın özü bu məsələlərdə, zənnimcə, obyektiv mövqe sərgiləyərək, hər hansı bir təmənna nəzərdə tutmayaraq bu məsələləri yerindən tərpətmək istəyir. ATƏT-in Vyana yığıncağında ermənilər üçün sürpriz ola biləcək qərarlar qəbul edilə bilər. Ən azından bu qərarların qəbulu müəyyən vaxt çəksə də, status-kvonu ciddi surətdə silkələyəcək”.
***
Qeyd edək ki, ATƏT PA-nın toplantısında Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin iştirakı gözlənilir. Başqa sözlə, Strasburqla yanaşı, Vyana toplantısında da Qarabağ münaqişəsi kifayət qədər diqqət mərəzində olacaq. Azərbaycan üçün bu, növbəti bir fürsətdir ki, ATƏT PA-da Minsk Qrupunun Qarabağ məsələsində fəaliyyətsizliyini bir daha qaldırsın və daha məqbul format tələb eləsin.
Bunun üçün çox vacibdir ki, ən azı ATƏT PA-nın bəyanatının postsovet məkanındakı münaqişələrlə həsr olunmuş hissəsində Azərbaycanın ərazi bütövlüyü Ukrayna, Gürcüstan, Moldova kimi qeyd-şərtsiz dəstəklənməsinə, təkcə Rusiyanın deyil, erməni işğalının da pislənməsinə nail olunsun və ermənilərə həqiqi mənada pis bir sürpriz edilsin.
Belə bir sürpriz AŞPA-da Azərbaycanın leyinə qəbul ediləcək qətnamələrə xüsusi siyasi rəng qatmaqla onların təsirini birə-iki artırardı. Təsadüfi deyil ki, ermənipərəst həmsədrlərin qətnamələrlə bağlı yaydığı son bəyanat onların da işğalçı tərəfin xeyrinə narahatlıq keçirdiyini ortaya qoyub. Bu, eyni zamanda AŞPA-ya təzyiq və konfliktin çözümünü monopoliyada saxlamaq cəhdidir ki, rəsmi Bakı buna dərhal sərt reaksiyasını bildirməlidir.
***
Avropa Birliyi isə obyektiv səbəblərdən məsələyə AŞPA və ATƏT-dən daha böyük töhfə vermək imkanındadır. “Avropa İttifaqı ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə işində daha fəal iştirak etməlidir”. “Vestnik Kavkaza” nəşrinə müsahibəsində bunu ABŞ-ın Bakıdakı və Minsk Qrupundakı sabiq səfiri Metyu Brayza AB-nin Qarabağ məsələsində status-kvonun saxlanmasının yolverilməz olmasına dair az öncə səsləndirdiyi bəyanatı şərh edərkən bildirib.
“AB-nin Dağlıq Qarabağdakı status-kvonun qeyri-məqbul olmasına dair bəyanatı Azərbaycanın Ermənistanın danışıqlar prosesində iştirak etməməsi ilə bağlı narahatçılığını əks etdirir. Çünki bölgədəki hərbi vəziyyət Ermənistanı qane edir. Eyni zamanda təmkinli olmağa çağırış Ermənistanın Azərbaycanın hərbi vəziyyəti dəyişməyə çalışması ilə bağlı narahatçılığını əks etdirir ki, bu da öz növbəsində İrəvanı əndişələndirir”, - deyə o bildirib.
Diplomat onu da xatırladıb ki, Brüssel ATƏT-in rəhbərliyi altında danışıqlar prosesində, xüsusilə sazişə görə Azərbaycana qaytarılmalı olan ərazilərin statusunun bərpa edilməsində vasitəçi kimi çıxış etməyə hazır olduğunu ifadə edib. Brayza vurğulayıb ki, Aİ-nin ilkin mövqeyi belə olub.
“Konkret mənim mövqeyimə gəlincə, mən artıq çoxdan Avropa Birliyinin Minsk qrupunda daha mühüm rol oynaması zərurətindən çıxış edirəm, çünki hesab edirəm ki, bu müdaxilə danışıqlar prosesinə böyük önəm qatacaq” - əlavə edib amerikalı keçmiş diplomat.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər