İrəvan nə sülh, nə də işğala son qoymaq istəyir - savaşın bir addımlığında... |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 12-01-2016, 09:55 | Şərh sayı: (0) | Baxılıb: 339
İrəvan nə sülh, nə də işğala son qoymaq istəyir - savaşın bir addımlığında...
Arzu Nağıyev: “Ermənistan rəhbərliyi münaqişənin həllinin uzadılmasında maraqlıdır”; Elxan Şahinoğlu: “Nəticəsi olmayan danışıqlar ona görə davam edəcək ki, heç olmazsa müharibənin qarşısı alınsın”
İşğalçı Ermənistanın Qarabağı dinc yolla azad etmək niyyətində olmadığı növbəti dəfə yüksək səviyyədə bəyan edildi. Azərbaycan prezidenti İlham Əliyev bazar günü hökumət üzvləri ilə keçirdiyi müşavirədə danışıqların son durumuna aydınlıq gətirməklə müharibənin real olduğu barədə səslənən fikirləri təsdiqləmiş oldu.
Prezident Dağiq Qarabağ konfliktinə və ötən ilin dekabrında Berndə Ermənistan prezidenti Serj Sərkisyanla görüşünə toxunarkən danışıqlarından pozitiv nəticə gözləyənlərin ehtimallarının üstündən xətt çəkib. “Keçə il Dağlıq Qarabağ münaqişəsinin nizamlanması baxımından heç bir irəliləyiş əldə olunmayıb. Prezidentlərin son görüşü isə formal xarakter daşıyırdı” deyən ölkə rəhbəri İrəvanı günahlandırıb. Prezident qeyd edib ki, danışıqlar prosesində irəliləyişin olmamasının səbəbi Ermənistanın sülh istəməməsi ilə bağlıdır.
“Ermənistan sülh istəmir. Status-kvonu mümkün qədər çox saxlamaq istəyir, işğal edilmiş torpaqlardan çəkilmək istəmir və danışıqları, sadəcə olaraq, bir proses kimi qəbul edir, vaxt uzatmaqla məşğuldur”. Dövlət başçısı vurğulayıb ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları sonsuz bir proses kimi gələcəkdə də görmək istəyir: “Bizim isə mövqeyimiz tam fərqlidir. Biz münaqişənin həllini istəyirik və Minsk Qrupunun həmsədrləri də dəfələrlə bildiriblər ki, onlar da münaqişənin həllini istəyirlər. Ancaq əfsuslar olsun ki, bu istiqamətdə işğalçıya heç bir ciddi təzyiq göstərilmir”.
Mövcud duruma Ali Baş Komandan və prezident səviyyəsində verilən qiymət, qeyd olunduğu kimi, sülh danışıqlarına inamı azaltmaqla yanaşı, müharibə ehtimalını reallaşdırır. Ekspertlər də Qarabağ danışıqlarının dalana dirənməsi şəraitində savaş riskini yüksək qiymətləndirir.
Politoloq Arzu Nağıyev qəzetimizə açıqlamasında dedi ki, Ermənistan rəhbərliyi təbii ki, münaqişənin həllinin uzadılmasında maraqlıdır: “Çünki Sərkisyan rejiminin çökməsi özünü konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı keçirilən referendumda da büruzə verdi və əsas məsələ törədilən cinayətlərdə cavabdehliyin azalması, iqtisadi tənəzzülün bir hissəsindən qaçmaq və s. kimi yadda qaldı. Məlumdur ki, Sərkisyan və onun komandası səhra komandirlərindən təşkil edilən cinayətkar dəstədirlər və Dağlıq Qarabağ münaqişəsi üzərindən hakimiyyətə yiyələniblər. Məhz buna görə də onlar maksimal dərəcədə hakimiyyətdə qalmağa çalışacaqlar və təbii ki, buna onların havadarları da imkan yaradır. Bu gün artıq Ermənistanla bərabər, Dağlıq Qarabağın erməni icması da Sərkisyan rejimindən narazıdır. Bu baxımdan münaqişənin həllində müəyyən imkanlar yarana bilər. Bu mənada Sərkisyan və onun komandası aqressivlik nümayiş etdirir".
A.Nağıyev qeyd etdi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məhz ATƏT-in Minsk Qrupuna həvalə edilsə də, bu təşkilat deklorativ bəyanatlardan başqa heç bir addım atmır: “Burada əsas məsələ Madrid prinsipləri çərçivəsində münaqişənin həllidir. Burada isə ərazi bütövlüyü əsas şərt kimi qəbul edilməlidir. Ermənistan rəhbərliyi də bunu qəbul etmir və hətta Dağlıq Qarabağın öz əraziləri olduğu iddiası ilə qondarma və təxribat xarakterli bəyanatlar yayır. Bunun da bir sıra məqsədləri var, əsas məsələ status-kvonu saxlamaq, vaxtı uzatmaq, havadarlarının verəcəkləri bəyanatları gözləməkdir. Beynəlxalq təşkilatlar da ATƏT-in Minsk Qrupunda təmsil olunan Rusiya və Fransa da birbaşa erməniləri dəstəkləyir. Buna görə də münaqişənin həlli uzanır. Hətta Prezident İlham Əliyev də öz çıxışında qeyd etdi ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları sonsuz bir proses kimi gələcəkdə də görmək istəyir. Təbii ki, bu, Azərbaycan tərəfini qane edə bilməz. Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi uzandıqca biz istər böyük meqa-layihələrin, istərsə də digər siyasi proseslərin həyata keçirilməsində geri qalırıq. Bir sözlə, hər hansı bir yolla, istər sülh, istər hərbi və ya hərbi güc nümayiş etdirməklə təcavüzkarı danışıqlar masasına əyləşdirmək gərəkdir. Əks halda, Qarabağ məsələsi dünyada bu qədər stasus-kvonun saxlanıldığı analoqsuz münaqişəyə çevrilə bilər”.
Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, dövlət başçısı İlham Əliyevin “Ermənistan sülh istəmir” fikri 2016-cı ildə də cəbhə bölgəsində gərginliyin davam edəcəyinin xəbərçisidir: “Rəhbəri olduğum ”Atlas" Araşdırmalar Mərkəzinin keçirdiyi sorğuda respondentlərin əksəriyyəti müharibənin başlaması ehtimalını yüksək qiymətləndirib. Başqa cür olması da çətindir. Çünki vətəndaş da görür ki, danışıqlar nəticə vermir və cəbhə bölgəsində vəziyyət gərgin olaraq qalır. Digər tərəfdən, ATƏT-in Minsk Qrupu çərçivəsindəki danışıqlar da münaqişənin həllini yaxınlaşdırmır. Əlbəttə, Avrasiya bölgəsindəki mürəkkəb durumu nəzərə alaraq müharibənin mütləq mənada baş verəcəyini söyləmək çətindir. İlham Əliyev Nazirlər Kabinetinin toplantısındakı çıxışında qeyd etdi ki, Azərbaycan Rusiya ilə Türkiyə arasında və Səudiyyə Ərəbistanı ilə İran arasındakı münasibətlərin gərginləşməsindən narahatdır. Bu isə o deməkdir ki, belə vəziyyətdə Cənubi Qafqazda müharibənin başlanması böyük dövlətlərin maraqlarının kəsişməsini bir az daha üzə çıxaracaq".
E.Şahinoğlunun sözlərinə görə, bu gün ən vacib sual budur: “Azərbaycanla Ermənistan arasındakı savaşda böyük dövlətlərin davranışı necə olacaq? Buna baxmayaraq, 2016-cı ildə biz həm atəşkəsin intensiv pozulmasının və itkilərin, həm də danışıqların davamının şahidi olacağıq. Atəşkəs daima ona görə pozulacaq ki, Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmağa hazır deyil. Nəticəsi olmayan danışıqlar isə ona görə davam edəcək ki, heç olmazsa müharibənin qarşısı alınsın”.
Politoloq deyir ki, istənilən gərginlik halında danışıqlara son qoyula bilməz: “Çünki bu, avtomatik müharibənin başlanması deməkdir. Ona görə də nə Azərbaycan, nə də Ermənistan masadan qalxmayacaqlar. Sadəcə, danışıqlar imitasiya xarakteri daşıyacaq”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər