Valyutadəyişmə məntəqələri ləğv edilərsə, nə baş verər? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 12-01-2016, 22:01 | Şərh sayı: (0) | Baxılıb: 291
Valyutadəyişmə məntəqələri ləğv edilərsə, nə baş verər?
Son günlər valyuta bazarında yaranan ajiotaj valyutadəyişmə məntəqələrinin ləğv edilməsini və prosesin bütünlüklə banklara verilməsini gündəmə gətirib. Hazırda paytaxtda fəaliyyət göstərən “exchange”lərin bir-birinin ardınca bağlanmasının şahidi oluruq.
Mərkəzi Bankın valyuta bazarının nəzarətə alınması və dolların məzənnəsinin inzibati yolla müəyyənləşdirilməsi ilə bağlı qərarından sonra bir çox valyutadəyişmə məntəqələrində valyuta satışı dayandırıldı. 500 dollardan artıq alqı-satqı əməliyyatlarının şəxsiyyət vəsiqəsi ilə satılması da prosesi çətinləşdirən amillərdən bir oldu. Bazarda dollar qıtlığının yaranması isə “qara bazar”ın alverçilərini fəallaşdırdı.
Bəs, görəsən hazırki situasiyada “exchange”lərin ləğv edilməsi mümkündürmü? Bu, valyuta bazarında və ümumilikdə ölkə iqtisadiyyatında hansı nəticələrə gətirib, çıxara bilər?
Musavat.com-un suallarına cavab verən iqtisadçı ekspert Vüqar Bayramov bildirdi ki, dekabrın 21-də manatın dollara nisbətdə məzənnəsi 1.05-dən 1.55-ə dəyişən zaman praktiki olaraq, dollara ciddi tələbat formalaşdı və bu da valyuta bazarında vəziyyəti dəyişdi: “Manatın məzənnəsinin bir gündə 50 faiz ucuzlaşması nə iqtisadi baxımdan, nə də sosial baxımdan arzuolunan deyildi və doğru qiymətləndirilə bilməz. Aydın məsələ idi ki, manatın məzənnəsinin bir gecədə 50 faiz dəyər itirməsi valyuta bazarında ajiotaja səbəb olacaq. Artıq həmin ajiotaj müşahidə edilməkdədir. Bundan sonra isə Mərkəzi Bankın atdığı addımlar təbii ki, bu ajiotajın aradan qaldırılmasına xidmət etmədi. Əvvəla Mərkəzi Bank ötən cümə axşamı məzənnənin kommersiya bankları tərəfindən müstəqil şəkildə müəyyənləşdirilməsi ilə bağlı qərar verdi. Biz o zaman bildirdik ki, bu qərar manatın dəyərsizləşdirilməsi mesajıdır. Manat qarşıdakı günlərdə də dəyərdən düşəcək. Bundan bir gün sonra da Mərkəzi Bank həmin qərarın ləğv edilməsi ilə bağlı digər qərar verdi ki, manatın məzənnəsini Mərkəzi Bank inzibati metodla müəyyənləşdirəcək. İnzibati metodlarla manatın məzənnəsinin tənzimlənməsi mümkün deyil. Çünki, bazarda dollara güclü tələbat var və bu tələbin ödənilməsinə ehtiyac var. Artıq bazarda dollara tələb ajiotaj yaradıb. Bizim monitorinqlər göstərir ki, evində 200 manatı olan vətəndaşlar da həmin pulu dollara dəyişib, təxminən 100 dollar alır. Baxmayaraq ki, onun cari xərcləri üçün başqa vəsaiti yoxdur”.
Vüqar Bayramovun sözlərinə görə, Mərkəzi Bankın son addımından sonra ajiotajın qarşısını almaq mümkün deyil: “Mərkəzi Bank vəziyyəti inzibati yolla tənzimləməyə çalışır, ancaq bu, mümkün deyil. Prosesi inzibati yolla deyil, dollara olan tələbatı ödəməklə idarə etmək mümkündür. Əgər dollara olan tələbat ödənilməyəcəksə, o zaman manatın məzənnəsi aşağı düşəcək. Əslində manatın məzənnəsinin sərbəst müəyyənləşdirilməsi ilə bağlı Mərkəzi Bankın ötən cümə axşamı qəbul etdiyi qərar da onu göstərdi ki, bu gün bazarda xarici valyutaya tələb yüksəkdir. Bu səbəbdən sərbəst məzənnə siyasəti yalnız bir gün ərzində manatın dəyərinin düşməsinə gətirib çıxarır. Bu baxımdan yalnız Mərkəzi Bank bazara intervensiya etməklə, manatın məzənnəsindəki azalmaların qarşısını ala bilər. Hökumət, yəni Neft Fondu bazara valyuta çıxartmalıdır ki, dollara olan tələbi ödəməklə manata olan təzyiqi aradan qaldırsın”.
İqtisadçı qeyd etdi ki, indiki məqamda valyutadəyişmə məntəqələrinin bağlanması, valyuta satışının banklar vasitəsilə həyata keçirilməsi, 500 dollardan artıq satışın şəxsiyyət vəsiqəsi ilə həyata keçirilməsi problemin həlli yolu deyil: “Valyutadəyişmə məntəqələrinin ləğvi indiki məqamda vəziyyəti dəyişmir. Bəlkə də, valyutadəyişmə məntəqələrinin müəyyən mərhələdən - dollarlaşma prosesi başa çatdıqdan sonra ləğv edilməsi və həmin funksiyanın banklara verilməsi mümkün idi. Amma indiki zamanda, dollara tələbin artdığı bir dövrdə valyutadəyişmə məntəqələrinin bağlanması heç bir halda arzuolunan hesab edilə bilməz.
Mərkəzi Bank bir neçə yolla valyuta bazarını tənzimləməlidir. Birmənalı şəkildə, cari xərclərin ödənilməsi üçün Mərkəzi Bank intervensiyanı artırmalıdır. Bazara dollar çıxarılmalıdır ki, bazarda olan tələb ödənilsin. Əks halda “qara bazar” formalaşar. Valyutadəyişmə məntəqələri bağlansa belə, yenə də “qara bazar” yaranacaq. Bu isə o deməkdir ki, əslində problem dolların harada satılması deyil, problem dolların olmamasıdır. Bu tələb ödənilməlidir. Mərkəzi Bank kommunikasiya metodundan istifadə etməlidir, daimi olaraq ictimaiyyətlə, banklarla kommunikasiya şəraitində olmalıdır. Bu gün rəsmi məzənnənin müəyyənləşməsi və 4 faizlik marjın müəyyənləşdirilməsi əslində, dollara olan tələbin ödənilməsi anlamına gəlmir və ajiotajı aradan qaldırmır. Daimi olaraq kommunikasiyaya ehtiyac var ki, psixoloji metoddan istifadə etməklə, tələbin optimallaşmasına nail olmaq mümkün olsun”.
“Mərkəzi Bank Avropa ölkələrində olduğu kimi, qiymətli kağızlar bazarının inkişafı və yığımların yalnız valyuta formasında deyil, həm də qiymətli kağızlar formasında saxlanılmasına getməlidir ki, məzənnə dəyişikliklərinin təsirlərini minimumlaşdırmaq mümkün olsun” - deyən iqtisadçı hazırda Mərkəzi Bank üçün manata inamın formalaşdırılmasının prioritet olmadığını ifadə etdi: “Əsas məqsəd dollarizasiya prosesini başa çatdırmaqdır. Güman olunur ki, Mərkəzi Bank çalışacaq ki, yay aylarına qədər dollarizasiya prosesini başa çatdırsın və o zaman əks dollarizasiya baş versin. Yəni, insanlar cari xərcləri üçün yığdıqları pulu manata dəyişsinlər. Çünki, ölkədə alış-veriş manatla olmalıdır. Ancaq hələ ki, bu, mümkün deyil və dollarlaşma gedir. Əks dollarizasiya üçün zaman lazımdır.
Bütün hallarda Mərkəzi Bank borclanmaya getsə də, çalışmalıdır ki, dollarlaşma prosesini sürətləndirsin və artıq əks dollarizasiya başlansın ki, dollara olan tələb optimallaşsın, manata olan təzyiq azalsın. Bu da manatın məzənnəsinin stabilləşməsinə şərait yaratsın”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər