Azərbaycan xarici borclanmaya getsinmi? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 20-01-2016, 18:44 | Şərh sayı: (0) | Baxılıb: 346
Azərbaycan xarici borclanmaya getsinmi?
İqtisadçı ekspertlər məsələyə birmənalı yanaşmır...
Dünya bazarında neftin ucuzlaşması ölkəyə valyuta axınını ciddi şəkildə azaldıb. Hazırda hökumət bunu əvəz etməyin yolları üzərində düşünür. Təklif olunan variantlardan biri də dövlətin xarici borclanmaya getməsidir. Bu təklifi edənlər Azərbaycanın xarici borcunun həcminin MDB dövlətləri ilə müqayisədə elə də çox olmadığını və borc almaq imkanlarının olduğunu irəli sürür.
Bəzi iqtisadçı ekspertlər isə manatın iki dəfə devalvasiyaya uğramasından sonra xarici borcun ümumdaxili məhsulun həcmində payının artdığını bildirdirlər. Əsas əks fikir ondan ibarətdir ki, ölkənin neft gəlirlərinin ildən-ilə azaldığı bir vaxtda həmin borcların ödənilməsi də problemə çevrilə bilər. Digər tərəfdən, bəzi politoloqlar düşünür ki, hökumətin xarici borclanmaya getməsi dövlətin Qərblə münasibətlərində istiləşmə yarada bilər. Həmçinin Azərbaycanın bu borcu qaytarmasında maraqlı olan dövlətlər, ölkəmizin iqtisadi-siyasi stabilliyində də maraqlı olar.
İqtisadçı ekspert Samir Əliyev bildirdi ki, bu gün Azərbaycan iqtisadiyyatının maliyyə mənbələrinin dayanıqlığında problemlər yarandığından, xarici borclanma məsələsi aktualdır: “Ölkədə valyuta qıtlığı var. Əvvəlki dövrlə müqayisədə ölkəyə az valyuta gəlir və daha çox valyuta ölkədən çıxır. Yəni xaricə kapital axını var. Belə vəziyyətdə milli valyuta olan manatın sabitliyi təhlükə altındadır. Bu səbəbdən insanların manata olan etibarı azalır. Bank sektoru çox böyük təhlükə altındadır. Əsas problem bundan ibarətdir”.
Ölkənin valyuta ehtiyatları ilə təminatına gəlincə, ekspert bunun üç əsas mənbədən təmin edilməsini məsləhət gördü: “Birinci mənbə Neft Fondunun vəsaitləridir. Bu, cəlbedici ideya olsa da, riskli addımdır. Düzdür, Neft Fondunun ölkə iqtisadiyyatında rolu artırılmalıdır. Fond vəsaitlərini xaricdə daşınmaz əmlak almağa yatırmaqdansa, ölkə iqtisadiyyatına yönəltsə, daha yaxşı olar. Lakin heç kim zəmanət vermir ki, Neft Fondundan ayrılan vəsaitlər digər vəsaitlər kimi səmərəsiz xərclənməyəcək. Bu səbəbdən həmin vəsaitlərin xərclənməsinə də nəzarət güclənməlidir.
İkinci mənbə xarici borclanmadır. Bunun üçün də bizim imkanlarımız var. Lakin nəzərə almaq lazımdır ki, neft gəlirlərimiz azalır, bu borcu qaytarmaq imkanlarımız çətinləşəcək. Reytinq sıralamasında Azərbaycan investisiya mühitinin imkanlarına görə ən aşağı həddədir. Bir pillə aşağı düşsə, biz qeyri-investisiya mühitinə düşürük. Yəni bizim reytinqimiz aşağı faizlə borc cəlb etməyə imkan vermir. Əgər borc götürsək, onun faizi yüksək olacaq. Ona görə də mən məhdud həcmdə xarici borclanmaya getməyin tərəfdarıyam".
Samir Əliyevin sözlərinə görə, Azərbaycanın xarici borcu heç də deyildiyi qədər az deyil, bu borc hesablanarkən SOCAR və digər dövlət qurumlarının borcları da nəzərə alınmalıdır: “Xarici borcun həcmi ilə bağlı Avropa Birliyinin xüsusi razılaşması var və həmin razılaşmaya görə, dövlət borcunun ümumdaxili məhsulun həcmindəki payı 60 faizdən yüksəkdirsə, bu kritik bir hal sayılır. Ancaq elə ölkələr var ki, xarici borcun ÜDM-dəki payı 60 faizdən çoxdur, buna Amerikanı, Yaponiyanı, Almaniyanı misal göstərə bilərik. Azərbaycanda indiyədək bu, 12 faiz olub. Ancaq manatın ikinci devalvasiyasından sonra Azərbaycanın xarici borcunun ÜDM-dəki payı təxminən 20 faizə qalxıb. Nəzərə alsaq ki, manat getdikcə ucuzlaşır, bu zaman ÜDM dollar ifadəsində azalır, nəticədə xarici borcun ÜDM-də payı artır.
Bəzən xarici borcu hesablayarkən SOCAR-ın borclarını nəzərə almırlar. Nəzərə almalıyıq ki, SOCAR dövlət şirkətidir və təkcə bu şirkətin borcu dövlətin borcundan çoxdur. Dövlətin borcu 7 milyard dollar həddində olduğu halda, SOCAR-ın borcu 7 milyarddan çoxdur. Bu, o deməkdir ki, sabah SOCAR borc öhdəliklərini yerinə yetirə bilməyəndə dövlət həmin pulu qaytarmalı olacaq. Necə ki, 2016-cı ilin dövlət büdcəsində “Azərenerji”nin xaricdən aldığı kreditlərini qaytarılması nəzərdə tutulur. Əgər SOCAR-ın borcları ilə bağlı da problem yaransa, bu, dövlət büdcəsi hesabına ödənəcək. Ona görə də burada SOCAR-ı dövlətdən ayrı qoymaq olmaz. Bu səbəbdən mən Azərbaycanın xarici borcunun həcminin az olması ilə bağlı yanaşmanın əleyhinəyəm".
Ekspert dövriyyəyə istiqraz buraxmaqla hökumətin daxili borclanmaya getməsinin daha əlverişli variant olduğunu qeyd etdi: “İndiki məqamda əsas üstünlük daxili borclanmaya verilməlidir. Bildiyimiz kimi, Mərkəzi Bank bir il ərzində 10 milyard dollardan çox pul satıb. Həmin pulun bir hissəsi rəsmi və qeyri-rəsmi şəkildə xaricə çıxarılıb, digər qismi isə yastıq altında saxlanılır, insanlar banklara inamını itirdiyi üçün investisiya yatırmır. Mən düşünürəm ki, Maliyyə Nazirliyi dövlət zəmanəti ilə dollar nominalında istiqraz buraxmalıdır. Bu istiqrazlar ya bir illik, ya da 3 ildən 5 ilə qədər ola bilər. Hökumət təxminən 2-3 milyard dollar həcmində istiqraz buraxıb daxili borclanmaya getməli, yastıq altında olan pulları iqtisadiyyata cəlb etməlidir. Dövlət zəmanəti ilə verilsə, insanlar buna etibar edərlər”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər