Ekspertlər Neft Fondunun əmlak almasını səhv qərar hesab edir |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 8-01-2016, 11:24 | Şərh sayı: (0) | Baxılıb: 270
Ekspertlər Neft Fondunun əmlak almasını səhv qərar hesab edir
Onların fikrincə, bu, çox səhv taktikadır və fondun aktiv vəsaitlərinin daha da azalmasına səbəb olacaq...
Azərbaycan Dövlət Neft Fondu Milanda İtaliya Ticarət Palatasının binasını alır. Bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb. Xəbərdə bildirilir ki, Azərbaycan, BƏƏ və Qətərin dövlət investisiya fondları İtaliyanın Milan şəhərində 3 obyektə 380 milyon dollar yatıracaq. Yerli ekspertlər neftin ucuzlaşdığı indiki dövrdə bu cür yatırımları riskli sayırlar. Əksər ekspertlərin sözlərinə görə, bu, çox səhv taktikadır və Neft Fondunun aktiv vəsaitlərinin daha da azalmasına gətirib çıxaracaq.
Ekspert Qadir İbrahimli məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, Neft Fondunun vəsaitlərinin indiki vaxtda Avropa bazarına yönəldilməsi səhv bir addımdır: “Hazırda ölkə iqtisadiyyatı çox ciddi böhran keçirir. Belə vəziyyətdə yaxşı olardı ki, Neft Fondunun vəsaitləri ölkəni böhrandan çıxmağa yönəlsin. Yəni daxilə investisiya yatırılmalıdır, nəinki Avropadakı daşınmaz əmlaka. Bu, çox səhv taktikadır və Neft Fondunun aktiv vəsaitlərinin daha da azalmasına gətirib çıxaracaq”. Ekspertin sözlərinə görə, Dövlət Neft Fondu bu cür riskli yatırımlar edərkən ciddi məsləhətləşmə aparmalıdır: “Neft Fondunun statusuna görə, nizamnaməsinə görə, parlament qarşısında məsuliyyəti yoxdur. Bu qurum birbaşa prezidentə hesabat verir. Yəqin ki, bu cür əməliyyatlar, yatırımlar həyata keçirilərkən dövlət başçısının razılığı olur”.
Ekspert Vüqar Bayramov musavat.com-a açıqlamasında qeyd edib ki, daşınmaz əmlaka yatırım məntiqli addım deyil: “İndiki zamanda Dövlət Neft Fondu çalışmalıdır ki, daxili ehtiyacların ödənməsini həyata keçirsin. Söhbət ondan gedir ki, ölkədə valyutaya çox ciddi ehtiyac var. Valyutaya ehtiyac olduğu bir dövrdə xaricdə əmlakın alınması arzuolunan deyil. Dövlət Neft Fondu indiki məqamda çalışmalıdır ki, xaricdən əmlak alınması deyil, valyutadan daxili tələblərin ödənməsi üçün istifadə olunsun. Çünki neftin dünya bazarında qiymətinin aşağı düşməsi fonunda və qlobal çətinliklər fonunda əmlak sektoru indiki məqamda hətta inkişaf etmiş ölkələrdə belə riskli investisiya sahəsi sayılır. Digər tərəfdən, əmlakın qısa zamanda satılması mümkün deyil. Bunun üçün daha aşağı qiymətin təklif edilməsinə ehtiyac var. Bu da gəlir əldə edilməsi baxımından çətinliklər yaradır. Ona görə də Dövlət Neft Fondunun vəsaitlərini indiki məqamda daha çox daxildə istifadə etməsi məqsədəuyğundur. Məsələn, vəsaitlərin bir qismini Dövlət Neft Fonfu daxili bazara çıxararaq bir tərəfdən valyutaya olan tələbin ödənməsini təmin edə bilər.
Digət tərəfdən, satdıqdan sonra əldə etdiyi manatı əslində sahibkarlıq sektoruna yönəldə bilər. Nəzərə alsaq ki, qlobal maliyyə böhranı baş verən zaman Dövlət Neft Fondu aktivlərinin 2 milyard dollarının Azərbaycana gətirilməsi və banklara kredit formasında verilməsi təklif olunmuşdu, amma o zaman bu, reallaşmadı. Əslində daha məqsədəuyğundur ki, Dövlət Neft Fondu daxili bazardan istifadə etməklə vəsaitləri daxili qurumlara versin. Bu, bir tərəfdən valyuta təklifini artıracaq. Digər tərəfdən, əldə edilən milli valyutada olan vəsaitlər birbaşa istehsala yönəldiyi üçün bu məsələdə gərginlik yaratmayacaq. Çünki bu zaman əldə edilən manatın yenidən dövriyyəyə buraxılması gərgin dollar tələbatını yenidən artıra bilər. Amma söhbət Mərkəzi Bankın vəsaitindən getmir, Dövlət Neft Fondunun vəsaitindən gedir. Həmin vəsait konkret biznes layihələrinin maliyyələşməsi üçün istifadə oluna bilər. Ona görə daha məqsədəuyğunu daxili tələbin ödənməsi və xüsusən daxili bazara valyutanın çıxarılması yolu ilə biznesin aşağı faizli və uzunmüddətli kreditlər formasında maliyyə təminatının gücləndirilməsinə nail olmaqdan ibarət olmalıdır”.
Əksər ekspertlər bu fikirdədir ki, neftin qiymətinin düşdüyü indiki vaxtda Neft Fondu öz vəsaitlərindən səmərəli istifadə etmir. Neft mütəxəssisi İlham Şaban isə azadliq.org-a bildirib ki, indiki vaxtda bu addıma müsbət baxır: “Çünki neft düşdükcə, daşınmaz əmlakın da qiymətləri düşür. Ona görə də Neft Fondunun indiki vaxtda daşınmaz əmlak alması düzgün addımdır. Ancaq məsələnin başqa tərəfi var. Norveç Neft Fondunda təqribən 800 milyard dollar vəsait var. Bunun haradasa 50 faizi diversifikasiya olunub. Yəni daşınmaz əmlaka, qızıla qoyulub. Azərbaycanda isə bu göstərici cəmi 10 faizdir. Tutaq ki, Azərbaycan Dövlət Neft Fondunun 34 milyard dollar vəsaiti var. Bunun haradasa 3-4 milyardı diversifikasiya edilib”.
Qeyd edək ki, bir müddət əvvəl Dövlət Neft Fondunun 2016-cı ildə proqnozlaşdırdığı gəlir müzakirəyə səbəb olmuşdu. Əksər ekspertlər bunun mümkün olmadığını bildirirlər. Ekspert Natiq Cəfərlinin sözlərinə görə, fondda olan 33 milyard manata yaxın vəsaitdən bir ildə 603 milyon gəlir götürülməsi real deyil. Ekspert Samir Əliyev isə bildirib ki, qızıl və daşınmaz əmlak bazarı 2016-cı ildə də yüksək qazanc vəd etmir: “Nəzərə alaq ki, neftin ciddi bahalaşması gözlənilmədiyindən aktivlərin nəinki indiki səviyyədə qalması, hətta azalması qaçılmazdır. Ən azı, Mərkəzi Bankın çətin vaxtında Neft Fondunun dəstəyi vacib olacaq. Belə çıxır ki, Neft Fondunun 2016-cı ildə əsas strategiyası gəlirləri artırmaq üçün yüksək riskli və yüksək qazanclı aktivlərə yatırım etmək olacaq. Ya da manatın ucuzlaşmasına ümid edəcək. Əks halda, neftin indiki qiymətləri ilə aktivləri qorumaq və büdcə gəlirlərini icra etmək çətin olacaq”.
Yeri gəlmişkən, Dövlət Neft Fondunun ötən il Moskvadan aldığı daşınmaz əmlakın dəyəri kəskin şəkildə düşüb. O, alınarkən 180 milyon dollardan artıq vəsait xərclənmişdi, indi qiyməti iki dəfədən də çox aşağı düşüb.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər