ABŞ-ın yeni Qarabağ planı – ermənilərə sürpriz hazırlanır? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 14-01-2016, 20:04 | Şərh sayı: (0) | Baxılıb: 279
ABŞ-ın yeni Qarabağ planı – ermənilərə sürpriz hazırlanır?
Vaşinqton Rusiyanın münaqişə bölgəsində qalması və təsirinin artmasına qarşıdır; ancaq erməni lobbisinə hədsiz yaxınlıq Amerikanın planlarını korlaya bilər...
Dağlıq Qarabağ münaqişəsi həll prosesində heç bir irəliləyişin olmaması üzündən özündə potensial müharibə risklərini saxlamaqda davam edir. Bir çox təhlilçilər bu riskləri indi ən əvvəl Yaxın Şərq bölgəsində cərəyan edən dramatik proseslərə nəzərən qiymətləndirməkdədirlər. Ehtimallara görə, konfliktin yoluna qoyulması önündə əsas maneə olan Rusiya faktorunun zəifləməsi məhz həmin proseslərin yekunu kimi ortaya çıxa və o zaman Qarabağ məsələsi ətrafında yeni situasiya yarana bilər.
“Dağlıq Qarabağ ətrafındakı vəziyyətə nəzarət edən dünya gücləri münaqişəni Yaxın Şərq regionunda baş verən hadisələrlə əlaqələndirir. Buna görə də ötən ilin payızından etibarən vasitəçilər nizama salınma ilə daha fəal məşğul olmağa məcbur olublar”. Bu barədə Rusiyanın “Vestnik kavkaza” nəşri yazıb. Nəşr son vaxtlar konfliktin nizamlanmasında Mindk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin fəallığına diqqət çəkərək yazır ki, qrupun rusiyalı və fransalı həmsədri bunu normal qəbul etsə də, ortada başqa nüanslar da var.
“Bu ilin başlanğıcında belə şübhələr yarandı ki, ABŞ Qarabağ münaqişəsinin nizama salınmasında öz oyununu aparır. Söhbət ondan gedir ki, Uorlik ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin rəhbəri Ed Roysla münaqişənin həlli üçün sıx işləmək haqda razılığa gəlib. Roys ABŞ-da ermənilərin sıx yaşadığı Kaliforniyadan olan konqresmendir. Bakıda onun ermənipərəst mövqeyi haqda bilirlər. Ona görə də Uorlikin Roysla əməkdaşlığı narahatlıq doğurmaya bilməz. Xüsusilə konqresmen Kristofer Smitin ”Azərbaycanda demorkatiya aktı" layihəsindən sonra Konqresin etibarı rəsmi Bakının yanında kifayət qədər zədələnib. Bu akt Rosyun rəhbərlik etdiyi komitədə müzakirəyə çıxarılmalıdır. Analitiklər hesab edir ki, əgər Smitin layihəsi Roysun rəhbərlik etdiyi komitədə dəstəklənsə, onun reallaşması şansları yüksələcək. Hərçənd sağlam düşüncə Bakıya qarşı bu sanksiyaları absurd hesab edir", - deyə sayt qeyd edib.
Məqalədə Azərbaycana qarşı sanksiya təşəbbüsləri erməni lobbisinin birinci addımı kimi xarakterizə edilir: “İkinci məsələ qoşunların təmas xəttində snayperlərin geri çəkilməsi, təmas xətti boyu hücumların mənbəyini müəyyənləşdirmək üçün müasir atəş lokatorlarının və səs avadanlıqlarının yerləşdirilməsi ilə bağlı tərəflərin razılığının əldə olunması və nəhayət, atəşkəs rejiminin pozulması ilə bağlı nəzarəti yaxşılaşdırmaq üçün təmas xəttinə ATƏT-in əlavə müşahidəçilərinin cəlb edilməsi təklifləridir. Bu, hər şeydən öncə Ermənistana lazımdır. Çünki o, işğalçılıq siyasətindən əl çəkmək niyyətində deyil”.
“Vestnik kavkaz” daha sonra ABŞ-ın burada konkret məqsəd güddüyünü yazır: “Vaşinqton bu addımı münaqişə zonasına Rusiyanın ”mavi dəbilqəliləri" - sülhməramlı qoşunlarının yerləşdirilməsi təhlükəsinə qarşı atmaq niyyətindədir. Bunu Bakı da qəbul etmir, lakin irəliyə doğru istənilən addım Qarabağda status-kvonun dəyişməsinə gətirib çıxaracaq ki, bu da öz növbəsində Ermənistanın uzunmüddətli işğalçılıq siyasətinə son qoymağa imkan yaradacaq. Digər ehtimala görə, ABŞ-ın Qarabağda “idarəçilik mexanizmi” Moskvanın regionda aktivləşməsinə qarşıdır".
***
Yada salaq ki, Qarabağda “idarəçilik mexanizmi” ideyasının müəllifləri Ed Roysla Eliot Engeldir. Ötən həftə Roys vasitəçi Uorliklə Konqresdə birgə keçirdiyi brifinqdə Barak Obama Administrasiyasını Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün Roys-Engel təkliflərinin həyata keçirilməsini sürətləndirməyə çağırıb.
Publika.az-ın hər iki konqresmen haqda apardığı kiçik araşdırmada onların erməni diasporu ilə sıx əlaqələrinə dair faktlar ortaya çıxıb. Ed Roys ABŞ-da Amerika Erməni Milli Komitəsi (ANCA) tərəfindən bir neçə il öncə yaradılan Ermənistana dəstək qrupunun həmsədri olub. Respublikaçı konqresmen Roys həmçinin, uzun illər “Türkiyədə müsadirə olunmuş xristian kilsələrinin və digər əmlakların geri qaytarılması”na çağırışlar edərək, “erməni soyqırımı”nı tanıtmaq cəhdləri edib. O, eyni zamanda 1992-ci ildə “Azadlığa dəstək akt”na edilən və Azərbaycanı federal yardım alan ölkələrin siyahısından təcrid edən 907-ci düzəlişin saxlanılmasının tərəfdarıdır.
Konqresmen Eliot Engel də siyasi mövqe baxımdan Roysla yaxındır. O, Konqresdə müzakirələr zamanı dəfələrlə qondarma “erməni soyqırımı” ilə bağlı məsələ qaldırıb. Bir neçə il öncə Ermənistan KİV-nin yaydığı məlumatlara görə, Engel 2011-ci ilin martında Amerikanın Erməni Assambleyasında Türkiyənin İsrailə qarşı düşmən münasibətindən danışaraq, Ankaranı üzr istəməyə çağırıb, həmçinin 1915-ci il hadisələrinə görə Türkiyəni ermənilərdən üzr istəməyə razı salmağın vacibliyinə diqqət yönəldib.
Bu faktlar amerikalı həmsədr Ceyms Uorlikin Dağlıq Qarabağ münaqişəsinin həllində aktivlik göstərməsinin motivinə aydınlıq gətirir. Uorlikin ötən ilin sonlarında qondarma “DQR”-in nümayəndəsi ilə görüşməsi də onun “vasitəçi diplomatiyası” haqda çox şey deyir.
***
Qeyd edək ki, bu barədə ilk olaraq “Yeni Müsavat” qəzeti iki gün öncə yazıb. Vurğulamışıq ki, təzə il başlar-başlamaz Uorlikin Qarabağ məsələsində sərgilədiyi diplomatik fəallıq, o sırada Konqresdə apardığı Qarabağ müzakirələri, nəhayət, prezident Əliyevi ABŞ-a dəvət eləməsi həm də Vaşinqtonun Qarabağ təşəbbüsünü Moskvadan almaq, onun münaqişə zonasında təhlükəli manevr imkanlarını və bölgəni qarışdırmaq planlarını önləmək planının tərkib hissəsi ola bilər.
Çox şey yəqin ki, prezident Barak Obamanın bu prosesə nə dərəcədə önəm verəcəyindən, Ağ Evin Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil edib-etməyəcəyindən və bir də yəqin ki, erməni lobbisinə yaxınlığı artıq gizli olmayan Vaşinqtonun etimad tədbirlərinə rəsmi Bakının reaksiyasından asılı olacaq. Hər halda, regionda oturuşmaq üçün ən əvvəl Azərbaycanın razılığını almağa ehtiyac var.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər