Siyasi məhbuslarla bağlı maraqlı proqnoz |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 25-01-2016, 15:47 | Şərh sayı: (0) | Baxılıb: 225
Siyasi məhbuslarla bağlı maraqlı proqnoz
Elxan Şahinoğlu: “Məncə, növbə Xədicə İsmayıl, İlqar Məmmədov, Anar Məmmədli, Tofiq Yaqublu, İntiqam Əliyev və digər mübahisəli məhbuslarındır...”
Ötən ilin sonlarında baş verən Nardaran hadisələrinə görə həbs edilən Nardaran sakinləri, həmçinin Nardaran ağsaqqalı Məşədi Natiq Kərimov Azərbaycan prezidentinin göstərişi ilə azad olundular. Onların ardınca hakimiyyətə qarşı sərt çıxışları ilə gündəmə gələn və bir qədər sonra həbs olunan Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərov da cəmi bir həftə sonra ev dustaqlığına buraxıldı.
Rüfət Səfərovun valideynlərinin prezidentə ünvanladıqları minnətdarlıq məktubundan da belə anlaşıldı ki, onların övladlarının azadlığa qovuşması birbaşa dövlət başçısının göstərişi ilə mümkün olub. Bir həftənin içində yuxarıda qeyd etdiyimiz həbsdən azad edilmələr cəmiyyətdə belə bir ümid yaradıb ki, siyasi məhbuslar adlandırılan şəxslərin azadlığa buraxılması məsələsində hakimiyyətdə bir yumşalma yaranıb. Novruz bayramına qədər həmin məhbusların əksəriyyəti azadlığa buraxıla bilər.
Bu barədə danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, son vaxtlar həbs edilən bəzi şəxslərin azad edilməsi onu deməyə əsas verir ki, deməli, hakimiyyətdə yaranmış durumu ölçüb-biçir, qərarlara düzəliş edirlər. Ona görə də ehtimal etmək olar ki, azadlığa buraxılma növbəsi Xədicə İsmayıl, İlqar Məmmədov, Anar Məmmədli, Tofiq Yaqublu, İntiqam Əliyev və digər mübahisəli məhbuslarındır: “Çünki indi elə dövr deyil ki, hakimiyyət iqtisadi və sosial böhranla yanaşı siyasi enerjisini Qərbin təzyiqlərinin neytrallaşdırılmasına xərcləsin. Əksinə, rəsmi Bakının indiki vəziyyətdə həm ABŞ, həm də Avropa İttifaqı ilə münasibətlərini inkişaf etdirməsinə ehtiyac var. Ona görə ki, arzu etdikləri investorlar Rusiya və İranda deyil, Qərb ölkələrindədir.
Mübahisəli məhbus mövzusunu gündəmdən qaldırmadan bu münasibətləri inkişaf etdirmək çətin olacaq. Əks halda, Hollivudun məşhur aktyoru Corc Kluninin xanımının Xədicə İsmayıla vəkillik etməsi beynəlxalq aləmin gələcək məhkəmə prosesinə diqqətini çəkməklə yanaşı, Azərbaycan hakimiyyətinə əlavə problemlər yaradacaq. Bu, hakimiyyətə lazımdırmı? Hər halda - xeyr. Bu baxımdan da xanım Kluni işə başlamadan, həmçinin prezident İlham Əliyev martın sonu-aprelin əvvəlində Vaşinqtonda keçiriləcək nüvə sammitinə getmədən öncə məsələni müsbət həll etmək hamının xeyrinə olar”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər