İslahat gedirsə, qiymət artımı niyə dayanmır? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 25-01-2016, 15:46 | Şərh sayı: (0) | Baxılıb: 277
İslahat gedirsə, qiymət artımı niyə dayanmır?
İqtisadçı ekspert: “İslahatların qiymətlərə təsir etməsi üçün müəyyən zamana ehtiyac var...”
Devalvasiyadan sonra iqtisadiyyatın bir çox sahələrində sürətli qiymət artımını əngəlləmək üçün əl atılan tədbirlərdən biri də gömrük sisteminin liberallaşması və bu sahədə inhisarçılığın aradan qaldırılması idi. Hökumətin verdiyi qeyri-rəsmi tapşırıqlardan sonra gömrükdə brokerlər ləğv edildi və monopoliya müəyyən qədər aradan qaldırıldı.
Lakin bu islahatlardan sonra bazarlarda gözlənilən ucuzlaşma baş vermədi. Əksinə, bahalaşma tendensiyası davam edir. Bəs, görəsən səbəb nədir? İqtisadçı ekspert Rəşad Həsənova görə, bu, uzunmüddətli bir prosesdir və islahatların qiymətlərə təsir etməsi üçün müəyyən zamana ehtiyac var: “Bu gün də gömrükdə inhisarçılığın aradan qaldırılması ilə bağlı ziddiyyətli fikirlər var. Təbii ki, hökumətin bu istiqamətdə rəsmi açıqlamalarının olacağını gözləmək düzgün deyil. Çünki hökumət rəsmi səviyyədə etiraf etməz ki, biz gömrükdə monopoliya yaratmışdıq və bu monopoliyanı aradan qaldırırıq. Bu mənada ortada çox ziddiyyətli məlumatlar gəzir. Bəzi hallarda inhisarçı maraqları hələ də qorunmaqdadır. Bəzi iş adamları deyir ki, əgər inhisarçının razılığı olmadan hansısa malı ölkəyə gətirirlərsə, yüksək vergilərlə üzləşirik. Bəzi hallarda isə malların ölkəyə daxil olması ilə bağlı süni maneələr yaradılır”.
Ekspertin sözlərinə görə, gömrük islahatları qiymətlərin ucuzlaşmasına gətirib çıxartmasa da, bahalaşma prosesini müəyyən qədər yumşalda bilib: “Ümumilikdə proses başlayıb. Brokerlərin ləğvi də bu prosesin tərkib hissəsidir. Təbii ki, uzunmüddətli dövrdə normal qaydalarla fəaliyyət göstərməyən gömrük sistemi bugünkü şəraitə uyğunlaşdırılmayıb. Bəzi hallarda isə müəyyən məhsulların ölkəyə idxalı ilə bağlı həddindən artıq kiçik faizlərlə gömrük rüsumları mövcuddur. Bu isə daxili istehsalın müdafiəsinə müəyyən əngəllər yaradır. Bəzi hallarda isə ölkə üçün çox əhəmiyyətli olan, yerli istehsalda mühüm yer tutan məhsulların istehsalı ilə bağlı xammalların ölkəyə gətirilməsində çox böyük rəqəmlərlə ifadə olunan rüsumlar var. Sonrakı dövrdə hökumətin atacağı addımlar məhz bu istiqamətdə olmalıdır”.
“Prosesin yumşaldılması və vergilərin tənzimlənməsi istiqamətində addımlar atmalıdır” deyən R. Həsənov hazırki situasiyada rəsmi rüsumların yenilənməsinə ehtiyac var: “Əvvəlki dövrdə bunun əhəmiyyəti yox idi. Bildiyiniz kimi, əvvəlki dövr fərqli idi və orada satılan məhsullara konkret məbləğ müəyyən edilmişdi. O məbləğin bir hissəsi hansısa formada mənimsənilir, kiçik bir hissəsi isə dövlət büdcəsinə köçürülürdü. Hazırda bu şərtlər dəyişərsə, monopoliya aradan qaldırılarsa, təbii ki, növbəti dövrlərdə biz qiymətlərin ucuzlaşmasını hiss edəcəyik. Ancaq bu prosesin davamlı olacağına sahibkarı inandırmaq lazımdır”.
İqtisadçının fikrincə, gömrük islahatlarından sonra qiymətlərin devalvasiyadan öncəki həddə qədər ucuzlaşmasını gözləmək də sadəlövhlük olardı: “İnhisarçılıq məhsulların qiymətinin təxminən 30 faizini formalaşdırırdı. Lakin bu gün hətta bu inhisarçılıq tam aradan götürülsə belə, manat iki dəfə ucuzlaşıb və xaricdən idxal olunan məhsulların xarici valyutada gəldiyini nəzərə alsaq, həmin məhsulların bahalaşması qaçılmazdır.
Əgər bu istiqamətdə addımlar atılmasaydı, gömrükdə müəyyən yumşalmalar həyata keçirilməsəydi, biz bu gün bundan da sürətli bahalaşma ilə üz-üzə qalacaqdıq. Burada dövlətin administrativ təzyiqləri də müəyyən rol oynayır. Amma buna baxmayaraq, biz çox ciddi rəqəmlərlə ifadə olunan inflyasiya ilə üz-üzə qalacaqdıq və qiymətlər bahalaşacaqdı. Bu gün bir çox məhsulların qiymətindəki artım milli valyutanın dəyər itirməsi tempi ilə tarazlığını qoruyub saxlayırsa, bu gömrükdəki yumşalmaların nəticəsidir".
Rəşad Həsənov aparılan islahatların bir müddət sonra effekt verəcəyinə ümid etdiyini bildirdi: “Digər tərəfdən isə proses hələ yeni başlayır Biznesi buna inandırmaq lazımdır. Bu sektor 2015-ci ilin sonu və 2016-cı ilin əvvəlində baş verənlərin şokunu adlatdıqdan sonra artıq müəyyən stabilləşmə dövrü başlayacaq və biznes idxalla bağlı sahələrdə öz aktivliyini nümayiş etdirəcək. Orta sahibkarlığın bu sahəyə qoşulması nəticəsində rəqabət mühitinin dərinləşməsi ilə biz qiymətlərin müəyyən qədər yumşalmasını hiss edəcəyik. Lakin devalvasiyadan sonra artıq situasiya dəyişib. Biz qiymətlərin ucuzlaşmasını devalvasiyadan əvvəlki səviyyəyə və ya ondan da aşağı həddə düşəcəyini gözləyə bilmərik. Çünki milli valyuta nə qədər dəyər itiribsə, idxalda da bir o qədər bahalaşma qaçılmazdır”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər