Gömrük liberallaşdı; bəs qiymətlər niyə ucuzlaşmır? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 22-01-2016, 21:45 | Şərh sayı: (0) | Baxılıb: 231
Gömrük liberallaşdı; bəs qiymətlər niyə ucuzlaşmır?
“Manatın dəyərdən düşməsi hər zaman qiymətlərin müəyyənləşməsində mühüm rol oynayacaq”
Gömrük sisteminin liberallaşması və korrupsiya hallarının, inhisarçılığın aradan qaldırılması qismən də olsa reallaşıb. Lakin bu, bazarda məhsulların qiymətində öz təsirini göstərməyib. Məsələn, MDB məkanından tikinti materialları gətirən iş adamları əvvəllər gömrükdə 10-12 min manat ödəməli olurdular. İndi isə sadəcə 18 faizlik ƏDV və 2000-2500 manat arasında rəsmi rüsum ödənilməklə bu materiallar ölkəyə gətirilir.
Ancaq əməkdaşlarımızın son günlər tikinti materialları bazarında apardığı müşahidələrdən məlum olur ki, xaricdən gətirilən malların qiymətlərində ucuzlaşma müşahidə olunmur. Bəs görəsən, qiymətləri artırmağa daha həvəsli görünən iş adamları ucuzlaşma üçün əsas yarandıqda niyə bu addımı atmırlar? Bu sahənin də inzibati yolla tənzimlənməsi mümkündürmü? Satıcıların və iş adamlarının bu davranışının kökündə hansı səbəblər dayanır?
“Yeni Müsavat”a açıqlamasında bu sualları cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, gömrük sistemində liberallaşma, rüsumların azalması bir müddət sonra bazara təsir göstərməlidir: “Bu fikirdə bir həqiqət var. Bir müddət keçməlidir ki, bazar özü malın maya dəyərindən çıxış edərək qiymətləri tənzimləsin. Hazırda Azərbaycan bazarında iqtisadi aktivlik azaldığından bir müddətdən sonra satıcıların özləri də optimal qiymət haqqında düşünməyə məcbur olacaqlar. Çünki tikinti sektorundakı durğunluq digər sahələrdə olduğundan daha çoxdur, dövlət sifarişləri azalıb, dövlətin ayırdığı investisiyalar məhdudlaşıb. Bu il isə ümumiyyətlə, dövlət investisiyaları əhəmiyyətli dərəcədə azalacaq. Tikinti bazarında dövlət investisiyaları çox mühüm rol oynayırdı. Hazırda fərdi tikintilərin də azalması müşahidə olunur.
Təxminən bir aya biz bazarda qiymətlərin tənzimlənməsinin şahidi olacağıq. Ancaq bu o demək deyil ki qiymətlər maya dəyərindən aşağı həddə çatacaq. Problem ondadır ki, qiymətlər təkcə gömrük rüsumlarına görə deyil, həm də dolların manata qarşı məzənnəsinə görə müəyyənləşir. Ötən il ərzində manat iki dəfə devalvasiyaya uğrayıb. İkinci devalvasiyadan sonra da manat təxminən 3 faiz dəyər itirib. Rəsmi məzənnə 1.55-dən 1.61-ə qədər yüksəlib. Bunun da tikinti bazarına təsiri olacaq. Bunu nəzərə alsaq, qiymətlərin bir müddət sonra düşməsini söyləmək mümkündür. Qiymətlər həm alıcılıq qabiliyyətinin azalmasına, həm də gömrük rüsumlarının azalmasına görə düşəcək. Lakin devalvasiyadan öncəki qiymətlərə qayıtması mümkün deyil. Manatın dəyərdən düşməsi hər zaman qiymətlərin müəyyənləşməsində mühüm rol oynayacaq".
İqtisadçının fikrincə, gömrükdə vəziyyət elə qarışıqdır ki, bəzən iş adamlarına rəsmi gömrük rüsumundansa rüşvət vermək daha çox sərf edir: “İndi 18 faiz ƏDV-dən başqa iş adamları gömrük rüsumu da ödəyir. Rüsumlar isə çox fərqlidir; bəzi mallarda aşağıdır, bəzilərində isə yüksəkdir. Ona görə də gömrükdə bütün sahələrdə leqallaşma olsa təbii ki, bəzi sahələrdə bu qiymətlərin ucuzlaşmasına səbəb olacaq. Ancaq bəzi materiallarda isə bahalaşmaya səbəb olacaq”.
Azərbaycan bazarlarının xarakterik xüsusiyyətlərindən biri də odur ki, bahalaşma üçün kiçik bir səbəb olanda qiymətlər dərhal qaldırılır. Lakin malların ucuzlaşması üçün iqtisadi əsas yarananda biz eyni operativ davranışların şahidi olmuruq.
Azərbaycan bazarının bu xarakterini dəyərləndirən iqtisadçı ekspert bildirdi ki, satıcıların bu davranışı haqlı olmasa da, anlaşılandır: “Mən satıcılara haqq qazandırmıram, lakin onların bu davranışını başa düşmək olar. Ölkədəki vəziyyət budur ki, manatın taleyi bəlli deyil. Manatın yenidən dəyərdən düşməsi ehtimalının yüksək olduğu bir şəraitdə iş adamları gəlirlərini sığortalamağa çalışırlar və risk marjını da qiymətin üzərinə qoyurlar. Gələcəkdə baş verəcək devalvasiyadan bu yolla qorunmağa çalışırlar. Mən demirəm ki, bu doğrudur. Ancaq biznesin davranış qaydalarına uyğundur”.
N.Cəfərli onu da qeyd etdi ki, iş adamlarının bazarın tələblərinə cavab verməməsinin ən önəmli səbəbi rəqabətli mühitin olmamasıdır: “Ona görə bazarda qiymətlərdə çox ciddi pərakəndəlik var. Satıcılar köhnə malları da yeni qiymətlərlə satmağa çalışırlar. Burada qanun pozuntusu və ya hər hansı kriminal yoxdur. İş adamları, sadəcə, gələcəkdə olacaq itkilərinin sığortalanması haqqında düşünürlər. Ciddi rəqabətli mühit olsa, iş adamlarının bu davranış qaydası da dəyişəcək. Rəqabətdə qalib gəlmək istəyən iş adamları qiymət siyasətini daha çevik edəcəklər və bazarın tələblərinə uyğunlaşdıracaqlar”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər