Gömrük və vergi sistemləri ASAN-laşacaqmı... |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 26-12-2015, 08:58 | Şərh sayı: (0) | Baxılıb: 276
Gömrük və vergi sistemləri ASAN-laşacaqmı...
Ekspertlər verilən son fərmanların tam olaraq həyata keçirilməsini vacib sayır...
Dövlət başçısı İlham Əliyev bir neçə gün əvvəl iqtisadiyyatın liberallaşmasına yönələn fərmanlar imzalayıb. Dövlət başçısının biznes fəaliyyətləri üçün tələb olunan lisenziyaların sayının azaldılmasını, rüsumların aşağı salınmasını, habelə lisenziyaların verilməsində tam şəffaflığın təmin edilməsini nəzərdə tutan fərmanlarının ölkənin növbəti devalvasiya şokunu yaşadığı bir vaxtda elan edilməsi bəzi ekspertlər tərəfindən müsbət addım kimi qiymətləndirilir.
Ekspert Vüqar Bayramov məsələ ilə bağlı musavat.com-a bildirib ki, bu addım dəstəklənməlidir: “Manatın dəyərsizləşməsinin nəticələrinin aradan qaldırılması üçün xarici ticarətin liberallaşmasına ehtiyac var. Xarici ticarət liberallaşmalıdır, gömrükdəki və vergidəki problemlər aradan qaldırılmalıdır. Sahibkar yalnız dövlət rusumu ilə reyestr xidməti ilə ölkədən mal aparmalı, ölkəyə mal gətirməlidir. Malların ölkəyə giriş və çıxışı ilə bağlı qadağalar olmamalıdır.
Artıq yalnız rəsmi şəkildə daxili bazarın qorunması ilə bağlı müəyyən mallara yüksək vergi və rüsumlar tətbiq edilə bilər. Amma qeyri-rəsmi şəkildə bu cür qadağalar olmamalıdır. O baxımdan ticarətdə liberallaşma Azərbaycan iqtisadiyyatında ixracat üçün olduqca həlledicidir. Xarici ticarətin liberallaşması ölkəmizdə iqtisadi islahatların davam etdirilməsi baxımından bir mühərrik rolunu oynayır.
Biz təklif edirik ki, xarici ticarətin liberallşaması, bu yöndə Gömrük Komitəsində olan xidmətlərin əhəmiyyətli hissəsinin ASAN Xidmətə verilməsi vacibdir. Sahibkar ASAN Xidmətdə ödənişini etsin, elektron qaydada məlumat gömrük orqanlarına göndərilsin. Artıq sahibkar öz malı ilə sərhədi keçəndə elektron ödəniş məlumatları gömrükdə olsun və heç bir baryer olmadan sahibkar sərhədi keçsin.
Ona görə proseslər elektronlaşmalıdır. ASAN Xidmətin rolu artırılmalıdır, bu yöndə bir çox məsələlər ASAN Xidmətə verilməlidir. Bu proseslər ASAN Xidmət vasitəsi ilə həyata keçirilməlidir. Birmənalı şəkildə neftin dünya bazarında qiyməti aşağı düşür və növbəti dövrdə də qiymət azalmaları müşahidə ediləcək. Neftin dünya bazarında qiymətindəki azalmaları qeyri-neft sektorunun ixrac qabiliyyətini artırmaq hesabına kompensasiya etmək mümkündür. Xarici ticarətin liberallaşması hesabına, süni baryerlər və monopoliyanın aradan qaldırılması hesabına qeyri-neft sektorunun ixrac imkanlarını artırmaqla ölkəyə daxil olan valyutanın həcminin çoxalmasına nail olmaq mümkündür”.
Qeyd edək ki, ekspertlərin fikrincə, indiki mürəkkəb dövrə adaptasiya edilməsinin yeganə yolu biznesin, sahibkarlıq fəaliyyətinin qarşısında dayanan müxtəlif maneələrin aradan qaldırılmasından, tamamilə liberal iqtisadi mühitin yaradılmasından keçir. Yeni iqtisadi siyasətin prioritetləri hələ bir neçə ay əvvəl Nazirlər Kabinetinin iclasında elan edilsə də, nəticələr barədə görüntü yoxdur. Prioritetlərə liberal iqtisadi mühitin yaradılması, sahibkarlıq fəaliyyətinə qarşı yönələn müxtəlif bürokratik əngəllərin aradan qaldırılması, bütün diqqətin qeyri-neft sektoruna yönəldilərək iqtisadiyyatın neftdən asılılığının ortamüddətli perspektiv üçün minimuma endirilməsi, eyni zamanda korrupsiya və büdcə vəsaitlərinin israf edilməsinə qarşı sərt mübarizə daxildir. Ekspertlər güman edirlər ki, imzalanmış son fərmanlar bu siyasətin həyata keçirilməsi istiqamətində atılmış növbəti addımlardan biridir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər