Fermerlərin əkinə marağı azalıb, çünki... |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 20-01-2016, 19:18 | Şərh sayı: (0) | Baxılıb: 265
Fermerlərin əkinə marağı azalıb, çünki...
Rəşad Həsənov: “Məhsul istehsalçılarının birbaşa bazara çıxış imkanları məhduddur”
Aqrar sahə elə bir sahədir ki, bu, xeyli dərəcədə təbiətdən asılıdır. Bəzən min bir əziyyətlə yetişdirdiyin məhsulu toplamağa macal tapmamış, təbiət öz şıltaqlığını göstərib onu məhv edə bilər. Ancaq Azərbaycan iqlimi normal olduğuna görə bu kimi hallar çox baş vermir.
Hazırkı iqtisadi krizis dönəmində bizi böhranın təzyiqindən qoruyacaq sahələrdən biri, bəlkə də birincisi də elə kənd təsərrüfatı olmalı idi. Təəssüflər olsun ki, hökumətin laqeyd münasibəti bu sahənin inkişaf etməsinə təkan verməyib. Azərbaycandan fərqli olaraq digər ölkələrdə hökumət kənd təsərrüfatının inkişafında maraqlı olur. Kəndliyə rahat şəkildə məhsul əkib-becərməsi üçün kredit ayırır. Məhsul yetişən zaman isə idxalı azaldır. Bu da həm ölkədə kənd təsərrüfatı məhsullarının bolluğuna, həm də kəndlinin buradan yüksək gəlir əldə etməsinə səbəb olur.
Azərbaycanın yarısı qədər olan Hollandiyanın kənd təsərrüfatı məhsullarının illik gəliri 100 milyard dollara yaxındır. Maraqlıdır, Azərbaycanın təbiəti, torpağı kənd təsərrüfatının inkişafını mümkün etdiyi halda niyə bu sahədə inkişaf yoxdur?
İqtisadçı ekspert Rəşad Həsənov ölkədə hökm sürən monopoliya səbəbindən kəndçinin istehsal etdiyi məhsulları son istehlakçıya çatdıra bilmədiyini dedi: “Kənd təsərrüfatı məhsullarının faktiki, son istehlak qiyməti heç bir dünya ölkələrindən geri qalmır. Son istehlak qiymətləri azərbaycanlı vətəndaşın gəlirləri prizmasından yanaşsaq və dünya ilə müqayisə aparsaq, kifayət qədər bahalı qiymətlərdir. Lakin məsələ ondadır ki, bu məhsulun istehsalçılarının birbaşa bazara çıxış imkanları kifayət qədər məhduddur.
Bu, həm daxili bazarda, həm də ixracda hiss olunur. Kəndli istehsal etdiyi məhsulları son istehlakçıya çatdıra bilmir. Bunun çoxsaylı fundamental səbəbləri var. Bu səbəblərə maliyyə imkanları, korporativ fermer təsərrüfatlarının formalaşmaması daxildir. Digər tərəfdən, daxildə, ixracda monopoliya kimi amillər son nəticədə kəndlinin zəhmətlə istehsal etdiyi məhsulu minimum qiymətlərlə, bəzi hallarda zərərlə satmasına gətirib çıxarır. Dövlət kənd təsərrüfatına müəyyən qədər qanunvericilik əsasında dəstək göstərir. Kənd təsərrüfatı vergidən azaddır, müəyyən istiqamətlərdə subsidiyalar tətbiq olunur.
Dizel yanacağının və taxıl əkinində hektara görə əlavə subsidiyalar verilməsi hökumətin əslində kənd təsərrüfatına müəyyən qədər dəstək verir kimi bir imic formalaşmasına gətirib çıxarır. Amma sonrakı proseslərin idarə olunmasında yaradılan əngəllər illərdir kənd təsərrüfatının inkişafını əngəlləyən əsas maneələrdəndir. Uzun müddətdir müzakirə olunmasına baxmayaraq hələ də Azərbaycanda kooperativ fermer təsərrüfatlarının yaradılması haqqında qanun qəbul olunmur. Biz mərkəz olaraq Azərbaycan iqtisadiyyatının ixrac potensialının qiymətləndirilməsi ilə bağlı araşdırmalar apardıq və modelləşmə zamanı ortaya çıxan nəticələr onu göstərdi ki, kənd təsərrüfatı Azərbaycanda ixrac potensialı üstün olan sektorlardandır.
Bunu biz faktiki olaraq statistikadan da müəyyən edə bilirik. Amma məsələ ondadır ki, ixracın özündə belə istehsalçı üçün əngəllər yaradılır. İxrac edilən məhsulların gömrükdən keçirilməsi üçün əlavə qeyri-rəsmi ödənişlər tələb olunur. Halbuki qanunvericiliyə görə ixrac vergidən azaddır. İlkin istehsalçının istehlak bazarlarına çıxış imkanlarının məhdudluğu nəticədə bu məhsulların dəyər-dəyməzə satılmasına və istehsalçının daha az gəlir götürməsinə, son nəticədə də növbəti dövrlərdə bu istiqamətdə təşəbbüskarlığın aşağı düşməsinə səbəb olur”.
Ekspert bu yöndə ciddi addımların atılmasının zamanının çatdığını dedi: “Zamanında hökumətin, dövlətin imkanları geniş olduğunda bu istiqamətdə, yəni qeyri-neft sektorunda müəyyən fəaliyyətlər göstərmək üçün böyük imkanlar var idi. Ancaq bu addımlar atılmadı. Bu gün neftdən asılı olan Azərbaycan sanki ipdən asılı olan Azərbaycandır. Yəni çox qısa müddətdə iflas edə bilər. Hökumət artıq bundan müəyyən dərslər çıxaracaq və qeyri-neft sektorunun inkişafı ilə bağlı qərarlar verəcək. Məsələn, yanvarın 18-də ölkə başçısı ixracın sitimullaşdırılması ilə bağlı fərman imzaladı. Bu fərmanda göstərilən atılacaq addımlardan biri isə kənd təsərrüfatı məhsullarının ixracından sonra ixracın müəyyən bir hissəsinin kompensasiya şəklində yenidən kəndliyə, ixracçıya qaytarılmasıdır.
Bu, dünyada tətbiq edilən təşviqedici mexanizmlərdən biridir. Qonşu Türkiyə də xüsusən 1980-2000-ci illər arasında bu təcrübədən geniş istifadə edərək ixrac potensialını gücləndirib. Düşünürəm ki, əgər qaydalara hansısa süni maneələr olmasa, yanlış istiqamətlər tətbiq edilməsə, yaxud icra qurumlarının maraqlarına xidmət edən fəaliyyətlər olmasa, bu, növbəti dövrlərdə kənd təsərrüfatının inkişafında müəyyən rol oynayacaq. Çünki Azərbaycan kənd təsərrüfatı məhsulları uzaq ölkələrdə bazar axtarmalı deyil. Rusiya bazarlarında kifayət qədər Azərbaycan mənşəli məhsullara ehtiyac var. Bu da kifayət edir ki, Azərbaycan öz kənd təsərrüfatını inkişaf etdirə bilsin”.
Xaricdən ölkəyə daxil olan məhsulların məhdudlaşdırılmasına gəlincə, ekspert qeyd elədi ki, bu sahədə Dövlət Gömrük Komitəsi və əvvəlcədən Azərbaycanda formalaşmış monopoliya öz işini görür: “Yəni bu məhsulların daxil olması müəyyən əllərdə cəmləşmişdi. Monopolist qiymətləri heç də yerli istehsaldan ucuz deyildi. Bu da imkan verirdi ki, Azərbaycanda kənd təsərrüfatı inkişaf etsin. Kənd təsərrüfatında ilkin kapital çatışmazlığının olması, bu sektorun az gəlirli olması, istehsal, nəqliyyat və son pərakəndə satış imkanlarının məhdudluğu bu günədək sektorun yüksək göstəricilərlə inkişafını əngəlləyən amillərdən olub”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər