Gömrük islahatları nə vəd edir? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 11-01-2016, 11:22 | Şərh sayı: (0) | Baxılıb: 283
Gömrük islahatları nə vəd edir?
İqtisadçı ekspertlər situasiyanı dəyərləndirir
İlin ilk iş günündən başlayaraq Gömrük Komitəsi ölkəyə daxil olan və ölkədən çıxarılan mal və məhsulların qəbul edilməsi, sənədləşdirilməsi, gömrük rüsumlarının ödənilməsi ilə bağlı yeni qaydaların tətbiqinə başlayıb. Gömrükdə broker xidməti ləğv edilib, rüsumların birbaşa dövlət büdcəsinə ödənilməsi təmin edilib. Bəs bu dəyişikliklər iş adamlarının fəaliyyətinə necə təsir göstərəcək? Gömrük islahatları iqtisadi inkişafa səbəb olacaqmı?
İqtisadçı ekspert Vüqar Bayramov bildirdi ki, Azərbaycanda genişmiqyasılı islahatların reallaşması birmənalı şəkildə gömrük sistemində, idxal-ixrac əməliyyatlarında aparılan islahatların səviyyəsindən asılı olacaq: “Çünki Azərbaycan ərzaq və qeyri-ərzaq məhsullarının əhəmiyyətli hissəsini idxal edən ölkədir. İdxal edən ölkə olduğu üçün gömrüyün tamamən liberallaşması, gömrük sistemində bütün ödənişlərdə, bütün prosedurlarda şəffaflıöın təmin edilməsi olduqca vacibdir. Bu, həm də iş adamlarının fəaliyyəti üçün vacibdir. Çünki bütün ödənişlər rəsmiləşmədiyi üçün iş adamları sonrakı fəaliyyətində sənədləri rəsmiləşdirə bilmir. Bu sahədə şəffaflığın təmin edilməməsi nəticə etibarilə ölkə daxilində biznesin fəaliyyətinə mənfi təsir göstərir. Bizdə olan məlumata görə, əvvəllər gömrük brokerləri kimi fəaliyyət göstərən brokerlər artıq 2016-cı ilin ilk iş günündən başlayaraq ləğv edilib. Biz bütövlükdə, gömrük sisteminin daha da liberallaşması üçün ödənişlə bağlı və digər prosedurların ”ASAN xidmət"ə verilməsinin tərəfdarıyıq. Bu, imkan verəcək ki, şəffaflığı təmin etmək mümkün olsun".
Ekspert vurğuladı ki, islahatlarda gömrük xidmətlərinin elektronlaşdırılması və “ASAN”laşması əsas hədəf olmalıdır: “Bunun reallaşması imkan verəcək ki, iş adamları mallarını sərbəst şəkildə ölkəyə gətirsinlər və sərbəst şəkildə bazara çıxartmaq imkanlarına malik olsunlar. Hazırda brokerlər ləğv edildikdən sonra gələn məlumatlar fərqlidir. Bəzi məlumatlarda prosedurların şəffaflaşdığı göstərilir, bəzi məlumatlarda isə hələlik bəzi süni baryerlərin qaldığı deyilir. Bütün hallarda gömrük sisteminin liberallaşması, prosedurların asanlaşması və süni baryerlərin aradan qaldırılması əsas hədəf olmalıdır. Azərbaycan iqtisadiyyatındakı islahatlar məhz bu hədəfə hansı səviyyədə nail olmaqdan asılı olaraq müəyyənləşəcək. Bunan nail olunsa, nəinki uzunmüddətli dövrdə, hətta qısa və orta müddətli dövrdə özünü Azərbaycan ixracatının artmasında göstərəcək”.
Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov bildirdi ki, Gömrük Komitəsi ilə əlaqədar ölkə başçısının göstərişləri var: “Ölkə başçısı inhisarçılığı aradan qaldırmaq, gömrükdə və vergi sistemində şəffaflığı artırmaqla əlaqədar tapşırıq verilib. Ancaq eyni zamanda Gömrük Komitəsində kollegiya iclası keçirilib və həmin iclasda da komitə sədri Aydın müəllim müəyyən göstərişlər verib. O cümlədən xatırlayırsınızsa, dekabr ayının sonunda Gömrük Komitəsinin sədri ilə Sərhəd Qoşunları komandanı Elçin Quliyev sərhəddə oldular, müşahidə apardılar. Bu sahədə müəyyən işlər görülüb, amma bu nə qədər şəffaf şəkildə yerinə yetirilib, söyləmək çətindir. Mənim özümün də şimal bölgəsi ilə əlaqəm var, insanlar narazıdırlar müəyyən məsələlərdə. Ancaq əsas odur ki, bu prosesdə hansısa tərpəniş oldu. Birdən birə bütün problemlər həll olunmasa da mənə elə gəlir ki, bu müsbət məqamdır və işlər davam etdiriləcək. İnhisarçiliğin aradan qaldırılması, şəffaflığın artırılması sərhəd bölgələrində insanların yaşaması üçün mal gətirib satanlara maneələrin törədilməsi hallarının qarşısını alacaq”.
Deputat da komitənin bəzi səlahiyyətlərinin “ASAN xidmət” mərkəzinə verilməsini təklif etdi: “Biz ümumiyyətlə, həm də hökumətin struktur dəyişiklikləri aparmasının tərəfdarıyıq, bu haqda təkliflər də vermişik. Həm də ümumiyyətlə, bir sıra xidmətlərin ”ASAN xidmət" mərkəzinə verilməsini təklif edirik. Bu barədə tapşırıqlar var ki, idxal-ixrac əməliyyatları liberallaşsın. Bu sahədə aşkarlıq olsa bizim kiçik və orta sahibkarlar normal işləmək imkanı qazanarlar. Gömrük Komitəsinin birləşdirilməsinə gəlincə, bu cənab prezidentin səlahiyyətində olan məsələdir. Bu sahədə çoxsaylı struktur dəyişiklikləri aparılmalıdır. Yeni qurumların üzərində o öhdəlik qoyulmalıdır ki, belə kəskin vəziyyətdə insanlar o qədər də əziyyət çəkməsinlər".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər