Neft 20 dollar olsa, Putin gedəcəkmi... |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 23-01-2016, 18:30 | Şərh sayı: (0) | Baxılıb: 247
Neft 20 dollar olsa, Putin gedəcəkmi...
Şimal qonşumuzu nələr gözləyir; valyuta ehtiyatları 510 milyard dollardan 370 milyarda enən, yoxsulluğun səviyyəsi 2 faiz çoxalan, 22 milyon adam yaşayış minimumundan aşağı həddə yaşayan Rusiya ilə bağlı ilginc proqnozlar
LUKoil şirkətinin prezidenti Vahid Ələkbərov “Rossiya 24" telekanalına verdiyi müsahibədə bildirib ki, neftin 1 barrelinin qiyməti 24 dollara düşəcəyi təqdirdə Rusiyada neft hasilatı sahəsində bir çox layihələr bağlana bilər. Şirkət rəhbərinin sözlərinə görə, 24 dollar ən aşağı mümkün olan həddir: “Analitika göstərir ki, bu həddən aşağı qiymət hətta fəaliyyətdə olan bir çox layihələrin dayandırılması deməkdir”. (Virtualaz.org)
Təyyarə böhranına görə Türkiyəyə qarşı sanksiya qərarları verən Rusiyanın özü də sərt təpkilərlə üz-üzə qalıb. Ancaq bu sanksiyaların təməli Krımın ilhaqından sonra qoyulub və Suriyaya hərbi müdaxilə qərarı ilə Putin ölkəsini beynəlxalq aləm qarşısında təklənmiş duruma salıb.
“Neftin qiyməti üç il bu şəkildə qalarsa, Rusiya tarixə qarışacaq”. Bunu isə Postsənayeləşmə Dövrünün Araşdırılması Mərkəzinin rəhbəri Vladislav İnozemtsev deyib. Neftin qiymətinin düşməsi ölkəni iflasa aparır. İqtisadiyyatçılar proqnozlaşdırırlar ki, Rusiyanın xəzinəsi 2017-ci ilin ortalarına boşalacaq. Beynəlxalq ehtiyatlar 510 milyard dollardan 370 milyarda enib. 2010-cu illərin əvvəlindəki 4%-lik artım tempi 1%-ə qədər düşüb. Yoxsulluğun səviyyəsi 2% çoxalıb. 22 milyon adam yaşayış minimumundan aşağı həddə yaşayır. Maliyyə naziri Anton Siluanovun sözlərinə görə, iki ildən az bir müddət üçün ehtiyat qalıb. Türkiyə mətbuatı yazır ki, neftin qiymətinin 30 dollara düşməsi ilə milli büdcəsinin 65 %-ini neft və qaz hesabına təmin edən Rusiyanın ciddi çətinklikləri meydana çıxıb. Neftin ucuzlaşması davam etsə, ölkənin müflisləşməsi qaçılmaz olacaq.
Məşhur amerikalı maliyyəçi Corc Soros dünya iqtisadiyyatındakı vəziyyəti şərh edərkən sensasion fikirlər səsləndirib.
Ölkə.az-ın məlumatına görə, Corc Soros Rusiyanın gələcəyini proqnozlaşdırıb.
“Rusiyanın vəziyyəti hazırda çox ağırdır. Amma valyuta və qızıl ehtiyatları hələ var. Bu ehtiyatların tam tükənməsi üçün 2 ilə yaxın vaxt lazımdır. 2 ildən sonra Rusiya bütün rezervlərini xərcləyərək iflic iqtisadiyyatı və ac əhalisi ilə baş-başa qalacaq”, deyə Corc Soros bildirib.
Belə bir situasiya Putin hakimiyyətinin taleyinin necə olacağı barədə sualları aktuallaşdırır. Bu cür davam edərsə, hətta Rusiyada “saray çevrilişi”nin baş verə biləcəyindən də danışılır. Son günlər ölkədə etirazlar da baş qaldırıb.
Politoloq Şahin Cəfərli “Yeni Müsavat”a bildirdi ki, Putinin vaxtından əvvəl hakimiyyətdən gedəcəyinə inanmır: “Lakin iqtisadi kollaps durumunun yaranacağı, ölkə daxilində sosial gərginliyin güclənəcəyi və Qərblə münasibətlərin dalana dirənəcəyi təqdirdə onun növbəti seçkilərdə namizədliyini vermək fikrindən daşına biləcəyi istisna deyil”. Rusiyanın çöküşü ilə bağlı proqnozlara gəldikdə, ekspert bunları bildirdi: “Əvvəlcə "çökmək" deyəndə konkret nələrin nəzərdə tutulduğunu, bu kəlmənin hansı mənanı ehtiva etdiyini aydınlaşdırmaq lazımdır. İqtisadiyyat nəzərdə tutulursa, hələlik Rusiya iqtisadiyyatının tam çökməsindən yox, böhranın dərinləşərək davam etməsindən danışmaq daha doğru olardı. İstehsalın həcminin aşağı düşməsi, resessiya, inflyasiyanın yüksəlməsi, milli valyutanın sürətlə dəyərini itirməsi, ölkədən kapital axını, əhalinin gəlirlərinin azalması və digər neqativ iqtisadi göstəricilər ciddi iqtisadi böhrandan xəbər verir. Lakin hələlik Rusiyanın 368 milyard dollar həcmində qızıl-valyuta ehtiyatları qalır və Mərkəzi Bank rublun kursunu sabit saxlamaq üçün bu ehtiyatları sərf etməyə tələsmir. Hətta prezident Putin devalvasiyanın yeni imkanlar açdığını bildirib". Politoloq hesab edir ki, əgər valyuta ehtiyatları tükənərsə və neftin qiyməti hazırkı aşağı həddə qalarsa, onda Rusiyanın iqtisadi çöküşündən danışa bilərik: “Rusiyadakı durumun özəlliyi ondadır ki, cəmiyyətdə passionarlıq səviyyəsi çox aşağıdır, bu səbəbdən hələlik sosial gərginlik müşahidə olunmur və Kremli arxayınlaşdıran əsas amil də budur. İnsanlar təbii ki, öz sosial vəziyyətindən məmnun deyil, lakin bu narazılıq hələlik məişət səviyyəsindədir və bu yaxınlarda ağır yük avtomobilləri sürücülərinin etirazını nəzərə almasaq, ciddi etiraz aksiyalarına çevrilmir. Televiziyalarda aparılan total təbliğat, Krımın Rusiyaya birləşdirilməsi nəticəsində ölkədə patriotik-millətçi əhval-ruhiyyənin güclənməsi, Ukraynanın şərqində "faşizmə qarşı mübarizə" və “rusdilli əhalinin müdafiəsi” hekayəsinin uydurulması və əhalinin buna inandırılması, son olaraq Suriyada hərbi əməliyyatlara başlayaraq Rusiyanın “super güc” qismində dünya məsələlərinin həllində iştirakı barədə təsəvvür yaradılması daxili auditoriyaya ciddi təsir göstərib. Əhali bir növ, zombiləşdirilib və reallıq hissini itirib".
Ş.Cəfərli xatırlatdı ki, Putinin reytinqi çox yüksəkdir, alternativ isə yoxdur: “Çökmək siyasi mənada nəzərdə tutulursa, burada indikator kimi ilk növbədə Ukrayna məsələsini götürmək lazımdır. Hazırda Qərb-Rusiya münasibətlərində konfrontasiyaya səbəb olan əsas faktor məhz Krım və Donbas problemləridir. Putinin bu məsələdə ciddi güzəştlərə getməsi və Donbas probleminin həllinə şərait yaratması "Rusiyanın çökməsi" kimi - geri çəkilməsi mənasında -dəyərləndirilə bilərdi. Hazırda Putin vəziyyətdən çıxış yolları axtarır və addımlar atır. Kremlin son vaxtlar apardığı - ən azı, zahirən - sülhsevər siyasət və Putinin Dövlət Dumasının sabiq sədri Boris Qrızlov kimi yüksək səviyyəli dövlət adamını Donbas problemi üzrə üçtərəfli təmas qrupunda öz nümayəndəsi təyin etməsi diqqət çəkir. Bu siyasət Donbas məsələsi ilə əlaqədar tətbiq olunan sanksiyaların ləğvinə və bunun nəticəsində Qərbin maliyyə institutlarından vəsait cəlb etməyə yönəlib. Lakin Minsk razılaşmaları tam yerinə yetirilmədən, xüsusən Ukrayna-Rusiya sərhədinin separatçıların nəzarətindəki 400 km-lik hissəsi Kiyevin nəzarətinə qaytarılmadan bu problemin həllindən danışmaq mümkün olmayacaq. Rusiya hakimiyyəti Ukrayna məsələsində o qədər dərinə gedib ki, indi ciddi güzəştlərə razılaşaraq oradan çıxması xeyli çətinləşib. Çünki bu güzəştləri daxili ictimaiyyətə izah etmək lazım gələcək, Rusiya cəmiyyəti isə nə qədər passiv olsa da, istər-istəməz “biz Ukraynada nə əldə etdik” sualını verəcək. Güzəştə getməmək və mövcud durumu davam etdirmək, hətta hərbi əməliyyatların bərpasına rəvac vermək də Rusiyaya heç nə qazandırmayacaq, əksinə, sanksiyalar qüvvədə qalacaq, hətta yeniləri tətbiq olunacaq və Qərblə qarşıdurma davam edəcək.
Ukrayna məsələsində Putinin şahmat termini ilə desək, “suqsvanq” vəziyyətində olduğunu düşünürəm, yəni hansı addımı atsa, özünə ziyan vuracaq". Ekspert qeyd etdi ki, Rusiyanın çökməsindən danışanda onun SSRİ kimi dağıla biləcəyini nəzərdə tutanlar da var ki, bunlar şişirdilmiş fikirlərdir: “Belə bir ehtimal yoxdur. Lakin Putin Qorbaçovun ”perestroyka"sına bənzər şəkildə dövlət siyasətində radikal dəyişikliyə gedərsə və Qərblə anlaşarsa, bunu siyasi mənada çöküş kimi qiymətləndirmək olar. Lakin bu ehtimal da azdır. Güman edirəm ki, Putin mövcud siyasi kursunu müəyyən korrektlərlə növbəti prezident seçkilərinə qədər davam etdirməyi düşünür. Bir müddət sonra Putinin 2018-ci ildəki seçkilərdə iştirak edib-etməyəcəyi məsələsi gündəmə gələcək və bu amil Rusiyanın vəziyyətinə birbaşa təsir edəcək. Putin seçkidə iştirak etməsə, Rusiyada və Rusiya ətrafında yeni bir vəziyyət yaranacaq və yeni bir mərhələnin startı verilmiş olacaq. Bu, həm də Putin Rusiyasının siyasi mənada çöküşü demək olacaq. Putinin seçkidə iştirakı isə, kardinal siyasi kurs dəyişikliyi baş verməyəcəyi təqdirdə, gərginliyin və qeyri-müəyyənliyin davam etməsi mənasına gələcək".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər