Neft antirekorda doğru-20 dollar ola bilər |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 13-01-2016, 14:34 | Şərh sayı: (0) | Baxılıb: 331
Neft antirekorda doğru-20 dollar ola bilər
Bəzi ekspertlər neftin qiymətinin hətta 12-13 dollara qədər ucuzlaşacağını bildirib
Neftin qiyməti üzüaşağı getməkdədir. Hər gün ucuzlaşan neft barədə proqnozlar da nikbin deyil. Yanvarın 11-də Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 1,19 dollar, yaxud 3,5 faiz ucuzlaşıb. “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 32,81 dollara bərabərdir. Xatırladaq ki, “Azeri LT CIF” kodirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Ekspert Fikrət Yusifov musavat.com-a açıqlamasında qeyd edib ki, əslində ABŞ-ın uzun illər bundan öncə düşündüyü bir proqram reallaşdırılır: “Proqram mərhələlərlə hər kəsin gözü qarşısında reallaşdırıldığından böyük gücün niyyətinin nədən ibarət olduğunu da hər kəs çox aydın şəkildə görə bilir. Daha doğrusu, Amerika Birləşmiş Ştatları neftin qiymətləri ilə bağlı qarşıya qoyduğu məqsədi çox sadə və çox şəffaf bir şəkildə addım-addım reallaşdırır. Bu gün Yaxın Şərqdə neftin bir bareli 4-5 dollara başa gələn iki böyük neft hasilatçısı- Səudiyyə Ərəbistanı və İran ABŞ-ın neft qiymətləri üçün müəyyən etdiyi strategiyanın reallaşdırılmasında başlıca oyunçulardır. Siyasət meydanında dostlar olmur, çünki bu meydanda dostluqdan əvvəl maraqlar dayanır. Rusiya beynəlxalq birliyin təzyiqlərinə baxmayaraq, uzun illər iqtisadi sanksiyalarla üz-üzə qalmış İrana hərtərəfli dəstək verən bəlkə də yeganə ölkələrdən biri olub. Bəs İran bunun qarşılığını necə verdi? Bu gün Rusiya neftin dünya bazarlarında qiymətlərinin aşağı düşməsi səbəbindən iqtisadi sarsıntılar keçirsə də, İran neftin satışına 40 ildən çox qoyulan sanksiyalar götürülən kimi neftin qiymətlərinin 20 dollardan da aşağı düşəcəyi bir şəraitdə onun hasilatını və satışını artıracağını bəyan etdi. Bunu İranın Rusiyaya xəyanəti kimi dəyərləndirmək lazım deyil. Bu, sadəcə olaraq, ölkəsinin iqtisadi maraqlarına yaşıl işıq yandıran gücün atdığı addıma İranın cavabıdır. İranla bağlı bu məsələni bir qədər geniş açmaqla onu demək istəyirik ki, əgər ABŞ Rusiyaya yönəlik addımlarının reallaşdırılması yolunda onilliklər boyu düşmənçilik etdiyi bir tərəflə- İranla ”dostliq" etməyə qol qoyursa, deməli, onun bu yoldan geriyə dönüşü gözlənilən deyil. Ali məqsəd neftin qiymətlərini ən azı 20 dollar həddinə qədər aşağı salmaq və bu yolla da Rusiya iqtisadiyyatını çökdürməkdən ibarətdir. Bunun üçün isə ABŞ-n əlində təkcə OPEK-ə de-fakto rəhbərlik edən Səudiyyə Ərəbistanı və neft ixracına “hə” demiş İran kimi oyunçular deyil, ABŞ-ın özündə maya dəyəri 20 dollara qədər ucuzlaşmış şist neft hasilatı var. Ona görə də ABŞ bugünlərdə öz ölkəsindən neftin ixracına 40 il öncə qoyulmuş qadağanı aradan götürdü. Yuxarıda sadalanan bütün bu səbəblərdən yaxın gələcəkdə neftin qiymətlərində azalmadan başqa nə isə gözləmək real görünmür".
Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban isə bildirir ki, artıq dünya təcrübəsi də münaqişələrin neftin qiymətinə təsir edə bilmədiyini göstərir: “Neftin ucuzlaşmasında katalizator rolunu oynayan bir nömrəli amil dünya iqtisadiyyatı ilə bağlı gələn xəbərlərdir. Çin iqtisadiyyatının neqativ göstəricilərlə bağlı açıqlamaları da təsir edir. Ölkələrin iqtisadi göstəriciləri də qiymətlərə təsir edir. 2015-ci ilin 4-cü rübünün yekunları ilə bağlı ölkələrin yanvarın sonunda verəcəyi açıqlamalar neftin qiymətinə təsir edəcək. Bu açıqlamalardan sonra neftin qiyməti 30 dollardan da aşağı düşə bilər”.
Qeyd edək ki, bir neçə gün əvvəl sabiq maliyyə naziri Saleh Məmmədov neftin qiymətinin 12-13 dollara qədər ucuzlaşacağını bildirib. Onun sözlərinə görə, Azərbaycan bu prosesdən çıxması üçün xeyli gecikib. “Bu vəziyyət Rusiya ilə Ukrayna münasibətləri korlanandan və Rusiyadakı vəziyyət gərginləşəndən sonra başlayıb. Biz isə hələlik gözləmə mövqeyi tutmuşuq və bəzi tədbirlərlə keçinirik. Belə bir vəziyyətdən çıxmaq Azərbaycan üçün çətin olacaq. Çox ciddi islahat tədbirləri görülməlidir ki, vəziyyətdən daha az zərərlə çıxıb, ölkənin iqtisadi inkişaf tempini inkişaf etdirəsən”.
Yanvarın ortalarında 1 barel neftin qiymətinin 30 dollar olacağı vurğulanır. Bu barədə "UBS Group AG" Çin holdinqi olan “Nomura Holdings Inc” xəbər verib. "UBS Group AG"nin məlumatına görə, ABŞ-ın Nyu-York birjasında neftin qiymətləri son 12 ilin ən aşağı həddinə düşüb. Analoji göstərici Çində də qeydə alınıb və Çin bazarı yanvarın 17-dən sonra 1 barel neftin 30 dollara düşəcəyini proqnozlaşdırıb.
Neft 2015-ci ildə böyük itkilərə məruz qalıb. Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) faktiki olaraq qlobal itkilərin fonunda hasilatı artırmaqdan imtina edib. Enerji İnformasiyaları İdarəsinin (Energy Information Administration) məlumatına görə, Oklahoma ştatındakı Kuşinq yataqlarından ABŞ-ın satış məntəqələrinə çatdırılan neftin həcmini bütün ölkə üzrə rekord həddə çatdırıb. Bütün ölkə üzrə ehtiyatlar beş illik ortalama rəqəmlərə əsasən 100 milyon bareldir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər