Mərkəzi Bankda nə qədər valyuta var? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 3-12-2015, 13:33 | Şərh sayı: (0) | Baxılıb: 451
Mərkəzi Bankda nə qədər valyuta var?
Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları kəskin şəkildə azalıb. AMB-nin məlumatına görə, ötən ay valyuta ehtiyatları oktyabr ayına nisbətən 590 milyon dollar azalaraq, 6.2 milyard dollara düşüb. Bununla Mərkəzi Bankın ehtiyatlarının həcmi 2010-cu ilin həddinə düşüb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə itkilər isə 8.7 milyard dollar təşkil edir.
Ixlas.Az xəbər verir ki, "Bizim Yol" qəzeti yazır ki, dövriyyədəki nağd pulların da həcmində azalma müşahidə edilir. Belə ki, noyabrda pul bazası 6.7 milyard manat olub ki, bu da oktyabr ayı ilə müqayisədə 325 milyon manat azdır. İlin əvvəlində isə, pul bazasının həcmi 10.5 milyard manat olub.
Azalmanın səbəblərinə gəlincə, ekspertlər bunu bir neçə amillə əlaqələndirirlər.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Rövşən Ağayevin sözlərinə görə, Azərbaycanın cari hesablar balansında müsbət saldo qeydə alınır. Belə vəziyyətdə valyuta ehtiyatlarının əriməsi davam edirsə, ehtimal olunan bir mühüm səbəb var: ölkədən kapital qaçışı: "Çox güman ki, hakimiyyət daxilində baş verənlər və biznes çevrələrinin özünü riskdə hiss etməsi ölkədən kapital qaçışını sürətləndirib.
Bir məsələ dəqiqdir ki, valyutaya çevriləcək likvid manat kütləsinin həcmi çox deyil, burada əsas rolu dollara çevrilərək qaçan əmlak kütləsi oynadığını ehtimal etmək mümkündür. Sonuncu dəfə Mərkəzi Bankın valyuta ehtiyatları 5 il öncə - 2010-cu ilin sonlarında bu səviyyədə olub".
Digər iqtisadçı-ekspert Samir Əliyev isə "Bizim Yol"a açıqlamasında bildirdi ki, ötən aydan başlayaraq dünya bazarında dolların möhkəmlənməsi baş verir: "Noyabrdan başlayaraq, Amerikada müsbət statistik məlumatlar səslənməyə başladı. Eyni zamanda, FED dekabrda uçot dərəcələrinin artırıla biləcəyini bəyan etdi. Bunun da əsas səbəbi iqtisadiyyatda yaranmış müsbət dönüşlərdir. İnflyasiya səviyyəsi arzuolunan səviyyəyə çatıb, işsizlik aşağı düşüb, iqtisadi artım var. Bu məqamlar bazara təsir göstərməyə başladı və dollar bahalaşdı".
S.Əliyevə görə, əsas məqamlardan biri də avro ətrafında gedən proseslərdir: "Avropa Mərkəzi Bankı bildirdi ki, kəmiyyət yumşaldılması proqramını davam etdirmək istəyirik. Onlar hər ay 60 milyard avro pul buraxırlar. Bunu daha da genişləndirmək niyyətlərini açıqladılar. Bu da avroya neqativ təsir göstərdi. Eyni zamanda bu iki fikrin səslənməsi dolların möhkəmlənməsinə səbəb oldu. Nəticədə dünyada əsas valyutalar ucuzlaşmağa başladı. Əlbəttə, Azərbaycan manatı da gedən proseslərdən kənarda qala bilmədi. Ötən ay valyutadəyişmə məntəqələrindən dollar alışı əvvəlki dövrlərlə müqayisədə artmağa başladı. Tələbatın birdən-birə artması Mərkəzi Bankı öz valyuta ehtiyatlarını bazara yönəltməyə məcbur etdi. İntervensiya nəticəsində valyuta ehtiyatlarının həcmi 590 milyon dollar azalıb".
İqtisadçının fikrincə, Mərkəzi Bank ehtiyatlarının azalmasının əsas səbəblərindən biri ölkədən kapital axınıdır. Bu amil manat üçün ən böyük təzyiqlərdən biridir.
Yeri gəlmişkən, dekabrın 18-də ABŞ-ın Mərkəzi Bankının (FED) faiz dərəcələrini artırması gözlənilir. Belə olan halda, dolların növbəti mərhələdə bahalaşması baş verə bilər və bu da manata qarşı təzyiq təhlükəsini yaradır. Bəs Azərbaycan Mərkəzi Bankı bu prosesə hazırdırmı?
S.Əliyevin sözlərinə görə, FED faiz dərəcələrini artırarsa, bu, bütün valyutalara təsir göstərəcək: "Eyni zamanda, neftin qiyməti də ucuzlaşacaq. Bir tərəfdən dolların bahalaşması, başqa tərəfdən neftin ucuzlaşması valyuta ehtiyatlarına neqativ təsir edəcək. İndi onsuz da manata təzyiqlər mövcuddur və Mərkəzi Bank həm özünün, həm də Neft Fondunun valyutaları hesabına bazarı dollarla təmin edir. Amma düşünürəm ki, bunu uzunmüddətli davam etdirmək mümkün olmayacaq.
Valyuta ehtiyatlarının azalması tendensiyanın artıq "qırmızı xətt"ə yaxınlaşdığını göstərir. Çox güman ki, 6 milyard, uzağı 5 milyard dollar Mərkəzi Bank üçün son həddir. Bu baxımdan manatın devalvasiyası gündəmə gələ bilər".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər