Türkiyə də uduzur, Rusiya da... |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 4-12-2015, 11:07 | Şərh sayı: (0) | Baxılıb: 463
Türkiyə də uduzur, Rusiya da...
Təyyarə hadisəsindən sonra Rusiya ilə Türkiyə arasında yaranmış gərginlikdən nə Rusiya xeyir görəcək, nə də Türkiyə. Hər iki ölkə bu proseslərdən ciddi ziyan görəcək.
Bunu Milli.Az-a Türkiyə-Rusiya münasibətlərinin gedişini şərh edən təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert, "Baku Network" ekspert qrupunun rəhbəri, politoloq Elxan Ələsgərov deyib.
Ekspert qeyd edib ki, Rusiya-Türkiyə münasibətlərində gərginlik Türkiyə-Suriya sərhədində Rusiyaya məxsus SU-24 təyyarəsinin vurulması ilə başladı. Ona qədər isə münasibətlər çox yüksək səviyyədə idi. Hazırda isə təyyarənin vurulması ilə bağlı hər iki tərəf öz mövqeyini bildirir və heç biri də geriyə addım atmır: "Əslində, təyyarənin vurulması hadisəsi çox ciddi məsələdir və bütün dünya Rusiyadan dərhal adekvat cavab gözləyirdi. Amma Rusiya haqlı olaraq hərbi yola əl atmadı. Putin bu gün də bildirib ki, Rusiya cavabı başqa sahələrdə verəcək. Yəni Rusiya hərbi yola üstünlük verməyəcək, ona görə də iqtisadi sanksiyalara əl atdı. Bu, nisbətən müsbət haldır. Yəni hadisələr isti-isti olanda rəsmi Moskva da emosional olaraq nəsə edə bilərdi. Rusiya isə böyük silahlı qüvvələrə malik ölkədir. Ona görə də mən Rusiyanın hərbi yox, iqtisadi yola üstünlük verməsini nisbətən müsbət qiymətləndirirəm. Əlbəttə ki, iqtisadi sahədə, xüsusən də turizmlə bağlı sanksiyalar Türkiyə üçün zərbədir, amma bu, heç də sarsıdıcı deyil. Çünki Türkiyəyə turistlər başqa ölkələrdən də gələ bilər. Bildiyimə görə Qətər Türkiyəyə maddi yardım da göstərir. Ümumilikdə Türkiyə bu məsələdən ziyan çəkəcək, o mənada ki, Rusiya müəyyən iqtisadi sanksiyalar tətbiq edəcək. Amma fikrimcə, bu məsələdə hər iki tərəf uduzur. Paradoksal haldır, amma təyyarənin vurulması hər iki ölkəyə ciddi ziyan vurur. Məsələn, Rusiyada Türkiyənin böyük şirkətləri tikinti işləri aparırdı. İndi onlar yarımçıq qalacaq. Öz növbəsində, Türkiyə də itkilər verir. Hesabatlara görə, Rusiyadan turistlər gəlməsə, Türkiyə ildə 6 milyard dollar ziyana düşəcək. O cümlədən türklər ixracatda, kənd təsərrüfatı mallarının satışında da böyük maddi itkilərə məruz qalacaq".
Bununla belə politoloq hesab edir ki, münasibətlərin yenidən yaxşılaşacağı ehtimalı istisna edilə bilməz: "Rusiya və Türkiyənin xarici işlər nazirləri arasında görüş gözlənilir. Təyyarə hadisəsindən sonra bu, Lavrovla Çavuşoğlunun ilk rəsmi görüşü olacaq və bu, çox müsbət haldır. Məhz bu görüşdən sonra münasibətlərin hansı istiqamətdə inkişaf edəcəyini bilmək olar. Çünki iqtisadi münasibətləri yenidən bərpa etmək mümkündür. Lakin bunun üçün siyasi uzlaşma lazımdır".
İlkin İzzət
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər