Rəsmi Bakının Türkiyə ilə Rusiya arasında vasitəçilik təklifi niyə qəbul edilmədi... |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 12-01-2016, 09:21 | Şərh sayı: (0) | Baxılıb: 185
Rəsmi Bakının Türkiyə ilə Rusiya arasında vasitəçilik təklifi niyə qəbul edilmədi...
Ekspert: “Türkiyə-Rusiya münasibətlərində geriyə yol görünmür”
“Keçən il Rusiya və Türkiyə münasibətləri gərginləşib. Hər iki ölkə Azərbaycanla yaxın qonşudur və vəziyyət arzuedilən deyil”. Bu fikirləri Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin iclasında deyib.
Xatırladaq ki, iki ölkə arasında təyyarə qalmaqalının yaşanmasının ardından dövlət başçısı İlham Əliyev münasibətlərin normallaşması üçün Azərbayanın vasitəçiliyə hazır olduğunu bildirmişdi. Lakin bu təklif qonşu dövlətlər tərəfindən dəyərləndirilmədi. Hazırda münasibətlər kəskinləşməkdə davm edir və Rusiya tərəfi aqressiyasını nümayiş etdirmək üçün hər cür yola əl atır.
Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, artıq iki dövlət arasında münasibətlərin düzəlməsi çətin görünür: “Münasibətlər kəskinləşəndən sonra Türkiyə baş naziri Əhməd Davudoğlu Bakıya səfər etdi və bu zaman dövlət başçısı İlham Əliyev o məlum fikri səsləndirdi ki, Azərbaycan iki ölkə arasında vasitəçi ola bilər. Lakin təəssüf ki, Rusiya bu təklifə isti yanaşmadı. Türkiyə tərəfi isə Azərbaycanın vasitəçiliyini qəbul edirdi”.
E.Şahinoğlu onu da vurğuladı ki, artıq vasitəçilik təklif etmək üçün gecdir: “Rusiya münasibətləri gərginləşdirən o qədər addım atdı ki, artıq vasitəçi də bir şey edə bilməz. İlham Əliyevin çıxışında o məqam var idi ki, Rusiya-Türkiyə münasibətlərinin korlanması Azərbaycanı narahat edir. Çünki hər iki dövlətlə normal münasibətlərimiz var. Əslində Rusiya ilə qonşuluq münasibətlərimiz varsa, Türkiyə Azərbaycanın müttəfiqidir. İlham Əliyev bu fikri Əhməd Davudoğlu ilə görüşdə açıq-aşkar dedi ki, Azərbaycan Türkiyənin yanındadır, Türkiyəni dəstəkləyir və dəstəkləyəcək. Bu isə o deməkdir ki, Azərbaycan Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsində öz seçimini edib. Düzdür, Azərbaycan Rusiya ilə münasibətlərin korlanmasını istəmir, ancaq Türkiyəyə dəstəkdən də əl çəkməyəcək”.
Putinin yürütdüyü aqressiv siyasətin səbəbində gəlincə, E. Şahinoğlu qeyd etdi ki, Rusiya Türkiyədən çox ciddi bir sillə aldı və bunun intiqamını almağa çalışır: “Rusiya təyyarəsinin vurulması Putinin planlarına zidd idi. Putin Amerikaya, Avropaya meydan oxuduğu bir vaxtda Türkiyədən öz düşüncəsinə görə zərbə aldı. Amma Putin onu düşünmədi ki, Suriyaya müdaxilə edəndə, Türkiyə sərhədini pozanda bunun bir cavabı olmalı idi. Putin düşünürdü ki, Türkiyə bunu həzm edəcək. Ancaq Türkiyə böyük dövlətdir, regionda öz maraqları var və Ərdoğan da haqlı olaraq bugünlərdə Putinə deyib ki, siz guya legitim olmayan Suriya hökumətinin dəvəti ilə gəlib orada İŞİD mövqelərini bombalayırsınız. Ancaq İŞİD mövqeləri bombalanmır, başqa dinc sakinlərin mövqeləri bombalanır. Bir də əgər hər ölkənin dəvəti ilə gedirdinizsə, nə Gürcüstan ordusu, nə də Ukrayna ordusu Rusiyanı çağırmamışdı. Lakin Putin oraya müdaxilə etdi. Putinin bugünki siyasəti elədir ki, heç kimlə hesablaşmamaq, ancaq öz bildiyini həyata keçirmək və nəticələri ilə də üzləşmək.
Təsəvvür edin ki, Rusiya Ukraynanın işğalına görə böyük sanksiyalarla üz-üzə qalıb. Neftin qiymətinin düşməsi də əslində əsas səbəbi Krımın ilhaqıdır. Amerika o planı işə saldı ki, Rusiyanı zəiflətmək üçün mütləq neftin qiymətləri aşağı salınmalıdır. İlham Əliyev də vurğulayır ki, bunun siyasi səbəbələri var və bundan da biz əziyyət çəkirik. Ölkə başçısı ad çəkməsə də Amerika ilə Rusiya arasında gedən rəqabəti deyir. Bunun səbəbi isə Rusiyanın Ukraynaya medaxiləsi və Krımın işğalıdır. Əgər bunlar olmasaydı, bəlkə də neftin qiyməti indi 100-120 dollar idi və biz də bugünkü təlatümlərlə üzləşməzdik".
musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər