Mədət Quliyev: "Bu aksiyaların manatın devalvasiyası ilə əlaqəsi yoxdur" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 19-01-2016, 21:31 | Şərh sayı: (0) | Baxılıb: 296
Mədət Quliyev: "Bu aksiyaların manatın devalvasiyası ilə əlaqəsi yoxdur"
Yanvarın 19-da dövlət rəsmilərindən bəziləri Şəhidlər Xiyabanını ziyarət ediblər. Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bu gün bir neçə dəfə Şəhidlər Xiyabanına baş çəkib. Hazırlıqlarla maraqlanıb.
Musavat.com saytının verdiyi məlumata görə, “20 Yanvar”la bağlı anım gününə 1 gün qalsa da, Şəhidlər Xiyabanını ziyarət edənlər də az olmayıb. Anım günündə sıxlıq olacağını nəzərə alaraq, müəllimlər orta məktəb şagirdləri ilə birgə bu gün şəhidləri ziyarətə gəlmişdilər.
Şəhidlər Xiyabanını Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Mədət Quliyev də ziyarət edib. Bundan əvvəl Şəhidlər Xiyabanında olan təhlükəsizlik xidmətinin əməkdaşları onu qarşılayıblar, görülən işlər barədə qısa raport veriblər.
DTX əməkdaşları Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət ediblər. Tədbirdə şəhidlərin məzarı önünə güllər düzülüb. Daha sonra “Əbədi məşəl” abidəsinin önünə əkil qoyulub.
Bundan sonra jurnalistlərin suallarını cavablandıran Mədət Quliyev yeni yaradılan DTX (Dövlət Təhlükəsizliyi Xidməti) və XKİ (Xarici Kəşfiyyat Xidməti) haqqında danışıb: “Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılanda qarşımıza tələb qoyuldu ki, hər iki qurum müasir tələblərə cavab verməlidir. Bizə bir ay vaxt verilmişdi. Bu müddət ərzində gördüyümüz işlərlə bağlı dövlət başçısına məlumat verdik. İndi öz səlahiyyətlərimiz çərçivəsində fəaliyyətimizi davam etdiririk.
Əməkdaşların sayını 30 faizdən artıq azaltmışıq. Fikrimiz odur ki, əməkdaşlarımızın fəaliyyəti daha operativ, peşəkar və çevik olsun. İki qurum arasında çox işgüzar münasibətlər var. Bilirsiniz ki, bu qurumlar bir yerdə işləyirlər. Məlumat və fikir mübadiləsi aparılır. Həmin qurumda da kadrlarla bağlı islahatlar aparılır”.
DTX rəisi "Regionlarla bağlı prioritetiniz nə olacaq" sualına isə belə cavab verib: "Bizim fikrimiz budur ki, bu qurumun hər bir şəhərdə olmasına lüzum yoxdur. Ancaq böyük şəhərlərdə olacaq. Ətraf rayonlardan da məlumat toplayacağıq. Sadəcə, sərhədyanı rayonlarda işlərimizi daha güclü quracağıq".
M.Quliyev son günlərdə bəzi rayonlarda baş verən aksiyalarla bağlı da danışıb: "Bu aksiyaların manatın devalvasiyası ilə əlaqəsi yoxdur. Sadəcə, bəzi qurumlar, iş bacarmayan, işləmək istəməyən insanlar belə bir cəhdlər edirlər. Bəzi hallarda deyirlər ki, "Biz bankdan pul götürmüşük, onlar silinsin". Unun qiymətinin 2 manat aşağı salınması məsələsi var idi. Guya çörəyin qiyməti kimlərisə narahat edirdi. Biz bu məsələlərlə bağlı prezidentə məruzə elədik. Gördünüz ki, cənab prezident analoqu olmayan addımlar atdı və bu gün də bu addımları atmaqda davam edir. Çörəyin qiyməti bu gün dünyada olmayan bir ucuzluqdadır. Benzinin qiyməti vətəndaşların cibinə uyğundur. Standart saxlanılır. Bütün neft ölkələrində, dünya ölkələrində iqtisadi böhran var. Amma bizim dövlət başçısımız ölkəyə düzgün rəhbərlik edir. Sadəcə, biz xoşbəxtik ki, bizim belə rəhbərimiz var".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər