MTN-in ləğvindən sonra telefon danışığımız dinlənilirmi? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 26-12-2015, 08:53 | Şərh sayı: (0) | Baxılıb: 307
MTN-in ləğvindən sonra telefon danışığımız dinlənilirmi?
Ekspert: “İnanmıram ki...”
Milli Təhlükəsizlik Nazirliyi ləğv edildikdən sonra ictimaiyyətdə hələ də telefon danışıqlarının qanunsuz şəkildə dinləninməsi ilə bağlı müzakirələr davam edir. “MTN işi” aşkara çıxdığı zaman, bir hal da məlum oldu ki, keçmiş sturukturun ifşa olunan əməkdaşları, provayderlərə xüsusi qurğular quraraq müxtəlif sosial təbəqəyə aid insanlar dinləyiblər.
Bəs indi necə, dinlənirikmi?
Məsələ ilə bağlı musavat.com-a ekspert İlham İsmayıl danışıb. O bildirib ki, dinləmələr hər zaman olacaq: “Ancaq söhbət qanuni dinləmədən gedir. Qanuni dinləmələri qadağan etmək olmaz. Bu proses ”Əməliyyat-axtarış fəaliyyəti haqqında" Qanunla tənzimlənir. Sadəcə olaraq, söhbət qanunsuz dinləmələrdən gedirsə, hesab edirəm ki, bu dayandırılıb. Yuxarıda adını qeyd etdiyimiz qanunda birmənalı şəkildə göstərilir ki, provayderin mülkiyyət hüququndan asılı olmayaraq əməliyyat zamanı dinləməyə yardım etmək onların borcudur. Qanuni dinləmək hazırkı Dövlət Təhlükəsizlik Xidmətinin əlindədir. MTN-in ifşa edilən əməkdaşları qanunsuz dinləmələrə görə “yandılar”. Bu baxımdan da inanmıram ki, yeni rəhbərlik də qanunsuz kimisə dinləsin".
“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz isə provayderlərlə bağlı bəzi nüansları açıqlayıb: “”Əməliyyat-axtarış fəaliyyəti haqqında" Qanuna görə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsinə müvəkkil edilməmiş fiziki və hüquqi şəxslər tərəfindən işlənilməsi, istehsalı, satışı, alınması, ölkəyə gətirilməsi və ölkədən çıxarılması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada lisenziyalaşdırılmalıdır. Artıq qanunvericilik imkan verir ki, qanuna uyğun olaraq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti istənilən vaxt dinləmələr aparıb, informasiya əldə edə bilsinlər. Dünyada da bu proses mövcuddur. Əvvəllər bu primitiv qaydada həyata keçirilirdi. İndi qanunvericilik tələb edir ki, sistem öncədən elə qurulmalıdır ki, müvafiq qurumlar istədikləri zaman müdaxilə edib, axtarış, dinləmə həyata keçirə bilsinlər. Bu o deməkdir ki, mobil operator öz sistemini qurub, lisenziya aldığı zaman artıq onlardan bu məqam tələb olunur ki, elə sistem qurmalıdırlar ki, dinləmə üçün şərait olsun. Bunu artıq yuxarıda qeyd etdiyim qanunun maddələri tələb edir".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər