Dılğırlar və miskinlər |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 19-01-2016, 15:59 | Şərh sayı: (0) | Baxılıb: 271
Dılğırlar və miskinlər
Azərbaycan xalqının müdrik ata sözlərindən biri də quyu qazmaqla bağlıdır: “Özgəyə quyu qazan özü düşər”. YAP qurucularından biri, uzun illər rejimə sədaqətlə qulluq eləmiş Eldar Sabiroğlunun indi düşdüyü durumu həmin ata sözü gözəl təsvir edir. Eldar müəllim məhz ata olaraq bu ata sözünün zərbəsi altındadır: rejim onun oğlunu tutub zindana salıbdır. Elə bil ömrünü qoyub maşın qayırmısan, bu maşının konstruktor bürosunda işləmisən, bir gün isə o maşın öz ovladını basdalayıb.
Onun keçmiş prokurorluq işçisi olan oğlunun böyük ehtimalla günahı yoxdur. Ancaq bunu kimə deyəsən? Üstəlik, Eldar müəllim hələ də bu qazdığı quyunun vedrəsindən bərk-bərk yapışıb, ümid edir ki, rəhbərliyin bu repressiyalardan xəbəri yoxdur. Hər halda, özünü belə göstərir.
Mən bunu bir dəfə də yazmışam: əslində avtoritarizm hamını udan əjdahadır, onun xeyrini heç kim görmür. Sadəcə, bizə dəyən zərbələr ağrıtmır, çünki biz bu avtoritar baltanın sapı olmamışıq. Kim olubsa, ona qat-qat yandırıcı, öldürücüdür. Məhz bu baxımdan diqqət eləsəniz rejimin qurucuları türmədə daha tez sınırlar, bəzən intihar edirlər. Ağır haldır. Həyatını necə boş, mənasız yaşadığını anlayaraq dünyadan köçən neçə yapistin şahidləriyik: Sirus Təbrizli, Rafael Allahverdiyev, Anar Məmmədxanov...
Yeri gəlmişkən, adını çəkmək istəmirəm, son vaxtlar belə rejim qulluqçusu, nəzm düzəldənlərdən biri ölüb. (Azərbaycan xalqının bir faciəsi də elə hər çərənçiliklə qafiyə qoşana şair adı yapışdırmasıdır). Adamın bütün şüurlu həyatı mədhiyyə yazmaq, hakimiyyətə yarınmaq, bununla mənsəb və sərvət əldə etmək üstündə qurulub, ancaq indi bəziləri onu elə təsvir edirlər ki, deyərsən ölən Şekspirdir. Hətta qaz idarəsinin ömründə bir qazı kəsilənin işinə yaramayan işçisi də saz götürüb mərhumu ağlamışdır. Ağlasınlar, buna iradım yoxdur, ancaq şitini çıxarmasınlar. Ta kimsə “ölünü ya təriflə, ya da haqqında danışma” deyə bir axmaq fikir ortaya atıbsa, biz bunun ikinci hissəsini niyə unuduruq? Danışmayın. Ayıbdır. Nə qədər danışsanız da motal pendiri mosarella pendirinə çevrilə bilməz. Bunun üçün istehsal prosesi ayrı cür getməlidir.
Ötən əsrin 80-ci illərində belə bir “xalq şairi” var idi, çox qocalmışdı. Stalin repressiyaları zamanı gənc şairlərin üzünə yalandan durub onları məhv edən həmin tip öləndə kimsə çox orijinal aforizm yazmışdı: “Filankəs o qədər yaşadı ki, axırda az qala yaxşı adam olacaqdı”. Doğrudan da Azərbaycan cəmiyyətinin yaddaşı yoxdur, illər keçdikcə çox şeyləri unudur, qorxaq qəhrəmana, yaltaq cəsura, iş adamı işbaza çevrilə bilir.
Axırıncını zarafat üçün yazdım. Son günlərin populyar ifadələrindən biridir: “İşbazlar süni qiymət artımına yol verir”. Elə dünənki müşavirədə də prezident “Təxribatçılar, işbazlar, dəllallar cəzalandırılacaq” demişdir.
Etiraf edim ki, bu işbaz sözü heç vaxt leksikonumda olmayıb, o üzdən bunun mənasını (anlamını) axtardım. Sən demə, dilimizin izahlı lüğətinə görə işbaz - “özünü yalandan işgüzar göstərən adam” deməkdir. Buna görə kimisə niyə cəzalandırasan? Dövlət qulluğunda olmayan, vergilərlə maliyyələşməyən hər kəsin ixtiyarı var ki, özünü yalandan işgüzar göstərsin. Bunun başqalarına qəti dəxli, istisi-soyuğu ola bilməz.
Yaxud dəllallıq iqtisadiyyatın önəmli sahələrindən biridir. Marketinqdə maklerlərin, vasitəçilərin rolu böyükdür. Onlar satıcı ilə alıcı arasında münasibəti qurur, yeni bazarlar yaradırlar. Elə yenə izahlı lüğətə üz tutsaq dəllal - alıcı ilə satıcı arasında vasitəçilik edən şəxs deməkdir. Hər şey bir yana, indi biz ev maklerlərini də tutacağıq?
Lüğətə baxarkən rastıma bəzi sözlər çıxdı, məncə, növbəti iclaslarda bu terminlərdən yararlanmaq daha məqsədyönlü olardı. Örnək üçün, niyə belə deməyək: “Bəzi dılğırlar, miskinlər, həşəratlar devalvasiyadan sonra əhalinin cibinə girirlər”. Dılğır - lüğətə görə “heç bir işə yaramayan, vecsiz adam” deməkdir. Miskin - bacarıqsız, əlindən heç bir iş gəlməyən, aciz adama deyilir. Həşərat - dəyərsiz, zərərli adamlar mənasında işlənir. Görün nə qədər dəqiq iqtisadi mənzərə açırlar!
İndi söz bacarıqlı, dəyərli, hər işə yarayan əlaqədar təşkilatlarındır.
musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər