Selen |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 11-01-2016, 11:29 | Şərh sayı: (0) | Baxılıb: 249
Selen
Keçən ilin dekabrında devalvasiya xəbəri çıxan kimi millət başına çarə qılmaq üçün axışdı dükanlara, xeyli mal aldılar. O ərzaqları yeyib qurtarandan sonra növbəti devalvasiya baş verməli idi. Məncə iki gün qabaq dolların kəskin bahalaşması bu üzdən olmuşdur. Hər halda mən iqtisadiyyatı Elman Rüstəmovdan yaxşı bilirəm, dəqiq analizdir. Özüm də “Narxoz”u bitirmişəm. And olsun manatın əziz canına, mən ora qəbul imtahanı verəndə dövlət komissiyasının “Bu institutun adı nədir” sualına düzgün cavab taparaq konkursdan keçmişəm. Dedim Narxoz-dur, müəllim soruşdu ki, başqa hansı adlarını bilirsən. Dedim Kolxoz. Müəllim soruşdu biri də var, dedim Pulxoz, götürdü “5" yazdı. Biz belə çətinliklərlə oxumuşuq, elm yolunda canımızı fəda eləmişik, yoxsa zibil kimi gələn neft puluyla adam olmamışıq.
Yeri gəlmişkən, bizdə “Azi” adlı bir ali məktəb də var. Bunun klassik adı elənçikdir, SSRİ vaxtı dəqiq adı “Azərbaycan Neft və Kimya İnstitutu” idi, sovetlər dağılandan bəri xeyli təzə-məzə adlar qoymuşuq. Misal üçün, qabaqca adını dəyişib Azərbaycan Dövlət Neft Akademiyası qayırdılar. Hal-hazırda isə deyəsən Azərbaycan Neft və Sənaye Universitetidir. Fikrimcə, bu qədər təvazökarlıq yapist rəhbərliyimizə, onun Təhsil Nazirliyində oturan hissəsinə yaraşmır. Daha kəskin təhsil islahatı apararaq “Azi”-yə biryolluq Azərbaycan Harvard Universiteti adı qoya bilmərikmi? Narxoz da olsun Bakı Oksford Universiteti. BDU-nun adını Massaçusets Texnologiya Universitetinin Ağdam filialı qoysaq kim bizə neylər? Əvəzində təhsilimiz inkişaf edib Misir müəllimin gözündə qalmış arzusundakı standartlara - kurrikulum və Bolonyaya çatar!
Sözümün canı nədir? Əşşi, sözdə can qalar? İndiki bahaçılıq mühitində sözü yaşatmaq çox çətinləşibdir, hərflər, cümlələr hamısı ağzını açıb yemək istəyir. Özü də deyirlər biz latın qrafikasıyıq, Fransada, İtaliyada, Almaniyada, Amerikadakı hərflər kimi yaşamaq haqqımız vardır! Birtəhər yola verirəm, yoxsa hamısı qaçıb dağılışmaq, Bəxtiyar müəllimin rəhbərliyi altında “Yeni Azərbaycan” qəzetinə keçmək istəyirlər. Deyirlər orda hərflər yaxşı yaşayır, heç böhran-zad tanımırlar, ancaq yaxşı sözlərin yazılmasında, xeyir işlərdə istifadə olunurlar. Nə isə, bu günlərdə həmin “Azi”də bəzi kafedraların böhrana görə bağlanacağını oxudum. Dəhşət xəbər idi.
Təsəvvür edin, orda 47 kafedra var imiş! İndi bunun 19 dənəsini bağlayacaqlar. Bəlkə heç bayaq adını çəkdiyim, Rəsul müəllim demiş, “bədbax” Harvardda o qədər kafedra yox idi. Özü də bu kafedralar bir işə yarasalar adam yanıb tökülməzdi. Örnək üçün, götür Google-da “Azi”nin adını axtarışa ver, ancaq bu cür xəbərlər çıxacaqdır: “Rektor tələbədən rüşvət istədi”, “Tələbəni haqsız yerə məktəbdən qovdular”, “Rektor öldü, bir nəfər də rəhmət oxumadı”, “Terrorda tələbələri qırdılar”, “Universitetin professoru həccə getdi” və sairə.
Tək bu deyil, manatın devalvasiyası cürbəcür gülməşəkər strukturlarımızı ortaya çıxarmışdır. Örnək üçün, dörd-beş gün qabaq belə xəbər oxuduq: “Nazirlər Kabinetinin Azərbaycan Milli Elmlər Akademiyasının bəzi məsələləri haqqında qərarına əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının Elmi İnnovasiyalar Mərkəzi, ”Selen" Elmi İstehsalat Birliyi, Reagentlərin İşlənməsi və Xalq Təsərrüfatı üzrə İstehsalat Təcrübəli Xüsusi Konstruktor Texnoloji Bürosu və Mineral Xammalın Kompleks Emalı üzrə Təcrübə İstehsalatlı Xüsusi Konstruktor Texnoloji Bürosu ləğv edilib". Dəhşətdir. Elə bil sızanaqlı yeniyetmələr çatlaşırlar. Bəs indi bu “Selen” EİB-in neçə illərdir Ayda apardığı (selen - Ay deməkdir, bir də kimyəvi elementdir, idarənin konkret fəaliyyəti bizə məlum olmadığından fantaziya kimi yazırıq, bu nəsə sirrli işlər görürmüş) tədqiqatların axırı necə olacaq? Həmin konstruktor bürosu indiyə qədər hansı yaralı barmağa “çiş” eləməyin qurğusunu qayırıbdır? Demək neft ölməsə bunlar hələ də dövlət büdcəsinin canında oturan balaca zəlilər kimi yaşayacaqdılar. Böyük zəlilər də dözəcəkdilər.
P.S. Özüm yazıya romantik ad qoydum, dedim bəlkə bu cür oxuyasınız.
Musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər